close

İran BMT-nin gender bərabərliyi komissiyasından çıxarılıb

Illustration: Meydan TV

“Hamı ayrı-seçkilik olmayan, hüquqlarına və ləyaqətinə hörmət edilən bir dünyada yaşamalıdır”

İran Birləşmiş Millətlər Təşkilatının (BMT)  gender bərabərliyi üzrə ali orqanından çıxarılıb.

Qərarı BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) qəbul edib. Beləliklə, İran BMT-nin Qadınların Statusu üzrə Komissiyasından (UNCSW) dörd illiyə – 2026-cı ilədək kənarlaşdırılıb.

Bu barədə açıqlamanı isə Çexiyanın BMT-dəki daimi nümayəndəsi Yakub Kulhanek verib.

O deyib ki, Avropa İttifaqı və onun üzv dövlətləri adından verilən bəyanatı səsləndirmək onun üçün şərəfdir: “Avropa İttifaqı İranın qadın və qızları üçün heç bir ayrı-seçkiliyə yol verilmədən, insan hüquqlarına tam hörmət edilən, hüquqlarının qorunduğu və yerinə yetirildiyi bir gələcək istəyir”.

Bəyanatda qeyd edilir ki, İran reqressiv və ayrı-seçkilik yaradan qanunların ləğv edilməsi və qadınlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının aradan qaldırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyib:

“İran beynəlxalq birliyin üzvü kimi üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Hazırda biz bunun əksinin şahidi oluruq”.

ECOSOC-un 26 üzvü İranın qurumdan çıxarılmasın lehinə, 8 üzvü isə əleyhinə səs verib.

Səsvermədə 16 ölkə bitərəf qalıb. Çıxarılmasına verilən səsçoxluğu ilə İran komissiyadan kənarlaşdırılıb.

Rusiya və Çin də qətnaməyə qarşı çıxıb. Onlar bildiriblər ki, İranın bu qurumdan çıxarılması “təhlükəli presedent”dir.

BMT-nin Qadınların Statusu üzrə Komissiyası 1946-cı ildə yaradılıb.

Qurum dünyada gender bərabərliyinin təbliği, qadınların səlahiyyətinin gücləndiriməsi ilə məşğuldur və 45 üzvü dörd illik seçilir.

ECOSOC İranın qadınlara güc tətbiq etdiyini, qeyri-bərabər münasibəti pisləyib:

“Biz İran hakimiyyətinin dinc nümayişçilərə hörmətlə yanaşmasını istəyirik. Eyni zamanda, qadın kişi fərqi qoyulmadan insan hüquqlarına tam və bərabər şəkildə hörmət etməsini, zorakılığa son qoyulmasını tələb edirik. Biz nə görürük? İranda qadın və qızlara qarşı geniş yayılmış qəddar və qeyri-bərabər münasibət var. Biz bu ölkədə qadınlara qarşı güc tətbiqinin, zülm və ayrı-seçkiliyin şahidi oluruq”.

“Odur ki, İran hakimiyyətinin hərəkətlərini qətiyyətlə pisləyir və onları beynəlxalq hüquq, o cümlədən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt (ICCPR) və Uşaq Hüquqları Konvensiyası çərçivəsində öz öhdəliklərinə əməl etməyə çağırırıq”, – deyə qərarda bildilir.

Sonda ECOSOC qərarını insan haqları ilə bağlı vəziyyətin ciddiliyi ilə əsaslandırıb.

Qurum bildirib ki, qadınlara və qızlara qarşı ayrı-seçkilik və zorakılıq kimi qlobal problemlər vətəndaş cəmiyyəti də daxil olmaqla, bütün maraqlı tərəflərin iştirakı və dialoqu ilə qlobal həll tələb edir:

“Avropa İttifaqı qadınların və qızların hüquqlarını qoruyur. Düşünür ki, hamı ayrı-seçkilik olmayan, hüquqlarına və ləyaqətinə hörmət edilən bir dünyada yaşamalıdır. Buna nail olmaq üçün BMT bütün üzv dövlətləri ilə işləməyə hazırdır”.

Ana səhifəDünyaİran BMT-nin gender bərabərliyi komissiyasından çıxarılıb