close

Kinorejissor 8 illik həbs və şallaqdan qurtulmaq üçün İrandan qaçıb

Mohammad Rasoulof. Foto: Reuters

O, “Müqəddəs əncirin toxumu” filminin heyətinin hazırda təzyiq altında olduğunu deyir

İranlı kinorejissor Mohammad Rasoulofun bu ölkəni gizli tərk edərək Avropaya qaçdığı bildirilir.

Kinorejissorun sözlərinə görə, İslam İnqilab Məhkəməsinin ona qarşı çıxardığı hökmdən sonra belə qərar verib.

Vaxtım az idi, həbsxana və İranı tərk etmək arasında seçim etməli oldum. Ürək ağrısı ilə sürgünü seçdim. İran hökuməti 2017-ci ilin sentyabrında pasportumu müsadirə etdiyinə görə ölkəni gizli tərk etməli oldum”, – kinorejissor deyib.

Mohammad Rasoulofun sözlərinə görə, son işi olan “The seed of the sacred fig” (“Müqəddəs əncirin toxumu”) filminin aktyorlarının hamısı İranı tərk edə bilməyiblər.

Hazırda İranın təhlükəsizlik orqanları onlara təzyiq göstərir. Filmin iştirakçıları dindirilir, barələrində cinayət işi qaldırılır, ölkədən çıxışlarına qadağa qoyulur. Onlar kinooperatorun kabinetinə soxulub bütün avadanlıqları götürüblər. Filmin səs prodüserinin də Kanadaya səfəri qadağan edilib”, – Mohammad Rasoulof bildirib.

O, dünya kino ictimaiyyətini bu cür filmlərin yaradıcılarına dəstək olmağa çağırıb.

Əlavə edib ki, “Müqəddəs əncirin toxumu” filminin yaradılmasında iştirak edən hər bir kəs hazırda təhlükə altındadır.

2024-cü il mayın 8-də İslam İnqilab Məhkəməsi iranlı kinorejissor Mohammad Rasoulofu 8 il həbs, həm də şallaq, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb.

Məhkəmənin qərarına görə, Rasoulofun filmləri İran hakimiyyətinə qarşı yönəlib.

Onun vəkili Babək Paknia bildirib ki, hökm Mohammad Rasoulofun ictimaiyyətə verdiyi açıqlamalara, eləcə də onun yaratdığı bədii və sənədli filmlərə əsaslanır.

Ana səhifəMədəniyyətKinorejissor 8 illik həbs və şallaqdan qurtulmaq üçün İrandan qaçıb