close

Hüquq müdafiəçisi İlhamiz Quliyev narkotik ittihamı ilə saxlanılıb

İlhamiz Quliyev. Foto: Şəxsi arxivindən

“Şərlənərək həbs oluna biləcəyi ehtimalını nəzərə alaraq, bugünlərdə Narkoloji Mərkəzə gedərək, oradan narkotik istifadəçisi olmaması haqda arayış alıb”

Keçmiş polis əməkdaşı və hüquq müdafiəçisi İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir.

Bu barədə məlumat verən yaxınlarının sözlərinə görə, İlhamiz Quliyev bir həftədən çoxdur ki, izlənilirdi, yaşadığı evin qarşısında polislər onu güdürdülər. Şərlənərək həbs oluna biləcəyi ehtimalını nəzərə alaraq, bugünlərdə Narkoloji Mərkəzə gedərək, oradan narkotik istifadəçisi olmaması haqda arayış alıb.

İlhamiz Quliyev oktyabrda da 30 günlük həbs olunmuşdu. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilmişdi.

Yaxınları deyir ki, xuliqanlıq və polisə müqavimət ittihamı yalan idi, o zaman İlhamiz Quliyev “AbzasMedia”ya müsahibəsinə görə cəzalandırılmışdı.

Keçmiş polis əməkdaşı olan İlhamiz Quliyev həbsindən bir neçə gün öncə “AbzasMedia”ya müsahibə verib. Sözügedən müsahibədə polislərin vətəndaşları narkotiklə necə şərləməsindən danışıb, qeydiyyata alınmayan narkotiklərin bu məqsədlə istifadə olunduğunu deyib. Müsahibədə onun adı çəkilməsə də, üzü görünməsə də, İlhamiz Quliyev olduğu müəyyənləşdirilib və bir həftə sonra həbs olunub.

Arayış

Həmin vaxt İlhamiz Quliyev və ailə üzvləri baş verənləri ictimailəşdirməyib.

Yaxınlarının sözlərinə görə, İlhamiz Quliyev 30 günlük inzibati həbsdən çıxsa da, onun telefonu qaytarılmayıb. Üstəlik, ölkədən çıxışına qadağa qoyulduğu məlum olub. Noyabrın 25-də Gürcüstana gedərkən hava limanında ona ölkədən çıxışına məhdudiyyət qoyulduğu haqda məlumat verilib və buraxılmayıb. Bundan sonra isə izlənildiyini hiss edib və qabaqlayıcı tədbir kimi, Respublika Narkoloji Mərkəzindən arayış almaq qərarına gəlib.

O, dekabrın 4-də Yasamal rayonu ərazisində evindən çıxıb və ondan sonra yaxınları harada olması barədə heç bir məlumat ala bilməyib. Ailə üzvlərinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına şikayət olunsa da, İlhamiz Quliyevin yeri barədə xəbər ala bilməyiblər. Təxminən 3 saatdan sonra qısa telefon zəngilə Yasamal rayonu, 28-ci polis bölməsində olduğunu və onu narkotiklə şərləməyə çalışdıqlarını xəbər verib.

Yaxınları deyir ki, dərhal polis bölməsinə gediblər. Onlar bölmədə olanda İlhamiz Quliyevi Post-Patrul Xidmətinin avtomobiliylə Yasamal rayon Polis İdarəsinə aparıblar.
Yaxınları onun işgəncəyə məruz qaldığını, üzərində xəsarətlər olduğunu deyir:

“Ayağında, belində, başında zədələr var…”.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edir.

Ana səhifəSiyasətHüquq müdafiəçisi İlhamiz Quliyev narkotik ittihamı ilə saxlanılıb