close

Konfliktoloq: “Əsas təzyiq Qarabağa qayıda bilməyən 5 min erməni ilə bağlıdır”

Laçın sərhəd-buraxılış məntəqəsi. Foto: report

Ekspertlər hesab edir ki, Qarabağı tərk edən Rusiya vətəndaşları və tələbələrdir

Son bir neçə gündə Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçənlərin sayının yüzlərlə olduğu qeyd edilir.

Azərbaycanın İctimai Televiziyasının (İTV) yaydığı məlumatda bildirilir ki, son 3-4 gündə Dağlıq Qarabağdan Ermənistana keçənlərn sayı 300-dən çoxdur. Sərhədi keçənlərin Rusiya pasportu daşıdığı və əksəriyyətinin gənclər və azyaşlılardan ibarət olduğu vurğulanır.

“Sərhəddən özü keçənlərlə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri ilə Qarabağdan aralarında xəstələrin olduğu şəxslər də Ermənistana aparılıb”, – deyə İctimai TV-in reportajında qeyd olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bir neçə gün əvvəl hökumət iclasında rəsmi Bakını ittiham edərək bildirib ki, sərhəd birtərəfli olacaq, nəticədə hər gün yüzlərlə erməni Qarabağı tərk edir.

Baş nazir baş verənləri Azərbaycanın təzyiqi kimi izah edir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə açıqlamasında Nikol Paşinyanın söylədiklərini doğru saymayıb.

Sabiq nazir son bir neçə gündə Qarabağdan gedənlərin daha çox tələbələr olduğunu güman edir:
“Bu, köç deyil”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

T.Zülfüqarov mövcud durumu Dağlıq Qarabağdakı daxili vəziyyətlə əlaqələndirir:

“Əvvəldən də Dağlıq Qarabağda 3 qrupun formalaşacağı ehtimal olunurdu və elə də oldu. Birinci qrupun formalaşmasında Vardanyanın iştirakı görünür, onun çağırışları müharibəyə davam kimi səslənir. İkinci qrup mülklərini müxtəlif formada qeydiyyatdan keçirməyə çalışanlardır, onlar hələ düşünürlər ki, bölgədə qalsınlar, ya qalmasınlar. Üçüncü qrup isə Qarabağda qalıb yaşamaq istəyir. Hələ bir neçə ay əvvəl Prezident İlham Əliyev demişdi ki, Azərbaycanın suverenliyi bərpa olunmalıdır”.

Zülfüqarov Laçın keçid-məntəqəsinin humanitar kommunikasiya olacağını qeyd edib:

“Yüklərin daşıması üçün isə Xankəndi-Ağdam yolundan istifadə ediləcək. Çünki orda avtomobil yolu da bərpa olunub, bir azdan sonra dəmir yolu da işə düşəcək”.

Konfliktoloq Arif Yunus da gedənlərin əksəriyyətinin Rusiyanın vətəndaşları olduğunu düşünür:
“Bunlar daha çox tələbələrdir, yaxud istirahət üçün vaxtı ilə gələnlərdir, indi də icazə alıb qayıdırlar”.

Onun sözlərinə görə, Qarabağdan getmək üçün icazə almaq lazımdır:

Arif Yunus. Foto: arxiv

 “İcazəsiz ərazini tərk etməyə qorxurlar”.

Arif Yunus onu da bildirir ki, hazırda 5 minə yaxın erməni Qarabağa qayıda bilmir:

“Əsas təzyiq də bu 5 min erməni ilə bağlıdır. Ancaq təzyiqin hansı formada olduğunu söyləmək mənə çətindir, sadəcə, Ermənistanın Baş nazirinin çıxışı bu kontekstdəydi. Düzdür, Nikol Paşinyan Şuşa, Hadrut, keçmiş Şaumyan rayonlarını da onların üstünə gələrək 35 min erməni olduğunu bildirir. Bunlar ayrıdır, amma 5 min nəfər Ermənistanda Qarabağ ermənisi var ki, qayıtmağa qorxur. Bu qorxunun yaranmasında Vaqif Xaçaturyanın həbsinin böyük təsiri oldu. İkinci səbəb Rusiya sülhməramlılarının təbliğatıdır. Ruslar onlara deyir ki, Azərbaycanın planı var: ya Qarabağı tərk etməlisiniz, ya da hamınızı Xaçaturyan kimi bir-bir həbs edəcəklər. Elə ruslar Azərbaycana Xaçaturyan barədə məlumat ötürüblər. Nəticədə Qarabağ ermənilərində vahimə güclənib ki, qayıdanda həbs olunacaqlar. Yəni buraxmağına buraxacaqlar, amma qayıdanda hansısa bəhanəylə ilişib saxlayacaqlar. Son günlər isə ərzaq və dərmanları buraxmırlar”.

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, hazırda Dağlıq Qarabağın blokadada olduğu barədə mübahisə gedir:

Səməd Rəhimli
Səməd Rəhimlinin şəxsi arxivindən

“Ərzaqların və insanların buraxılması ilə bağlı məsələdə isə Yerevan və Bakının mövqeləri fərqlidir. Ermənilər köç etmələrinə əsas səbəb kimi blokadanın yaratdığı humanitar vəziyyəti göstərirlər. Amma humanitar vəziyyətin yaranıb-yaranmamasını deyə bilmərəm. Bu gün tərəflər arasında bu mübahisə həll olunmadığından yekdil fikir söyləmək çətindir”.

Sərhəd-buraxılış məntəqəsi nə vaxt qurulub?

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib. Mayın 4-də

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb. Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətKonfliktoloq: “Əsas təzyiq Qarabağa qayıda bilməyən 5 min erməni ilə bağlıdır”