close

Kalinkanın qətli və 27 il sürən təqib

Kalinka Bamberski. Fotolar: Filmdən screenshot

Yadigar Sadıqlı

Andre Bamberskinin yaşadıqları sonradan ekranlaşdırılıb

1982-ci ildə 45 yaşlı Andre Bamberskinin həyatı yenidən qaydasına düşmək üzrə idi. 7 il əvvəl arvadını xəyanət səbəbindən boşayan Andrenin həyatında indi yeni qadın vardı. Peşəkar həyatı normal gedirdi: nüfuzlu mühasib və auditor idi.

Tuluza şəhəri yaxınlığında yerləşən kiçik Peşbüsk kommunasında yaşayan polyak əsilli fransız avqust ayının gəlməsini səbirsizliklə gözləyirdi: keçmiş arvadı Danielin yanında, Almaniyanın Lindau şəhərində yaşayan qızı Kalinka və oğlu Nikolas o zaman onun yanına gələcəkdilər.

Yadigar Sadıqov
Foto: Meydan Tv

Amma iyulun 10-da hər şey dəyişdi. Həmin gün səhər Bamberskinin mənzilində telefon zəng çaldı. Dəstəyi qaldıran Andre keçmiş arvadının səsini eşitdi. Daniel ona dəhşətli bir xəbər verdi: onların qızı Kalinka gecə qəflətən ölüb.

Keçmiş arvadı deyirdi ki, bir gün əvvəl Kalinka Boden gölündə vindsörfinqlə məşğul olub. Axşamüstü evə qayıdıb və ailə saat 19:30-da yemək yeyib. Gecəyarıya qədər otağında kitab oxuyub, atalığı işığı söndürməsini istəyəndən sonra yatıb. Səhər saat 10-da onun yuxuda öldüyü aşkar edilib. Krombaxın dediyinə görə, qızı həyata qaytarmaq üçün birbaşa ürəyinə niketamid, ayağına isə novodiqal və verapamil iynəsi vurub. Amma faydası olmayıb.

Danielin fikrincə, hadisənin iki ayrı səbəbi ola bilərdi: Kalinka ya vindsörfinq zamanı günvurmaya məruz qalıb, ya da illər öncə Mərakeşdə uğradıqları kiçik avtoqəza zamanı gizli xəsarət alıb və həmin xəsarət illər boyu inkişaf edərək qəfil ölümə aparıb.

***

Andre Bamberski Daniel Qonninlə universiteti bitirib işləməyə getdiyi Mərakeşdə tanış olub evlənmişdi. 1967-ci ildə Kalinka, 1970-ci ildə Nikolas anadan oldu.

Onlar 1970-ci illərin əvvəllərində alman Krombax ailəsi ilə tanış oldular. Andredən iki yaş böyük və ikinci nikahla evli olan, Mərakeşdəki Almaniya səfirliyində həkim işləyən Diter Krombax yaraşıqlı və xüsusən qadınlara qarşı iltifatlı kişi idi. Tezliklə onunla Daniel arasında adyulter yaşandı. Amma Andre bundan yalnız 1975-ci ildə, artıq Fransaya döndükdən sonra xəbər tutdu.

Həm Bamberskilər, həm də Krombaxlar boşandılar. İki il sonra Diter və Daniel evləndilər və Almaniyaya, İsveçrə sərhədi yaxınlığında yerləşən Lindau şəhərinə köçdülər. Uşaqlar əvvəlcə ataları ilə qaldılar. 1980-ci ildə Andre Mərakeşə qayıtmaq qərarına gəldi. Amma köçündən qısa müddət sonra Daniel məhkəməyə müraciət edərək uşaqları istədi. Vəkilləri ilə məsləhətləşən Andre işi udmaq şansının olmaması qənaətinə gəldi və uşaqları Almaniyaya göndərdi. O, Krombaxın tərcümeyi-halına yaxından bələd olsaydı, şübhəsiz, bu qədər asanlıqla təslim olmazdı.

Terapevt Diter Krombaxın birinci arvadı naməlum xəstəliyə tutularaq 1969-cu ildə 24 yaşında ölmüşdü. Qadının anası bu müəmmalı ölümün heç də əcəlin işi olmadığını, Monikanı məzara kürəkəninin göndərdiyini iddia edirdi. Amma Andre bundan xəbərsiz idi və bu şübhələrin həqiqi olub-olmadığı heç zaman bilinmədi.

Sevimli qızının ölüm xəbərindən sarsılan Bamberski Sürixə uçdu və burada maşın icarələyib Lindauya getdi. Zəruri sənədləşmə işlərindən sonra Kalinkanın cəsədi Fransaya gətirildi və Peşbüsk məzarlığında dəfn edildi. Mərasimdə Krombax və qohumları da iştirak etdi.

Sağlam qızının aydın səbəb olmadan ölməsinin izahını tapmaq istəyən Bamberski oktyabrın əvvəllərində məhkəmə-tibb ekspertizasının rəyini aldı. Burada onu təəccübləndirən və ürəyinə şübhə toxumu səpən ilk fakt ekspertizada Diter Krombaxın iştirakı oldu. Bu, mövcud qaydaların tam ziddinə idi.

Kalinkanın saat 3 və 4 arası öldüyünü göstərən ekspertiza rəyi ilə tanış olduqca, təəccübü və şübhələri daha da çoxalırdı. Ekspertiza cəsəddə üç yox, dörd iynə izi tapdı. Krombaxın dediyi yerlərdən savayı, həm də sağ qolunda damardaxili inyeksiya izi vardı. Krombax bunun ferrlisit (kobalt-dəmir qatışığı) olduğunu və Kalinkanın az qaralmadan şikayət etməsi səbəbindən axşam yeməyindən əvvəl vurduğunu deyir. Sonralar isə sözünü dəyişərək anemiyaya qarşı vurduğunu söyləyəcək.

Ekspertiza Kalinkanın vulvasının zədələndiyini, uşaqlıq yolunda isə qan və ağ maddə aşkar edir. Belə şübhəli məqamlara baxmayaraq, qızın zorlanmasını, hətta bakirə olub-olmamasını müəyyən etmək üçün zəruri işlər görülmür. Amma səhər saat 10-da artıq qurumuş cəsədə iynə vurararaq həyata qaytarmaq cəhdinin əcaib və qrotesk olduğu yazılırdı.

Sonda məhkəmə-tibb eksperti doktor Höhmann ölüm səbəbinin müəyyən olunmadığını, son rəyin laborator analizlərdən sonra verilə biləcəyini qeyd edir. Bunun üçün qan və toxuma nümunələri müvafiq laboratoriyaya göndərilir.

Keçmiş arvadına zəng edərək laborator analizlərin nəticəsi ilə maraqlanan Andre gözlənilməz cavab alır: heç bir analiz aparılmayıb. Onun “qızının nədən öldüyü səni niyə maraqlandırmır?” tipli qınağına Daniel təxminən “əcəli çatdığına görə öldü” cavabını verir.

Andre Bamberski getdikcə belə qənaətə gəlir ki, onun qızı atalığı tərəfindən zorlanıb, sonra da susdurulmaq üçün qəsdən öldürülüb. O, ədalətə nail olmaq üçün sübutlar toplamağa başlayır. İlk növbədə alman vəkillər tutaraq 1983-cü ilin martında qan və qoxuma analizinin aparılmasına nail olur.

Analizi aparan həkim ferrlisitin qaralmaya heç bir kömək etmədiyini, anemiyada isə xüsusi ağır hallarda və ciddi nəzarət altında tətbiq edildiyini bildirir. Həkim rəyinə görə, məhz bu inyeksiya 15 yaşlı qızın ölümünə səbəb olub. O, anafilaktik şok keçirib, huşunu itirib. Üstəlik, inyeksiya ürək bulanma və qusmaya səbəb olub. Huşsuz Kalinka öz qusuntusunda boğularaq ölüb.

Həkim iynənin axşam yeməyindən əvvəl vurulması iddiasını da şübhə altına alır. Toxumaların analizi nəticəsində heç bir immun reaksiyasının olmadığına istinad edərək ölümün inyeksiyadan dərhal sonra baş verdiyini deyir.

Ciddi ittihamların irəli sürüldüyü ekspert rəyini alan Bamberski Krombaxın məsuliyyətə cəlb olunacağına ümid edir. Amma prokuror sübutları yetərli saymayaraq cinayət işinə xitam verir. Sonrakı hadisələr zamanı da Almaniya hüquq-mühafizə orqanları Diter Krombaxa qarşı əcaib yumşaqlıq göstərirlər.

1983-cü ilin sentyabrında Oktoberfest pivə festivalı zamanı Lindauya gələn Bamberski Krombaxı ittiham edən vərəqə paylayır. Üz tərəfində Kalinkanın şəkli olan kağızın arxasında yazılırdı: “Lindau sakinləri! Bilməlisiniz ki, şəhərinizdə Diter Krombax adlı qatil yaşayır. O, 1982-ci il iyulun 10-da mənim qızımı zorlayıb və öldürüb. Amma həkimlər, polislər və prokurorlar onun cinayətini gizlədirlər. Ədalətə nail olmaqda mənə kömək edin”.

Əvəzində polis onu həbs edərək böhtanda, asayişi pozmaqda və prokurorluğun nüfuzunu ləkələməkdə ittiham edir. Üzərində olan 2 min markanı girov qoyan fransız azadlığa çıxır və ölkəsinə qayıdır. Özünün iştirak etmədiyi məhkəmə onu 400 min marka cərimə edir. Beləliklə, Almaniya ərazisi onun üçün bir müddət yasaq bölgəyə çevrilir.

***
Fransa qanunvericiliyinə görə, ölkənin hüquq-mühafizə orqanları Fransa vətəndaşına qarşı istənilən dövlətdə baş vermiş cinayətə görə iş aça və günahkarı məsuliyyətə cəlb edə bilərdilər. Kalinka da Fransa vətəndaşı idi. Bamberski bu yurisdiksiyadan istifadə edir.

Fransa hakimiyyəti cinayət işi açmazdan əvvəl cəsədin daha bir ekspertizasını aparmaq qərarına gəlir. 1985-ci ilin dekabrında baş tutan eksqumasiya zamanı Kalinkanın cinsi orqanlarının kəsildiyi aşkar edilir. Beləliklə, onun zorlanıb-zorlanmadığını müəyyənləşdirmək olmur.

Məsələnin araşdırılması ləng gedirdi. Dəlil-sübutlar, eləcə də şahidlər və şübhəli şəxs Almaniyada idilər və əməkdaşlıq etməyə meylli deyildilər (o cümlədən, qızın anası). Kalinkanın ürəyindən, ciyərlərindən, dərisindən götürülmüş nümunələri yalnız 1988-ci ildə Almaniyadan almaq mümkün oldu. Ekspertiza qızın inyeksiyadan sonra asfiksiya nəticəsində öldüyü qənaətinə gəldi. Diter Krombaxa qarşı ittiham irəli sürüldü və Almaniyadan ekstradisiyası istənildi.

Almaniya konstitusiyasının 16-cı maddəsi vətəndaşın xarici ölkəyə ekstradiyasını qadağan edir. Amma eyni zamanda “qanunun aliliyi prinsipi gözlənilməklə” AB üzvü olan ölkəyə və Beynəlxalq cinayət məhkəməsinə verilməsi mümkün sayılır. Buna baxmayaraq, almanlar Krombaxı Fransaya təhvil verməkdən imtina edirlər.

Belə olduqda, Fransa Krombaxı qiyabi mühakimə etməyi qərara aldı. Bu zaman müttəhim özü iştirak etmədiyinə görə, Fransa cinayət-prosesual məcəlləsinin tələblərinə uyğun olaraq, məhkəmə onun vəkillərinə də çıxış etmək, sübutlar təqdim etmək hüququnu tanımadı.

1995-ci il martın 9-da məhkəmə Diter Krombaxı “xəsarət yetirməklə istəmədən ölümə səbəb olmaq”da günahkar bilərək 15 il həbs cəzası kəsdi. Amma əgər Andre Bamberski bundan mənəvi məmnunluq duydusa da, qısamüddətli oldu. Krombaxın şikayətini araşdıran Avropa İnsan Haqları Məhkəməsi müdafiə hüququnun pozulduğunu əsas gətirərək 2001-ci ildə onun xeyrinə qərar çıxardı. Üstəlik, Fransa ona 100 min frank ödəməli idi.

***
Bununla belə, alman həkimin də işləri qaydasında getmirdi. 1989-cu ildə Daniellə boşanır. 1997-ci ildə başqa hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunur. Mədəsindən şikayət edən 16 yaşlı qıza zond udmağın ağrılı iş olduğunu deyərək narkoz təklif edir. Bu təkliflə razılaşan qız narkozdan ayıldıqda həkimin onun üzərində uzanıb zorladığını görür.

Öz pasiyentlərinə heç də birinci dəfə təcavüz etməyən (bu, sonra aydın olacaq) Krombax yeniyetmə qızın da susacağına ümid edir, amma belə olmur. Qız hər şeyi valideynlərinə danışır, onlar da məhkəməyə müraciət edirlər. Hadisəni eşidən daha 5 qadın Krombaxın onları da zorladığını deyərək məhkəməyə müraciət edirlər. Amma çox vaxt keçdiyindən heç bir sübut təqdim edə bilmirlər.

Almaniya məhkəməsi Krombaxla inanılmaz yumşaq davranır. 16 yaşlı qızı köməksiz vəziyyətdə zorlayan həkimi şərti olaraq 2 il azadlıqdan məhrum edirlər və azadlığa buraxırlar. Doğrudur, həkim lisenziyazı da ləğv edilir.

Bundan sonra Diter Krombax hər birində qısa müddət olmaqla müxtəlif şəhərlərdə yaşayır və qanunsuz şəkildə həkimliklə məşğul olur. O, təhvil verdiyi lisenziyasının kserosurətini xəstəxanalara təqdim edir, əslini itirdiyini söyləyir. Artıq internet dövrünün başlamasına baxmayaraq, işəgötürənlərdən heç biri onu adını axtarışa verib maraqlanmır.

Yalnız 2006-cı ildə Rödental şəhərində bir qadın onu tanıyır və ifşa edir. Krombax bu dəfə qanunsuz həkim fəaliyyətinə görə 2 il 4 ay azadlıdan məhrum edilir. Amma cəmi 11 aydan sonra vaxtından əvvəl azadlığa buraxılır.

İllər ötdükcə Andre Bamberskinin həm ümidi, həm də vaxtı azalırdı. 2012-ci ildə qətldən 30 il keçəcək və Fransa qanunlarına cinayət təqibi dayandırılacaqdı. Məhz bu zaman o, Kosovo serbi olan Anton Krasniçi ilə tanış olur. Bu tanışlıq haqqında iki versiya mövcuddur.

Birinci versiyaya görə, Krombaxın qanuni yollarla Fransaya gətirilməsinə ümidini itirən Bamberski onu oğurlayıb gətirmək qərarına gəlir, bu işi görəcək adamlar axtarır və Anton Krasniçiyə çıxır.

İkinci versiyaya görə, Anton özü bu hadisə haqqında öyrənir – internetdən və ya 2006-cı ildə almanlar tərəfindən çəkilən “Kalinkanın son səyahəti” (Kalinkas letzte Reise) adlı sənədli filmdən. O da mümkündür ki, əvvəl filmə baxıb, sonra internetdən öyrənib.

Hər halda, ikinci versiyaya görə, o, Bamberskini tapır və özündə ikrah hissi doğuran yaramaz həkimi gətirmək üçün köməyini təklif edir. Anton özünə heç nə istəmədiyini, yalnız xərcləri ödəmək və köməkçilərinə vermək üçün 20 min avro lazım olduğunu deyir, Bamberski də razılaşır.


Onlar ikilikdə Krombaxın həmin vaxt yaşadığı Şaydeqq şəhərinə gəlirlər (bütün bu müddət ərzində Bamberski qızının qatili saydığı adamı izləmək üçün özəl detektivlər tuturdu). Andre həkimin özünü və yaşadığı evi Antona göstərir.

Anton Krasniçi, gürcü Kaxa Bablovani və rus İvan 2009-cu il oktyabrın 18-ə keçən gecə Diter Krombaxı oğurlayaraq əl-qolunu bağladılar, ağzını tıxadılar, maşını ön və arxa oturacaqları arasında yerə ataraq yola düşdülər. Onlar Fransa sərhədini keçən kimi elə ilk şəhərdə – Müluzda Krombaxı Tiyol küçəsində qoyaraq Bamberskiyə zəng etdilər. Bamberski də polisi xəbərdar etdi. Qısa müddət sonra polis Krombaxı tapdı. Beləcə, Kalinkanın ölümündə 27 il sonra Diter Krombax Fransa hüquq-mühafizə orqanlarının əlinə keçdi.

***
Vəkilləri Krombaxın oğurlanmasının qanunsuz olduğunu əsas gətirərək azad edilməsini istədilər. Bu və digər hüquqi çəkişmələrin detallarına varmaqla oxucunu çox yormadan deyim ki, Fransa məhkəməsi Diter Krombaxı qəsdən olmadan adam öldürməkdə təqsirli bilərək 15 il azadlıqdan məhrum etdi.

Andre Bamberski hökmlə tam razı deyildi. O hesab edirdi ki, Krombax onun qızını huşsuz vəziyyətə gətirib (nümunələrin yeni, əvvəllər olmayan metodla analizi benzodiazepin kimi güclü anestetik aşkar etdi) zorladıqdan sonra qəsdən öldürüb. Amma yenə də məmnun olmaya bilməzdi. O, ömrünün az qala 30 ilini sərf etdiyi mübarizədə qalib gəlməyi bacarmışdı. O, hökmdən sonra qızının məzarını ziyarət edərək “daha rahat yata bilərsən” deyir.

Bamberski özü adam oğurluğunun təşkilinə görə cinayət məsuluyyətinə cəlb edildi və 1 il şərti cəza aldı. Anton Krasniçi və Kaxa Bablovani isə 1 il həbsdə yatmalı oldular. İvanın şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadı.

Diter Krombax səhhətinin ağırlaşması səbəbindən 2020-ci ilin fevralında azad edildi və Almaniyaya verildi. O, həmin ilin sentyabrında öldü.

Hadisə haqqında 2016-cı ildə “Qızım naminə” adlı film çəkildi. Andre Bamberskinin rolunu Daniel Otey, Diter Krombaxn rolunu isə Sebastyan Kox ifa etdi.

Ana səhifəMənim FikrimcəKalinkanın qətli və 27 il sürən təqib