close

Sığortaçılar bazarlardan niyə qaçır?

Yanan bazarlarda çalışan sahibkarlar kompensasiya ala bilmir

Masallı bazarını indi yeni paltarların təravəti deyil, tüstü iyi bürüyüb. Satıcılar isə bir yandan külün arasında malını, bir yandan da onlara kompensasiya edə biləcək birini axtarırlar. Amma nə maldan əsər-əlamət qalıb, nə də onlara yardım əlini uzadan var.

Mediada tez-tez “bazar yandı” başlıqlı xəbərlərlə rastlaşmaq olar. Bəs indiyə kimi yanan bazarlardakı sahibkarlar kompensasiya ala bilibmi? 2019-cu ildə “EuroHome” MMC-də baş vermiş yanğın zamanı vətəndaşlara 17 milyon 460 min manat maddi ziyan dəyib.

Uzunmüddətli etriazlardan sonra kompensasiya yalnız sığortası olanlara verilib.

2021-ci ildə Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzindəki yanğın hadisəsini prezident İlham Əliyev nəzarətə götürəndən sonra zərərçəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

2021-ci ildə İmişli bazarında baş verən yanğından sonra sahibkarlara kompensasiya ödənilməyib, satıcıların bir qismi kreditlərini bağlaya bilməyib, müflis olublar.

“Sığorta yoxdursa, kompensasiya da yoxdur” – bu, adətən təzminat tələb edənlərə verilən cavabdır.

Bəs bazarlar necə sığortalanır? “Sığorta haqqında” qanuna əsasən, daşınmaz əmlak icbari, daşınan əmlak isə könüllü sığortlanmalıdır. Yəni, icarədar bazarın özünü daşınmaz əmlak kimi icbari sığortalamalı, satıcılar isə mallarını könüllü sığortalaya bilərlər. Amma bunun üçün onlar sığorta şirkətinə FHN-nin təsdiqlədiyi bazarın təhlükəsizlik aktını, satılan mallarla bağlı gömrük bəyənnaməsini və satış ilə bağlı VÖEN hesabını təqdim etməlidirlər.

Bunlar olmadıqda sığorta şirkətləri imtina cavabı verir. Masallı bazarının sahibkarları da elə bu cavabla qarşılaşıb.

Satıcıların arasında bazarın direktoru Afər Cahangirovun malların sığorta olunmasına mane olduğunu iddia edənlər də var.

Afər Cahangirov isə sığorta şirkətlərinə müraciət etdiyini, amma imtina cavabı alandan sonra bu məsələnin ardınca düşmədiyini deyir.

Sığorta eksperti İlkin İbrahimov şirkətlərin bazarları FHN-nin təhlükləsizlik rəylərinin olmadığına və sahibkarların öz işini şəffaf görmədiklərinə görə sığortalamağa meyilli olmadıqlarını bildirir.

Ekspert hesab edir ki, belə halların olmaması üçün, FHN bazarlarda daha ciddi yoxlamalar aparmalıdır. Amma Masallı bazarında bundan əvvəl FHN-in yoxlama aparıb-aparmaması ilə bağlı suallarımızı nazirlik cavabsız qoyub.

Bazarın satıcısı Mirzağa Rüstəmov isə bir il əvvəl bazar təmir olunandan sonra təhlükəsizlik qaydalarına əməl olunmadığına görə nazirliyə dəfələrlə müraciət etdiyini deyir.

İndi satıcıların iş yeri yox, borcları, kreditləri isə üst-üstə yığılır. Təzminat veriləcəyinə ümidləri isə günü-gündən kül olub gedir.

Ana səhifəVideoSığortaçılar bazarlardan niyə qaçır?