close

Humanizm prinsipləri…

Foto: Meydan TV

Rövşən Hacıbəyli

…İctimai təhlükəlilik dərəcəsi

Bu əfv sərəncamında nə humanizm, nə də təhlükəlilik dərəcəsi nəzərə alındı

Son əfv sərəncamı bir qədər gözlənilməz oldu. Həm də siyahıdakı adlar çoxlarını məyus etdi, azadlıq hamının haqqı olsa belə. Adətən, əfv xəbəri əfvin özündən qabaq gəlir, müzakirələr, proqnozlar, kimlərin azadlığa çıxacağı, kimlərin “bağışlanmazlar” siyahısında olacağı, kimlərin cəzasını günə-gün çəkəcəyi dartışılır. Bu dəfə həmin dartışmalara şahid olmadıq.

Əslində, Əfv Məsələləri Komissiyasının builki ilk iclası aprelin 3-də keçirilib. Sonra 17 və 24 aprel tarixlərində. 2 maya təyin olunan növbəti iclas isə məlum olmayan səbəbdən təxirə salındı.

Daha sonra tədbirin 15 mayda keçirildiyi ilə bağlı xəbər yayıldı, həmin xəbərdə növbəti iclasın mayın 22-də olacağı yazılmışdı. Ancaq bu iki xəbər sanki bir-birinin təkrarıydı.

Mayın 15-də yayılan xəbərdə deyilirdi ki, 100-dən artıq müraciətə baxılıb, bununla da baxılan müraciətlərin  sayı 400-ü keçib.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Mayın 22-də keçirilən iclasla bağlı xəbərdə yenə 100-dən artıq müraciətə baxıldığı, bununla da baxılan müraciətlərin sayının 700-ü keçdiyi bildirilirdi. Açıqlamanı müxtəlif adamlar versəydi, anlaşılmazlığı başa düşmək olardı, ancaq hər iki açıqlamanı komissiya üzvü Əliməmməd Nuriyev vermişdi.

Ümumiyyətlə, bütün başqa sahələrdə olduğu kimi, hər şey bir əldə cəmləşdirilir. Çünki artıq hər şeyi bilən var. Vaxtilə tez-tez açıqlamalarıyla varlıqlarını, nəyisə həll etmək gücündə olduqlarını cəmiyyətə çatdıran Əfv Məsələləri Komissiyasının üzvləri də, görünür, küncə sıxışdırılıb, o komissiya formal quruma çevrilib.

Bu komissiyanın üzvlərindən biri, deputat – onlara “millət vəkili” də deyilir – Fazil Mustafa ölkədə siyasi məhbusların varlığından xəbərsiz olduğunu deyir: “Bildiyim odur ki, ölkədə xüsusi bir siyasi məhbus yoxdur…”

Maraqlıdır ki, hakimiyyətlə bağlı onunla eyni mövqeyi bölüşən “Şöhrət” ordenli hüquq müdafiəçisi Novella Cəfəroğlu isə nədənsə bu əfv sərəncamından məyus olduğunu deyir: “…Bu dəfə siyasi məhbus sayılan şəxslərin heç biri azadlığa buraxılmayıb…”

Əfv komissiyasının may ayında keçirilən birinci ilə ikinci iclasında səsləndirilən – 400-lə 700 arasında 300 fərq var.

Hər iclasda 100 müraciətə baxılırsa, komissiyanın cəmi 6 iclası keçirilibsə, say da 600-dən bir az artıq ola bilərdi. Bütün ölkəni bürüyən “pripiska” burda da özünü göstərir…

Prezidentin Respublika Günü ilə bağlı imzaladığı əfv sərəncamındasa cəmi 154 nəfərin adı yazılıb. Görünür, Əfv Məsələləri Komissiyasının dəqiq sayı bilinməyən siyahısı bir kənara atılıb. Hər şeyi necə, nə zaman etməyi bilən prezidentin özünün siyahısı olub…

İndi isə sərəncamda yazılanlara baxaq: “Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram…”

Göründüyü kimi, seçim bu dəfə dəqiq prezidentin olub. Komissiyanın yox, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin və ombudsmanın müraciəti əsas götürülüb. O üzdən bu əfv sərəncamının siyasi məhbuslara dəxli olmayıb. Siyasi məhbusların hamısı saxta ittihamlarla tutulduğunu, qanunsuz həbsə atıldığını deyir. Onların ailə üzvləri də bu fikirdədir.

Etmədikləri cinayətə görə nə onlar, nə də ailə üzvləri əfv istəyir. Heç ombudsman da onlara görə özünü pis, yerini dar eləməz: Azərbaycanda siyasi məhbus olmadığını deyən deputat kimi…

Anlaşılan odur ki, 25 may əfv sərəncamına məhz “qaydalara uyğun olmayan” həmin 200 müraciət (ona da əl gəzdirilməklə) salınıb, yəni onlardan 154 nəfərini əfv ediblər.

Bu baxımdan əfv siyahısında siyasi məhbuslardan heç kimin adının olmaması anlaşılandır… Axı prezident də ölkədə siyasi məhbus olmadığını deyir, çünki türməyə basılan siyasilərin hamısının “cinayəti” “narkomanlıq”, “narkotika ticarəti”, “dələduzluq”, “qaçaqmalçılıq” və s.

Mənzərənin tam aydın olması üçün aşağıdakı statistikaya baxmaqda fayda olduğunu düşünürük.

3 aprel 2024. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bu il komissiyada 700-dən çox müraciətə baxılacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.

17 aprel 2024. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyanın iclaslarında baxılan məsələlərin sayı 200-ü keçib.

24 aprel 2024. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 300-ü keçib.

2 may 2024. Əfv Məsələləri Komissiyasının bu günə təyin olunan növbəti iclası təxirə salınıb.

15 may 2024. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib (keçirilməyən iclasda baxılmalı olan 100 müraciəti də növbəti iclasın siyahısına salıblar – R.H.)

22 may 2024. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ü ötüb.

İclasların ardıcıllığına fikir verəndə açıq görünür ki, statistika üçün çalışıblar. Heç bir informasiyada iclas iştirakçıları ilə bağlı bilgi yoxdur. Komissiya tam tərkibdə olub, yetərsay alınıbmı, ola bilər, kimsə xəstələnib, iclasa gəlməyib, bilmirik, başlıcası nəzərdə tutulan sayı düzəltməkdir.

Bu yerdə bir informasiyaya baxmaqda fayda olduğunu düşündük. 18 mayda sayta qoyulan bu xəbərdə deyilir: “Əfv Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, komissiyanın bu il indiyədək 5 iclası keçirilib. Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər”.

R.Məcid qeyd edib ki, ötən müddətdə komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: “Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur”.

5 min müraciətdən komissiyanın qaydalarına cəmi 500-ü uyğun olub. Məntiqlə iş də bu 500-ün üzərində aparılmalıdır, ancaq sonda 700 müraciət ortaya çıxır.

Demək, siyahıya qaydalara uyğun olmayan daha 200 müraciət əlavə ediblər.

Anlaşılan odur ki, 25 may əfv sərəncamına məhz “qaydalara uyğun olmayan” həmin 200 müraciət (ona da əl gəzdirilməklə) salınıb, yəni onlardan 154 nəfərini əfv ediblər.

Komissiyanın ilk iclasında kimlərin əfv ediləciyinin anonsu verilib və orada ömürlüklər də var…

Yerli hüquq müdafiəçiləri hazırda 250-300 siyasi məhbusun həbsdə olduğunu deyir. Elə beynəlxalq təşkilatlar da rəsmi Bakıya bu məhbuslarla bağlı tez-tez çağırışlar edir: çağırışlar çavabsız qalsa belə…

Ana səhifəMənim FikrimcəHumanizm prinsipləri…