close

İranın Ermənistandakı səfiri niyə Azərbaycan mediasının qəzəbinə tuş gəldi?

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Emil Məmmədli

Ekspertlər Bakı ilə Tehran arasında yeni söz savaşının başlaya biləcəyini ehtimal edirlər

Noyabrın 13-də Azərbaycan mətbuatında hökumətə yaxınlığı ilə seçilən mediada İrana qarşı yazılar dərc olundu. Yazılar həm müəllif fikirləri kimi, həmçinin də Milli Məclisin üzvlərinin şərhləri kimi təqdim edildi.

Səbəb kimi İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Azərbaycanın Qarabağ bölgəsini ermənilərin könüllü tərk etməsi ilə bağlı danışarkən Bakını etnik təmizləmə siyasəti həyata keçirməkdə ittiham etməsi, Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunmasından, o cümlədən öz müqəddəratının təyin etməsindən danışmasıdır.

Yazılarda qeyd olunub ki, İran, səfirin belə bir açıqlaması ilə Azərbaycana qarşı növbəti kampaniyaya start verib.

Mehdi Sübhani. Foto: screenshot

“İran rejiminin nümayəndələri zaman-zaman ümumi xətdən kənara çıxıb Azərbaycana qarşı açıqlamalar səsləndirirlər”

Bakı ilə Tehran arasında yeni söz davasının başlayıb-başlanmaması ilə bağlı məsələni Meydan TV üçün şərh edən siyasətçi Sülhəddin Əkbər qeyd edib ki, Azərbaycanın 44 günlük savaş və 19 sentyabr anti-terror əməliyyatından sonra ərazi bütövlüyünü bərpa edərək uğurlu dövlətə çevrilməsini Tehran həzm edə bilmir.

İran rejiminin nümayəndələri zaman-zaman ümumi xətdən kənara çıxıb Azərbaycana qarşı açıqlamalar səsləndirirlər. Amma rəsmi siyasət tamamilə başqa istiqamətdədir. Hazırda İran İslam Respublikası Azərbaycan və Türkiyə ilə yumşalma siyasətinə gedib. Çünki sərt qarşıdurma siyasətinin kontrproduktiv olduğunu gördü”, – Sülhədddin Əkbər deyib.

Onun sözlərinə görə, bütün hallarda İran-Azərbaycan münasibətləri bundan sonra da spiralvarı inkişaf edəcək, zaman-zaman gərginlik artıb pik həddə çatdıqdan sonra yenidən əks istiqamətdə spiralın sıfır nöqtəsinə dönəcək və müvəqqəti yumşalma dövrlərini yaşayacaq.
Bununla belə, o qeyd edib ki, səfirin hökumətin mövqeyini ifadə etməsini də nəzərə almaq lazımdır.

Sülhəddin Əkbər
Source: arxiv

“İranda hökumətin mövqeyini onun başçısı, xarici işlər naziri və səfirləri ifadə edir. Ona görə də Azərbaycan hökuməti Sübhaninin söylədiklərinə rəsmi reaksiya verməli idi. İran hökuməti səfirin söylədiklərinə reaksiya vermirsə, deməli, orda da bu xəttin tərəfdarları var və diplomatın dedikləri təsadüfü deyil”, – ekspert deyib.

O vurğulayıb ki, Sübhani Azərbaycanda diplomatik fəaliyyəti zamanı çox aktiv və aqressiv olub. Sülhəddin Əkbər xatırladıb ki, Sübhani siyasi partiyalarla da daim əlaqə saxlayırdı.

Əslində, Azərbaycanın xüsusi xidmət orqanları müttəfiqləri ilə birgə Sübhaninin fəaliyyətini araşdırsa, faydalı olar”, – Sülhəddin Əkbər qeyd edib.

Siyasətçi hesab edir ki, yaxın zamanlarda Azərbaycanla İran arasında yenidən söz döyüşü ola bilər.

İran İslam Respublikası ilə Azərbaycanın milli maraqları toqquşur və bu, barışmaz ziddiyyət təşkil edir. Nəzərə alın ki, soydaşlarımızın və ərazimizin bir hissəsi İrandadır. Bu ölkədə dünyəvi, demokratik rejim qurulmayınca, soydaşlarımızın milli və insan hüquqları təmin olunmayınca, dinc münasibətlər yalnız qısa dövrdə olacaq”, – Sülhəddin Əkbər deyib.

“Yaxın zamanlarda Azərbaycanla İran arasında söz döyüşü yenidən başlaya bilər”

Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlı isə Meydan TV-yə Azərbaycanda İrana qarşı elə bir ciddi kampaniyanın aparıldığını görmədiyini deyib.

“İşartılar ola bilər. İranın istəmədiyi odur ki, həmişə Rusiyanın nəzarətində olan və Azərbaycanla Türkiyənin istifadə etdiyi “Zəngəzur dəhlizi” olsun. Azərbaycan İranla danışıb, güman ki, Kreml də Tehranla onu yola gətirmək üçün danışıqlar aparıb. Danışıqlarda əsas məqsəd Tehranın bu məsələdə həm Yerevana dəstək verməsin, həm də “Zəngəzur dəhlizi”nə kritik münasibət bəsləməsin”, – Azər Qasımlı deyib.

Onun fikrincə, əgər İran bu məsələni özü üçün “qırmızı xətt” hesab edirsə, danışıqların alınmadığı ortaya çıxır.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Politoloq xatırladıb ki, İran sərhədin bu şəkildə dəyişməsinə və Ermənistanın öz ərazisində nəzarəti itirməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib.

Amma proses hələ davam edir, Rusiya Ermənistana Azərbaycan vasitəsilə təzyiq edir. İranın maraqlarına cavab vermədiyi üçün münasibətlər bəzən düzəlir, sonra yenidən sərtləşir. Çünki Moskva hələ marağından əl çəkməyib”, – o bildirib.

İnstitut rəhbəri də hesab edir ki, yaxın zamanlarda Azərbaycanla İran arasında söz döyüşü yenidən başlaya bilər.

“Əsas oyun Rusiyanın “Zəngəzur dəhlizi”nin nəzarətə götürməsi ətrafındadır. Bu isə Tehranın maraqlarına cavab vermir”, – Azər Qasımlı deyib.

Ana səhifəSiyasətİranın Ermənistandakı səfiri niyə Azərbaycan mediasının qəzəbinə tuş gəldi?