close

Hövsan sakini işıq idarəsinin xəttini kəsdiyini deyir

Damət Rəhimov . Foto: Meydan TV

“Elektrik xəttini qoşmaq üçün 600 manat tələb edirlər”

“Suraxanı rayon işıq idarəsi mənə məxsus olan elektrik xəttimi kəsib və oğurlanıb. Bununla bağlı rayon rayon polis idarəsinə, prokurorluğa müraciət etmişəm”.

Bunu Meydan TV-yə Suraxanı rayonu, Hövsan kənd sakini Damət Rəhimov bildirib.

“Evin işıqları söndürüldü, küçədə yerləşən sayğaca baxdım ki, elektrik xətlərini söküb aparıblar. Ərazi üzrə nəzarətçidən soruşdum, dedi ki, baş idarədən gəlib xətti kəsib aparıblar. Guya əlavə xətt tutublar. Gah da deyirlər ki, borcun var. İşıq idarəsinin rəhbəri əlavə xətti bəhanə edərək abonentlərin elektrik xəttinin kəsilərək müsadirə olunmasına qərar verib”,-şikayətçi deyib.

Damət Rəhimov deyir ki, o gündən idarə rəisinin qəbuluna düşə bilmir: “İdarənin Anar adlı əməkdaşı qəbul edərək bildirdi ki, bu qərar satış şöbəsinin rəisi tərəfindən verilib. Rəis kəsilən xətlərin müsadirə olunmasını tələb edir”.

Şikayətçi onu da deyib ki, xəttin kəsilərək müsadirə olunmasının hansı qərar və ya qanunvericiliklə tənzimləndiyini soruşsa da, cavab ala bilməyib:

“Elektrik xəttini qoşmaq üçün 600 manat tələb edirlər. Müqavilə var, dövlətə pul ödəmişəm, xətt mənim əmlakım hesab edilir. Köhnədən işıq pulu borcum qalıb, tam ödəməyə imkanım çatmır, amma aylardır işlətdiyim elektrikin pulunu artıqlaması ilə ödəyirəm. Kənddə çoxunun borcu var, sexlər var ki, əlavə xətlər işlədirlər, heç onlara söz deyən yoxdur. Şikayətimə baxılmır. Mən heç bir il ərzində 600 manatlıq işıq yandırmıram. Bu pulu hardan tapıb verim, bilmirəm”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Meydan TV-yə bildirib ki, Damət Rəhimov iki ildən çoxdur borcunu ödəmir, onun 2194 manat borcu var:
“Heç olmasa borcdan ilkin olaraq 670 manat ödəsə və razılaşma protokolu imzalasa, qalan vəsait aylar üzrə bölünər və işığı verilər. Amma bu güzəşt təklifinə də razı deyil. Hər dəfə qanunsuz qoşur xətti. Ona görə də xətti kəsilib”.

Ana səhifəSosialHövsan sakini işıq idarəsinin xəttini kəsdiyini deyir