close

Sayt rəhbəri hakimin davranışına etiraz olaraq aclıq edir

Foto: Osman Rzayevin şəxsi arxivindən

Hakimiyyət ölümümlə rahatlaşacaqsa, ölərəm”

Göygöl rayon sakini, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan Osman Rzayevin həbsdə aclıq etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə danışan Arzu Rzayeva deyir ki, həyat yoldaşı qanunsuz həbsinə, xüsusilə də hazırda Gəncə Apelyasiya Məhkəməsində onun işinə baxan hakimlərin davranışına etiraz olaraq, özünə qəsd edir.

“Demokratik.az” saytının rəhbəri olan 40 yaşlı Osman Rzayev iki ilə yaxındır ki, həbsdədir. Osman Nərimanoğlu kimi tanınan sayt rəhbərinə 2023-cü ilin yanvarında 6 il 6 ay həbs cəzası kəsilib. O, Göygöl Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və əməkdaşları da daxil olmaqla, 9 nəfəri saytda rüsvay etməklə hədələyib, pul almaqda ittiham olunur. Özü isə bu ittihamı rədd edir, yaşadığı rayonun xəstəxanasında baş verən korrupsiyanı, dərman maxinasiyalarını ictimailəşdirdiyinə görə cəzalandırıldığını deyir. O bildirir ki, xəstəxananın direktoru Vasif Əliyevin rayonun prokuroru ilə yaxın münasibətləri var. Bu münasibətlərdən də istifadə edərək, onu cəzalandırıb.

“Sanki məhkəmə zalında yox, küçədədir”

Osman Nərimanoğlu hökmdən şikayət verib və xeyli vaxtdır ki, bu işə Gəncə Apelyasiya Məhkəməsində baxılır. Apelyasiya şikayəti hakim Salman Hüseynovun icraatındadır.
Arzu Rzayeva deyir ki, həyat yoldaşını hakimin ona qarşı kobud davranışı, qərəzli münasibəti vadar edib:

Gəncə Apelyasiya Məhkəməsi. Foto: “gancapost.info/”

“Osmana danışmağa imkan vermir. Çox kobud, hakimə yaraşmayan ifadələr işlədir. Sanki məhkəmə zalında yox, küçədədir. Məhkəmə iclasları fasiləsiz video və audioyazı ilə aparılmalıdır. Osman söz deyən kimi, ekranda görürsən ki, video söndürüldü. Niyə? Sübutıarı gizlətmək üçün. Özü qışqırır, gülür, sanki lağa qoyur. Elə bil insan taleyini həll eləmir. Osman da gördü ki, başqa çarəsi yoxdur, mayın 13-dən aclıq edir. Deyir ki, hüquqlarım bərpa olunana qədər dayandırmayacağam, onsuz belə də öldürürlər məni…”.

“Bu iş xırda məmurluq deyil, daha yuxarı səviyyədə sifariş gəlib”

Arzu Rzayevanın sözlərinə görə, həyat yoldaşının işində zərərçəkmiş qismində tanınanlar məhkəməyə gəlmir. Osman Nərimanoğlu onların gətirilməsini tələb edir, məhkəmə prosesinin uzadılmasına etirazını bildirir:

“Artıq belə fikir formalaşıb ki, apelyasiya məhkəməsi qanunsuz, sifarişli hökmü qüvvədə saxlayacaq. Heç bir dəlil-sübut olmadan adama 6 il yarım cəza verilib, apelyasiya məhkəməsi də bunu araşdırmaq istəmir. Ortada nə şəkil, nə video, nə səs yazısı var. O hesab edir ki, bu iş xırda məmurluq deyil, daha yuxarı səviyyədə sifariş gəlib, ona görə belə rahat şəkildə bir adamın, bir ailənin ömrünü çürüdürlər. Ona görə bu hökumətdən qəti şəkildə narazıdır. Aydın görünür ki, Osmanın yaydığı tənqidi materiallar kimlərisə narahat edib, ona görə cəzalandırıblar. Xəstəxana ata mülki kimi talanır, xəstələr dərmansız qaldığı halda, verilən dərmanlar şəxsi apteklərdə satılır. Bunları yazdığına görə Osman cəzalandırılır, amma bu cinayətləri eləyənlər yox…”.

Osman Nərimanoğlu və Arzu Rzayeva. Foto: Meydan TV

Həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu deyən Arzu Rzayevanın sözlərinə görə, buna baxmayaraq, aclığı dayandırmaq niyyətində deyil:

“Çox ümidsiz vəziyyətdədir. Deyir ki, bu hakimiyyət mənim ölümümlə rahatlaşacaqsa, mən ölərəm. Aclığa başlaması haqda təcridxana rəhbərliyinə məlumat verib. Onu başqa kameraya köçürüblər”.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmət isə Osman Nərimanoğlunun aclıq etməsi haqda dediklərini təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, o, qida qəbulundan imtina etməsi ilə bağlı təcridxana rəhbərliyinə müraciət etməyib:

“Hazırda digər həbs edilmiş şəxslərlə bir kamerada saxlanılır. Həbs edilmiş şəxs qida qəbulundan imtina etməsi ilə bağlı müraciət etdiyi halda, onun səhhəti həkim nəzarətinə götürülməklə, digərlərindən təcrid edilmiş şəraitdə saxlanılması təmin olunacaq”.

Ana səhifəBölgəSayt rəhbəri hakimin davranışına etiraz olaraq aclıq edir