close

Bakı sakini: “Xəstə atamı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında döyüblər”

Respublika Psixiatriya Xəstəxanası. Foto: “aztibb”

Həkim təkzib edir, DİN məsələni araşdırdığını açıqlayıb

Bakının Ramana qəsəbəsinin sakini Elkin Kərimli atası, 1964-cü il təvəllüdlü Kərəm Xondulu oğlu Kərimovun müxtəlif bədən xəsarətlərinin əks olunduğu videosunu sosial şəbəkədə yayaraq, onun 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyüldüyünü iddia edib.

Elkin Kərimli Meydan TV-yə bildirib ki, atası şizofreniya xəstəsidir, ikinci qrup əlildir.

2024-cü il avqustun 12-də atasının vəziyyəti pisləşdiyi üçün Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Avqustun 14-də isə ailə üzvləri Kərəm Kərimovun xəstəxanada fiziki şiddətə məruz qaldığını öyrəniblər:

“Atamın xəstə olduğunu 2019-cu ildə özünü bıçaqla yaralamasından sonra bilmişik. Həmin hadisədən sonra bir neçə ay Sabunçu rayonundakı 1 saylı Ruhi-Əsəb Xəstəxanasında yatıb. Daha sonra müalicəsi stasionar davam etdirilmək şərtilə evə buraxılıb. Atam həkimlərin yazdığı dərmanları qəbul etmək istəmədi. Dərmanları qəbul etməsə də, bir neçə il səhhətində heç bir problem olmadı. Son bir neçə gündə hiss edirdik ki, vəziyyəti yenidən pisləşir”.

“Avqustun 12-də isə atam hər iki əlinə rezin şəpit keçirərək qazda yandırıb, sonra da öz anasını yandırmaq istəyib. Hadisə nəticəsində anam və mən yüngül yanıq xəsarətləri almışıq. Atamın isə əlləri yanıb. Hadisədən sonra atamın bacısı, bibimlə məsləhətləşib, onu Maştağadakı psixiatriya xəstəxanasına yerləşdirmək qərarına gəldik”, – Elkin Kərimli bildirir.

O deyir ki, avqustun 12-də Təcili və Təxirəsalınmaz Tibbi Yardıma (ambulans) zəng edib.

Kərəm Kərimov. Foto: ailə albomundan

Ambulans da axşam 11 radələrində gəlib, atasını 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına aparıb:

Biz də ambulansın arxasınca getdik. Orada atamı psixiatr Ədalət Xəlilovun nəzarətində olan 11-ci şöbəyə yerləşdirdilər. Bir gün sonra, avqustun 13-də xəstəxanaya atamı görməyə getdim. Mənə görüş vermədilər, dedilər ki, hələ xəstə ayıqdır, bir az sakitləşsin. Avqustun 14-də yenidən xəstəxanaya getdim. Xəstəxanaya çatana yaxın Ədalət Xəlilov mənə zəng elədi ki, atanın vəziyyəti pisdir, ambulans çağırmışıq. Ora çatanda gördüm ki, atama şalvar geyindirirlər, bədəni də gömgöydür. Şalvarını çıxardım və çəkilişi etdim. Dərhal polisə məlumat verdim”.

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının psixiatrı Ədalət Xəlilov isə APA-ya deyib ki, Kərəm Kərimli xəstəxanada deyil, evində döyülüb:

Xəstə təcili Tibbi Yardımın göndərişi ilə çox pis kəskin psixoz vəziyyətində bu xəstəxanaya qəbul olunub. Xəstəxanaya da gətirilməsinin səbəbi öz ailə üzvlərinə qarşı etdiyi kəskin hərəkətlər, evi yandırması, oğluna xəsarətlər yetirməsi olub. Bədənində də müəyyən xəsarətlər olub. Həmin xəsarətlər, göyərmələr bir-iki gündən sonra üzə çıxa bilər. Onların şikayəti əsasında polisə məlumat verilib. Məsələ araşdırılacaq, xəstəxanada kamera görüntülərinə baxılacaq. Bu xəstəxanada xəstələrin döyülməsi halları, demək olar ki, yoxa çıxıb. Xəstələr oyanıq halda olanda, onlar üçün izolyasiyaedici, müəyyən tədbirlər görülür”.

Elkin Kərimli Meydan TV-yə həkim Ədalət Xəlilovun dediklərinə münasibət bildirib:

Ədalət Xəlilov yalan danışır. Atamı xəstəxanaya aparanda əynində şort vardı. Xəstəxananın kamera görüntülərində də düşüb, atam rahat yeriyir, həkimlərdən qaçmaq istəyəndə, mühafizə onu tutub saxlayır, yəni adam sağlamdır, yeriyir. Amma indi dizdən aşağı hər iki ayağı gömgöydür, hərəkət edə bilmir. Atamı təkadamlıq kameraya salıblar və vəhşicəsinə döyüblər. Tərpənə bilmir, uzanmış vəziyyətdə yatır. Bu həkimlə bağlı Baş Prokurorluğa da müraciət etmişəm”, – zərəçəkənin oğlu deyib.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı təhqiqat araşdırmaları aparıldığı bildirilir.

Ana səhifəSağlıqBakı sakini: “Xəstə atamı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında döyüblər”