close

Keçmiş rektor prorektorun qətli haqda danışır: “Onun 1-2 aylıq uzaqlaşmasını istəyirdim”

Müşviq Atakişiyev və Tariyel Əhmədov. Foto: Wiki

Polis mayoru cinayət barədə 12 il sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib

13 il əvvəl Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə sifariş verməkdə ittiham olunan, həmin universitetin o vaxtkı rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyevin işi üzrə məhkəmə istintaqı başlayıb. O, məhkəmədə etiraf edib ki, prorektora xəsarət yetirilməsini, bir müddət onun işdən uzaqlaşmasını istəyib, lakin öldürülməsini istəməyib.

Tariyel Əhmədovun qətlilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu işi Siyavuş Hacıyevin sədrliyilə, Vüqar Quliyev və Aytən Əliyevadan ibarət hakimlər kollegiyası araşdırır.

Təqsirləndirilən şəxslər arasında iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev, onun bacısı oğlu Dəyanət Quliyev və onun dostu, İmişli rayonunda qonşu olduqları Samir Quliyev var.

Məhkəmədə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib. Orada göstərilib ki, Müşfiq Atakişiyev prorektorun onu nüfuzdan saldığını, yerinə rektor vəzifəsinə keçmək istədiyini düşünərək, bacısı oğlu Dəyanət Quliyevə onu avtomobillə vurmaq və ya başqa bir yolla aradan götürmək tapşırığı verib. Dayısının uzun illər ona maddi və mənəvi dəstəyini nəzərə alaraq, onun istədiyini yerinə yetirmək qərarını verib. Lakin o, plandan kənara çıxaraq, dayısının tapşırdığı işi həmyerlisi və dostu Samir Quliyevə 40 min dollar müqabilində həvalə edib. Lakin ona bu işin sifarişçisinin Müşfiq Atakişiyev olduğunu bildirməyib.

İttihama əsasən, Dəyanət Quliyev Samiri prorektorun yaşadığı evin yaxınlığında idman etdiyi meydançaya apararaq, onu göstərib. Samir Quliyev 10 gün ərzində onu izlədikdən sonra 2011-ci il sentyabrın 16-da dəmir boru parçasıyla onu başından vuraraq, qətlə yetirib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə qədər, yaxud da ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müşfiq Atakişiyev ifadəsində deyib ki, bu maddə ilə özünü qətiyyən təqsirli bilmir. Amma Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə özünü təqsirli sayır. Onun sözlərinə görə, mərhum prorektoru 1-2 aylıq işdən uzaqlaşdırmaq üçün ona xəsarət yetirilməsini istəyib, lakin onu öldürmək niyyəti qətiyyən olmayıb.

1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

Tariyel Əhmədovla əvvəllər yaxın münasibətləri olduğunu, uzun müddət birlikdə işlədiklərini deyən Müşfiq Atakişiyevin sözlərinə görə, sonradan münasibətlər korlanıb:

2011-ci ildə tətildən qayıdandan sonra müəyyən yerlərdən məlumat aldım ki, Tariyel Əhmədov qısa zamanda mənim yerimə – rektor vəzifəsinə keçmək istəyir. Hətta mən vəzifədən çıxandan sonra həbs elətdirmək niyyəti də var. Çox narahat və qısqanc adam idi. Mən heç bir təsisçini aldatmamışdım, xəyanət eləməmişdim. Rəhim Hüseynov da təsisçilərimizdən biri idi. Son həddə qədər dözdüm, gördüm ki, yox, Tariyel müəllim sakitləşmir. Yuxarı orqanlarda çalışanlarla əlaqələri vardı, bilirdim ki, istəsə, məni həbs elətdirə bilər. Mən də tanışlarla danışdım ki, mənə qarşı belə planları var. Dostlar mənə söz verdilər ki, rektorluq müddətinin uzadılması məsələsini 1-2 aya həll edəcəklər. Mən də həmin müddətdə onun uzaqlaşmasını, təcrid olunmasını istəyirdim. Çünki çıxılmaz vəziyyətdə qalmışdım. Ona görə bacım oğluna dedim ki, onu 1-2 aylıq xəstəxanalıq eləyin. Ölməsi mənə sərf eləmirdi. Çünki aramızda münaqişə vardı deyə, şübhələr mənə yönələ bilərdi. Təəssüf ki, bacım oğlu başıma belə bir oyun açdı. Özümü Cinayət Məcəlləsinin 126.1 maddəsilə təqsirli bilirəm və cəzamı da çəkməyə hazıram”.

Təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev də ifadə verib. O bildirib ki, mərhum prorektorla onun özünün də şəxsi münasibəti olub. Hətta daxili işlər orqanlarında işə götürülməsinə də Tariyel Əhmədov kömək edib.

Həm Təfəkkür, həm də İqtisad Universitetinin məzunu olduğunu deyən Dəyanət Quliyevin sözlərinə görə, 2000-ci ildən 2022-ci ilə qədər polis əməkdaşı kimi fəaliyyət göstərib. O, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində mayor rütbəsində xidmət edib.

Mən atamı uşaq olanda itirmişəm. Müşfiq Atakişiyev mənə atalıq eləyib. Nəinki mənə, bütün bacı-qardaşlarına dayaq olub. Tariyel Əhmədovla mənim şəxsi münasibətlərim vardı. Son vaxtlar mənə qarşı soyuq davranırdı. Dayımla bu barədə söhbət eləyəndə dedi ki, ondan da şikayətlər yazdırır. Fikirləşmişdik ki, onu ya maşınla, ya daşla, bir yolla şikəst eləyək. Bir müddət xəstəxanalıq olsun. Dayımın xəbəri olmadan mən İmişlidə qonşumuz, uşaqlıqdan dostum olan Samir Quliyevə dedim ki, belə bir problem var. Aparıb Tariyel Əhmədovu ona göstərdim. Əvvəl heç öldürdüyünü bilmədim. Səhər eşitdim ki, ölüb. Bu hadisədən sonra dayımla münasibətimiz korlanmağa başladı. Çünki o, öldürməyi deməmişdi. Bir-iki dəfə pul da istədim, vermədi. Axırıncı dəfə 4 min pul istəmişdim, borclarım vardı. Vermədi…”.

Dəyanət Quliyev dindirilərkən məlum olub ki, 2011-ci ildə baş vermiş cinayət barədə 2023-cü ildə polisə onun özü məlumat verib. Onun sözlərinə görə, içkili olub, hətta intihara da cəhd göstərib. Lakin uşaqları qarşısını alıb, özünü yuxarı mərtəbədən atmağa imkan verməyiblər:

Mənim başımda kista var, özümdə olmuram. Həmin gün “102”yə yığdım, dedim ki, belə bir iş törətmişəm”.

İttihama görə, Dəyanət Quliyev dayısından pul ala bilmədiyinə görə qisas məqsədilə 12 il sonra bu cinayət barədə polisə məlumat verib. Lakin o, məhkəmədə bunu təkzib edib. Polisə xəbər verməsini isə içkili olmasıyla əlaqələndirib.

Samir Quliyev isə ifadəsində cinayəti törətdiyini təsdiqləsə də, bunun müqabilində pul almadığını bildirib. Onun sözlərinə görə, Dəyanətlə uşaqlıqdan dost olublar və lazım olanda bir-birinə kömək ediblər:

“Dəyanət dedi ki, belə bir problem var, mən də dost kimi onun istədiyini yerinə yetirdim. Dəyanət demişdi ki, məni işimlə təhdid edir. O adamın kim olduğunu, Müşfiq müəllimlə problemlərini bilmirdim. Dəyanət aparıb göstərdi. Mən də bir neçə gün izlədim, sentyabrın 16-da səhər 5-də meydançada idman vaxtı gördüm ki, heç kim yoxdur, arxadan dəmirlə iki dəfə vurdum. Mənim onu öldürmək fikrim yox idi. Öldürmək fikrim olsaydı, bıçaqla gedərdim. Məqsədim qorxutmaq idi, ehtiyatsızlıq elədim”.

Mərhum Tariyel Əhmədovun oğlu Zaur Əhmədov da məhkəmədə ifadə verib. O bildirib ki, atası ilə rektor arasında həqiqətən problem vardı:

 “2004-cü ildən danışmırdılar, 7 il küsülü olublar. Hadisə günü bacım zəng eləyib xəbər verdi. Əvvəl dedilər ki, özü yıxılıb, başı daşa dəyib. Sonra ekspertiza rəy verdi ki, öldürülüb. Mən əsas yeznəmdən şübhələnirdim, bir də Müşfiq Atakişiyevdən. Təsisçilik payı ilə əlaqədar hadisədən sonra 5-6 dəfə Müşfiq Atakişiyevlə görüşmüşdük. Deyirdi ki, mən eləməzdim, çünki aramızdakı narazılığa görə hamı məndən şübhələnərdi”.

O təsdiqləyib ki, atasının Müşfiq Atakişiyevin vəzifəsini tutmaq niyyəti olub:

“Deyirdi ki, sentyabrda Müşfiq başqa vəzifəyə gedəcək, onun yerinə mən keçəcəm. Özü könüllü getməsə, tutacaqlar”.

Məhkəmə prosesi yanvarın 31-də davam edəcək.

Ana səhifəSosialKeçmiş rektor prorektorun qətli haqda danışır: “Onun 1-2 aylıq uzaqlaşmasını istəyirdim”