close

Polisin döydüyü uşağın atası həbs olundu

Foto: Screenshot

Səxavət və Eldəniz Ağayev qardaşları xuliqanlıq, polisə qarşı zorakılıqda ittiham edilir

Qəbələnin Vəndam qəsəbəsində polisin yerə yıxıb, təpiklə döydüyü 12 yaşlı Dəniz Ağayevin atası həbs olunub, əmisi isə ev dustaqlığına buraxılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Səxavət və Eldəniz Ağayev qardaşları xuliqanlıq, polisə qarşı zorakılıq kimi əməllərdə ittiham olunur.

Uşağın atası – 1974-cü il təvəllüdlü Eldəniz Ağayevə Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə ittiham verilib.

Onun qardaşı – 1981-ci il təvəllüdlü Səxavət Ağayev isə Cinayət  Məcəlləsinin 221.2.1, 221.2.2  (bir qrup şəxs tərəfindən, vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə ittiham olunur.

İddia olunur ki, uşağın əmisi – 42 yaşlı Səxavət Ağayev dekabrın 2-də Vəndam qəsəbəsində sərxoş vəziyyətdə, etibarnamə olmadan avtomobil sürdüyünə görə saxlanılıb. Həmin vaxt qardaşı – 49 yaşlı Eldəniz Ağayev də maşında olub və onlar polislərə tabe olmayıblar.

“…polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək, qərəzli xuliqanlıq hərəkətlərilə müqavimət göstərmələrinə və Qəbələ Rayon Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında belə deyilir.

Dekabrın 2-də saxlanılan Ağayev qardaşları dekabrın 4-də Qəbələ Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. İlkin istintaq dövrü üçün Eldəniz Ağayev haqqında həbs, Səxavət Ağayev haqqında isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Dekabrın 3-də sosial şəbəkələrdə polisin uşağı yerə yıxıb təpiklədiyini əks etdirən videogörüntülər yayılıb. Elə həmin görüntülərdə digər polis bir nəfəri də zorakılıqla Post-Patrul Xidmətinin maşınına mindirməyə çalışır. Məlum olub ki, görüntülərdə polislərin döydüyü 12 yaşlı Dəniz Ağayev və atasıdır.

“Dekabrın 2-də Dənizin ad günü idi, 12 yaşı tamam oldu. Polislər atasını götürüb aparmaq istəyəndə uşaq ağlamağa başlayıb. Uşağın gözünün qarşısında polislər atasını döyməyə, təhqir etməyə başlayıblar. Onda uşaq polislərə daş atıb. Polislərdən biri gəlib Dənizi yerə yıxıb, uşağa nə qədər təpik vurub”, – Vəndamdan Meydan TV-yə bildirilib.

Məlumata görə, polislər uşağı döyməklə kifayətlənməyib, onu da atası və əmisi ilə birlikdə Qəbələ rayon Polis Şöbəsinə aparıblar. Uşağı gecə buraxıblar.

Dəniz Ağayevin vəziyyəti ağırlaşıb və o, dekabrın 3-də axşam saatlarında Qəbələdə xəstəxanaya yerləşdirilib. Lakin dekabrın 4-də səhər onu xəstəxanadan çıxarıblar. Sosial mediada yayılan iddialara görə, uşaq sağalmadığı halda, xəstəxana rəhbərliyi onun məcburi şəkildə çıxarılmasına göstəriş verib.

Sosial şəbəkələrdəki etirazlardan sonra dekabrın 3-də Daxili İşlər Nazirliyi uşağa qarşı zorakılıq edən polisin daxili işlər orqanlarından xaric edildiyi haqda açıqlama yayıb.

Ana səhifəSosialPolisin döydüyü uşağın atası həbs olundu