close

İlham Əliyevin köməkçisi Avropadan gələn bəyanatları anlaşılmaz adlandırdı

Hikmət Hacıyev. Foto: Meydan TV

Hikmət Hacıyev: “Qarabağda dinc əhali arasında kütləvi qurbanlar olmayıb”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin rəhbərliyi və digər beynəlxalq tərəfdaşlarla görüşüb.

O deyib ki, Azərbaycan ordusu sentyabrın 19-da keçirdiyi hərbi əməliyyatlar zamanı beynəlxalq hüquqa ciddi əməl edib.

Bu barədə Hikmət Hacıyev “X” (keçmiş “Twitter”) sosial platformasında yazıb.

Onun sözlərinə görə, Azərbaycan ordusu əməliyyat zamanı kənar ziyanın qarşısının alınması ilə bağlı tədbirlər görüb.

Ermənistanın Baş nazirinin etiraf etdiyi kimi, dinc əhali arasında kütləvi qurban olmayıb. Bununla əlaqədar Avropa İttifaqı, Fransa və Almaniya rəsmi şəxslərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır”, – deyə Hikmət Hacıyev qeyd edib.

Hacıyev bildirib ki, Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə dərman, qida və digər məhsulların çatdırılması üçün bütün lazımi şərait yaradılıb və yaradılacaq:

“Azərbaycan yaralı erməni hərbi qulluqçulara tibbi yardım göstərməyə və ya Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə onlara kömək etməyə hazırdır. Tələbə əsasən, yaralı hərbçiləri toplamaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi avtomobillərinin hərəkəti dəstəklənir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa və tibbi yardım göstərməyə hazırıq”.

Onun sözlərinə görə, Ermənistana tibbi evakuasiya üçün bu ölkədən də tibbi nəqliyyat gələ bilər.

Döyüş meydanında qalan yaraqlıların cəsədlərinin toplanması ilə bağlı rusiyalı sülhməramlılarla işin aparıldığı da bildirilir.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrə ofisindən əlavə personalın göndərilməsini dəstəkləyir:

“Biz həmçinin Bakı ofisindən Xankəndi filialına əlavə personalın göndərilməsini dəstəkləyirik. Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yoluyla mülki şəxslərin öz nəqliyyatında hərəkətinin təhlükəsizliyini təmin edirik. Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir”.

Açıq şəkildə bəyan edirik ki, könüllü olaraq silahları yerə qoyan hərbçilər azaddır. Hərbi-mülki əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycan hərbçiləri və mülki personal yerlərdə mülki əhaliyə kömək edir və bunu davam etdirəcəklər”, – Hacıyev qeyd edib.

“Turan” yazır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 nəqliyyat vasitəsi yaralıları götürmək üçün Xankəndidən Xocavəndə yola düşüb.

Humanitar yardımla bağlı çağırışlar

Sentyabrın 22-də Avropa İttifaqı (Aİ) Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını pisləyib.

 Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel (Josep Borrell) yaydığı bəyanatda Qarabağda insan itki və tələfatına səbəb olan əməliyyatlardan təəssüflənib.

Aİ hərbi əməliyyatların tam dayandırılmasına, atəşkəsə əməl olunmasına, həmçinin Azərbaycanı ehtiyacı olan əhaliyə təcili və maneəsiz humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb.

Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobilinin Ağdamdan Xankəndiyə yola salındığı bildirilir.

Bir günlük əməliyyatlar

Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyatlara başladığını açıqlayıb.

Nazirlik bildirib ki, yalnız hərbi obyektlər vurulur, mülki infrastruktur hədəfə alınmayıb.

Əməliyyata səbəb kimi sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda mina partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki əməkdaşının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından isə dörd nəfərin həlak olması göstərilib.

Nazirlik bildirib ki, ərazidəki minaları Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları quraşdırıb.

Qarabağ erməniləri əməliyyat zamanı mülki şəxslərin də öldüyünü açıqlayıblar.

Azərbaycan tərəf bunu təkzib edib.

Ermənistanın Baş naziri də mülkü şəxslərin kütləvi şəkildə hədəfə alınmadığını deyib.

Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu Rusiya sülhmərmlılarından 5 nəfərin səhvən öldürüldüyünü açıqlayıb.

Bununla bağlı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putindən üzr istəyib, Azərbaycan Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. 

Ana səhifəSiyasətİlham Əliyevin köməkçisi Avropadan gələn bəyanatları anlaşılmaz adlandırdı