close

“Human Rights Watch” Tofiq Yaqublunun həbsini pisləyir

Tofiq Yaqublu. Foto: Meydan TV

“Elə Tofiq Yaqublunun həbsi də ölkənin tənqidi səslərini susdurmaq nümunəsidir”

“Human Rights Watch” insan hüquqları təşkilatı deyir ki, Azərbaycan hakimiyyəti müxalifət
lideri və hökumətin amansız tənqidçisi Tofiq Yaqublunu həbs etməklə tənqidi
səsləri susdurmağı hədəfləyir. O, dələduzluq və sənəd saxtalaşdırmaq ittihamları ilə həbs edilib.

Təşkilat bildirir ki, Tofiq Yaqublunun həbsi bu aralar Azərbaycanda jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan həbslər silsiləsinin sonuncusudur:

Hökuməti açıq tənqid edən 62 yaşlı Yaqublunu 2023-cü il dekabrın 14-də Bakının mərkəzində metrodan çıxarkən polis həbs edib. O, müxalif Müsavat Partiyasının, Azərbaycanda müxalifət partiyaları və fəallarından ibarət koalisiya olan Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür”.

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia deyir ki, Azərbaycan hakimiyyəti hökumət əleyhdarlarına, jurnalistlərə və digər tənqidçilərə qarşı hücumlarını hələ də davam etdirir. Elə Tofiq Yaqublunun həbsi də ölkənin tənqidi səslərini susdurmaq nümunəsidir. Dekabrın 15-də Bakının Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində sənəd saxtalaşdırmaq və dələduzluq ittihamı ilə 4 aylıq
həbs qətimkan tədbiri seçib. “Prokurorluq bu iddianı əsaslandırmaq üçün heç bir
məlumat təqdim etməyib. Tofiq Yaqublunun qaçacağını, istintaqa müdaxilə edəcəyini
iddia edərək, barəsində həbs qətimkan tədbiri seçib”.

“Human Rights Watch” təşkilatı bildirib ki, Yaqublunun əsassız iddialarla məhkəməyə qədər həbsə göndərilməsi qərarı Avropa İnsan Hüquqları Konvensiyasının tələb etdiyi əsassız həbsə qarşı standartları pozur. Dekabrın 14-də polis Tofiq Yaqublunun evində axtarış aparıb və evindən 5000 avro (5465 ABŞ dolları), 2500 Azərbaycan manatı (1500 ABŞ
dolları) tapıldığını iddia edib.

Bildirilib ki, o, başqası ilə əlbir olub, guya kiməsə Avropada sığınacaq almasından ötrü zəmin hazırlamaqda kömək etmək üçün saxta sənədlər təqdim edib.

Təşkilat bildirir ki, hökumətin bu iddiasını təsdiqləmək üçün ifadə verən şəxsin başqa siyasi motivli işlərdə də əli var. Yaqublu bütün ittihamları rədd edir və siyasi fəallığına görə
hədəfə alındığını deyir.

Гиорги Гогия Представитель Human Rights Watch в Южном Кавказе
Giorgi Gogia. Foto: “Human Rights Watch”

Təşkilat əlavə edir ki, Tofiq Yaqublunun həbsi Azərbaycanda noyabrın 20-dən bəri müxalifətçiləri, jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan ən azı 12 həbs silsiləsinin sonuncusudur. Hakimiyyət onları qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və
xuliqanlıq da daxil olmaqla müxtəlif cinayət əməllərində ittiham edib. Məhkəmələr
onlardan ən azı 11-ni ilkin dinləmələrindən sonra 4 aya qədər həbsə göndəriblər.

“Azərbaycan hökumətinin tənqidçilərə qarşı ovu onun söz azadlığına və insan hüquqlarının müdafiəsinə hörmətsizliyinin təzahürüdür”, – Gogia bildirib.

Hakimiyyət Yaqublunu dərhal azad etməli və tənqidi jurnalistlərə və müxalifət fəallarına
qarşı təzyiqlərə son qoymalıdır”
– deyə, o əlavə edib.

Ana səhifəSiyasət“Human Rights Watch” Tofiq Yaqublunun həbsini pisləyir