close

İqbal Ağazadədən MSK-ya etiraz: “Azərbaycanda deputat yoxdur, özlərini buraxıblar”

Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac

Partiya sədri qanunsuzluğu aradan qaldırmağı tələb edir

Ümid Partiyasının sədri İqbal Ağazadə Mərkəzi Seçki Komissiyasının (MSK) saytının “iş yeri” bölməsində VI çağırış Milli Məclisin deputatı olmuş şəxslərin deputat kimi qeyd olunmasına etirazını bildirib.

Bu barədə avqustun 14-də İqbal Ağazadə “Facebook” səhifəsində yazıb.

O bildirib ki, VI çağırış Milli Məclisin deputatları özlərini buraxıblar, yəni Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndinə görə, mandatdan imtina ediblər:

“Bununla da, deputat səlahiyyətlərini itiriblər. Səlahiyyətlərini itirmiş şəxslər necə deputat kimi qeyd oluna bilərlər? Bu namizədlərin seçici qarşısında səlahiyyətli qurum vasitəsilə üstünlüyünün tanınması deyilmi?”.

İqbal Ağazadə
Fotonun mənbəyi: İqbal Ağazadənin “Facebook” səhifəsi

Ümid Partiyasının sədri bunu qanunsuzluq hesab edir və dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“87-ci maddənin 1 bəndində qeyd olunan “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir” norması seçkilər vaxtında keçiriləndə, parlament buraxılmayanda qüvvədə olur. İndi Azərbaycanda deputat yoxdur, Milli Məclis fəaliyyət göstərmir. Prezident parlamenti buraxıb. Bir anlıq düşünün: Parlamentlə Prezident arasında konflikt var, parlament buraxılandan sonra deputatlar yığışıb, Prezidentə impiçment tətbiq edir. Sizcə qanun belə xaos yarada bilər? Parlament buraxılıbsa, onun üzvləri səlahiyyətlərini itiriblər və onlar heç bir yerdə deputat kimi yazıla bilməzlər”.

Meydan TV gün ərzində MSK-nın mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsə də, partiya sədrinin müraciətinə şərh ala bilməyib.

Ana səhifəSiyasətİqbal Ağazadədən MSK-ya etiraz: “Azərbaycanda deputat yoxdur, özlərini buraxıblar”