close

İlham Əliyev: “ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin vaxtıdır”

Foto: president.az

“ATƏT Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib”

Mayın 14-də Azərbaycanın Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri Yan Borqla görüşüb.

Yan Borq Maltanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib.

İlham Əliyev sülh müqaviləsinin mətninin Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edildiyini vurğulayaraq əlavə edib ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam etdirilir:

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib”.

Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb. Buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür”, – deyə Əliyev əlavə edib.

Yan Borq Maltanın kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini deyib.

O həmçinin bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini qeyd edib.

Yan Borq mayın 13-də Yerevanda Ermənistanın rəhbər şəxsləri ilə görüşüb və xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirib

Ana səhifəSiyasətİlham Əliyev: “ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin vaxtıdır”