close

Saakaşvili eyni gündə aclıq aksiyasına başlayıb və dayandırıb

Mixeil Saakaşvili. Foto: Meydan TV

O, bu qərarını tənqidçilərinə əsas verməmək və Avropa Parlamentinin çağırışı ilə izah edib

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin xaricdə müalicə almaq üçün müraciətinə müsbət cavab gəlməyib. Odur ki, o, yeni aclıq aksiyası elan edib.
Ardınca isə aksiyanı dayandırdığını açıqlayıb.

O, qərarını dəyişməsinin səbəblərini vəkili Şalva Xaçapuridzeyə verdiyi məktubda izah edib:

“Tənqidçilərimə səhhətimə bilərəkdən ziyan vurduğuma dair iddialar üçün əsas vermək istəmirəm. İkinci və əsas səbəb Avropa Parlamentinin aclıq aksiyasını dayandırmağım üçün etdiyi güclü çağırışdır. Onlar vəd ediblər ki, mənim təməl hüquqlarıma əməl olunmasını daimi əsasda monitorinq edəcəklər”.

Keçmiş Sovet respublikası olan Gürcüstana 2004-2013-cü illərdə rəhbərlik etmiş Saakaşvili daha çox qərbyönlü islahatçı kimi tanınıb. Hazırda isə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 6 il həbs cəzasına məhkum edilib. Özü və tərəfdarları həbsini siyasi motivli sayır.

Saakaşviliyə nəzarət edən tibb mütəxəssisləri deyir ki, o, 2021-ci ilin oktyabrında həbsxanaya salındıqdan və dəfələrlə aclıq aksiyaları keçirdikdən sonra səhhətində xeyli geriləmə var.

Hazırda Mixail Saakaşvili Tbilisidə klinikalardan birində müalicə olunur, lakin vəkillər onun xaricə köçürülməsini və cəzasının təxirə salınmasını istəyib.

Dekabrın 14-də Tbilisi Şəhər Məhkəməsi ikinci həftə davam edən məhkəmə prosesinin təxirə salınması ilə əlaqədar dekabrın 22-nə qədər fasilə verməzdən əvvəl prokurorların bəzi açılış arqumentlərini dinləyib.

Saakaşvili videobağlantı vasitəsilə məhkəməyə buraxılmamasına etiraz olaraq aclıq aksiyasını bərpa edəcəyini bildirib. Lakin bir neçə saat sonra o, Avropa Parlamentinin üzvləri tərəfindən aclığı dayandırmağa çağırılandan sonra aksiyaya ara verib.

Foto: Sosial şəbəkə

Saakaşvili deyib ki, tələb etdikləri bəzi xidmətlərə imtina cavabı alırlar. Sonra da açıqlamalarında deyirlər ki, guya o özü buna etiraz edib. Əslində isə bu, sadəcə bəhanədir.

Gürcüstan hakimiyyəti deyir ki, Saakaşvili azadlığa çıxması üçün vəziyyətinin ciddiliyini “imitasiya edir”.

54 yaşlı eks-prezidentdən aylardır ki, ictimaiyyətə çox az məlumat çatır. Onun komandası deyir ki, səlahiyyətlilər videobağlantı vasitəsilə məhkəməyə buraxılmamaqla onun səhhətinin vəziyyətini gizlətməyə çalışırlar.

Dekabrın 14-də keçirilən dinləmədən sonra Gürcüstanın həbsxana xidməti avqust-dekabr ayları arasında Saakaşvilinin otağındakı kameradan çəkilmiş görüntüləri yayıb.

Bəzi görüntülərdə Saakaşvili bəzi tibbi yardımlara müqavimət göstərir və xəstəxana tipli çarpayıda uzanarkən bir çantanı divara atır. Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir ki, bu, onun “tibb işçilərinə qarşı sui-istifadə və aqressiv davranışının” nümayişidir:

“Bu video Mixail Saakaşvilinin ədalətə mane olmaq, ictimaiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq məqsədi daşıyan simulyasiya edilmiş hərəkətlərini açıq şəkildə göstərir”.

“Reuters” kadrların nə vaxt çəkildiyini yoxlaya bilməyib.

Saakaşvilinin vəkillərindən də şərh almaq mümkün olmayıb.

Avropa İttifaqı Saakaşvilinin səhhəti ilə bağlı xəbərləri “narahatedici” adlandırıb və hökuməti tibbi yardım göstərməyə çağırıb.

Lakin tənqidçilər, o cümlədən hakim “Gürcü Arzusu” Partiyasının üzvləri onun səlahiyyətlərindən sui-istifadə etdiyini və xalqın dəstəyini itirdiyini deyirlər.

Mixail Saakaşvili 2018-ci ildə qiyabi mühakimə olunub.

Daha sonra 2021-ci ilin oktyabrında Ukrayna prezidenti Volodimir Zelenskiyə islahatlarla bağlı məsləhət verdiyi Ukraynadan Gürcüstana qayıtdıqdan sonra həbs edilib.

Ana səhifəDünyaSaakaşvili eyni gündə aclıq aksiyasına başlayıb və dayandırıb