close

Lökbatanda: Kanalizasiyanın olmaması qışda sakinləri yolsuz qoyur

Foto: Meydan TV

“Hava pisləşən kimi məhəlləyə avtomobil qalxmır”

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivinin sakinləri bu qış da yolların təmir ediləcəyindən ümidlərini üzüblər. Xüsusilə 6-cı keçiddə yaşayanlar yağışlı havalarda hətta avtomobillə gedib-gəlməkdə çətinlik çəkirlər.

6-cı keçidin sakinləri Meydan TV-yə danışırlar ki, kanalizasiya olmadığından yağış yağan kimi su həyətlərə, küçəyə dolur, iri gölməçələr yaranır.

Sakinlərdən Əli Məmmədov bildirib ki, dəllal onlara ev satanda kanalizasiya sisteminin olmadığını deyib, lakin uzaqbaşı 1-2 ilə kanalizasiya xəttinin çəkiləcəyinə, yolların təmir ediləcəyinə inandırıb. Qiymət ucuz olduğundan razılaşmaq məcburiyyətində qalıblar. Amma on ildən artıq vaxt keçib, nə kanalizasiya çəkilib, nə də yollar təmir edilib. Sakinlərin kütləvi şikayətindən sonra yollara çınqıl tökülüb, lakin bu dəfə də piyadaların hərəkəti çətinləşib.

“Məhəlləmizdə xəstə, hətta hərəkət əngəlli sakinlər yaşayır. Onların vəziyyətini təsəvvür edə bilməzsiniz. Hava pisləşən kimi məhəlləyə avtomobillər qalxmır, təcili yardım avtomobilləri asfalta qədər gəlib, sonra piyada gedirlər. Taksi isə 2-3 dəfə bahalaşır”,-şikayətçi deyib.

Lökbatandakı yaşayış massivlərinin əksəriyyətində kanalizasiya xətti yoxdur, əhali pərakəndə məskunlaşıb. Əsas küçələrə astalt örtüyü çəkilib, məhəllədaxili yollar isə baxımsız qalıb.

Sakinlər deyirlər ki, payızdan yaza qədər palçıq, gölməçə, yayda isə toz-torpaqdan beziblər. Ucqar dağ kəndi kimi burdakı yaşayış massivlərinə də avtomobillər dözmür. Taksi sürücüləri ünvanı eşidən kimi sifarişlərdən imtina edir.

Sakinlərdən biri isə danışıb ki, övladı baxıma möhtacdır, yol olmadığında müalicəyə gedib-gəlməkdə çətinlik çəkir. Ailənin taksidən istifadə etməyə maddi imkanı çatmır. Kanalizasiya sisteminin baha başa gələcəyindən xəbərdardılar, bununla belə, yola ən azı asfalt örtüyünün çəkilməsini istəyirlər.

“Azərsu”dan bildiriblər ki, sözügedən massivin yarısında kanalizasiya yoxdur. ASC həmin əraziyə xidmət göstərmir.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə ərazidəki evlərin qanunsuz tikildiyini deyiblər, yolların təmirinin nə vaxta planlaşdırıldığını söyləməkdən imtina ediblər.

Ana səhifəSosialLökbatanda: Kanalizasiyanın olmaması qışda sakinləri yolsuz qoyur