close

KU !!!

“Kin-Dza-Dza” filmi. Foto: Wiki

Zərdüşt Əlizadə

Bu yaxınlarda rəsmi dövlət qeydiyyatı süzgəcindən güc-bəla keçmiş partiya liderlərinə əmr etdilər ki, təzim edib üç dəfə “ku” qışqırsınlar

Bəzi dünyadan bixəbər və avam bəndələr hesab edirlər ki, bu ərazidə yaşayan rəiyyət “analoqsuz”, yəni tayı-bərabəri olmayan toplumdur. Yanılırlar.

Bütün dünya qitələrində – Avropa, Asiya, Afrika, Amerika və Avstraliya – zindəganlıq edən rəngbərəng toplumlar təxminən eyni tövrdür, sadəcə bəzilərinin boynuna bağlanmış kəndir, zəncir və ya xaltanın ipi bir uzundur, bəzilərinki həddən ziyadə qısa.
Vəssalam.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Təbii ki, toplumun içində azadlıq və bərabərlik aşiqləri, çox da olmasa, tapılır. Bu xam insanlar mücərrəd azadlıq və bərabərlik kimi ülvi, fəqət gerçəklikdən uzaq məfhumlara uyaraq çalışırlar ki, rəiyyəti oyadıb həmin bu ülvi məfhumlar uğrunda mübarizəyə qaldırsınlar. Tarix boyu bəzi insanlara qısa zaman ərzində rəiyyətin bir hissəsini oyatmaq müyəssər olub. Bu üsyankar və fədakar insanların adları cəmi bəşəriyyətə məlumdur – Nazaretli İsa, Muhamməd əl-Həşimi əl-Qureyşi və Karl Marks (böyründə də Fridrix Engels). Fəqət hər üçünün uğurla başladığı ictimai-siyasi layihələr bir qədərdən sonra iflasa uğrayıb, zira onlar bəşər övladının içində özünə möhkəm yer etmiş tamah, mənəmlik və şəhvət azarının yenilməz gücünü düzgün hesablaya bilməmişdilər. Onlar insanları olduqlarından daha uca hesab edib rəiyyətin daşıya bilməyəcəyi azadlıq yükünü qoymuşdular onun çiyninə, çiyin yağır olanda rəiyyət dəxi dözməyib bu ağır yükü çiynindən atmışdı və böyük həvəslə yeni boyunduruğun altına girmişdi.

Üsyankar azadlıq aşiqləri ilə yanaşı həm də azadlığı sevən, lakin açıq üsyana hünəri çatmayan məxluqat da mövcuddur. Bu məxluqat da rəiyyəti azadlıq uğrunda mübarizəyə səsləmək istəyir. İstəyir, lakin həm də ehtiyat edir, çünki bu rəiyyət sürüsünün çobanları toplumu azadlıq uğrunda mübarizəyə səsləyənləri ciddi cəzalandırırlar.

Çobanlar sürünün içində sarsılmaz sabitliyin tərəfdarıdırlar.

Açıq mübarizəyə səsləməyə hünəri çatmayan azadlıq aşiqləri nə edirlər? Onlar Ezop dilindən istifadə edirlər. Bu dildən istifadə tarixi çox qədimdir, təmsillər buna sübutdur. Bədii ədəbiyyatda və təsviri incəsənətdə, son dövrdə isə kino sənətində Ezop dilindən geniş istifadə olunur.

Sovet dövrü partiya nomenklaturası qurulub-oturuşmuş əyri-üyrü sovet cəmiyyətini həqiqi təsvir edən əsərləri qəti qadağan və təqib edirdi. Ehtiyatlı azadlıqsevər kino rejissorları da Ezop dilindən istifadə edib ürəklərini boşaldırdılar. Bu dil bəzən o qədər qəliz olurdu ki, geniş avam kütləyə çatmırdı. Belə filmlərdən birisini görkəmli komediya ustası Georgiy Daneliya çəkmişdi. “Kin-Dza-Dza” filmi ekranlara 1986-cı ildə çıxıb sovet cəmiyyətinin səmərəsiz silk imtiyazları və hədər qadağalar sisteminin mahiyyətini açmış və onu məsxərəyə qoymuşdu.
Cəmi beş ildən sonra isə həmin bu səmərəsiz sovet quruluşu çöküb dağılmışdı.

Georgiy Daneliya Kin-Dza-Dza qalaktikasında yerləşən Plyuk planetində mövcud olan və sovet quruluşunu hədsiz xatırladan gülünc bir quruluşu təsvir etmişdi. Bu quruluşun sərt qanunlarına görə “patsak”adlanan hüquqsuz məxlulat “çatlanin” adlanan ali silk nümayəndəsini görəndə əllərini yana açıb təzim etməli və itaət əlaməti olaraq “ku” qışqırmalıdır. Bu “çatlanin”in əyninə geydiyi şalvarın (sarı, qırmızı və tünd moruq) rəngindən asılı olaraq patsak “ku” kəlməsini bir, iki, bəzən isə üç dəfə qışqırmalıdır. Çatlanin heç bir sorğu-sual olmadan patsakın cibini soya, özünü həbsə ata bilər. Çatlaninləri sovet DTK və milisini xatırladan “etsilop” adlı cəza-keşik məxluqatı qoruyur.

Bu yaxınlarda rəsmi dövlət qeydiyyatı süzgəcindən güc-bəla keçmiş partiya liderlərinə əmr etdilər ki, təzim edib üç dəfə “ku” qışqırsınlar.

Patsaklar burunlarından balaca zınqırov -“tsak” asmağa məcburdurlar. Çatlaninlər bu zınqırovu tərpədib patsaklara onların kim olduqlarını xatırladırlar. Burnundan “tsak” asılmayan patsak ciddi cəzalandırılır.

Möhtərəm oxucu bu Ezop dilində çəkilmiş filmin silkli əbləh sovet cəmiyyətini düzgün təsvir etdiyini təsdiq etməlidir. Çatlanin – sovet partiya-təsərrüfat nomenklatura nümayəndələri, etsilop – DTK və DİN işçiləri, tsak – rəiyyəti əsarətdə saxlamağa xidmət edən rəsmi dövlət məfhum və ayinləri, patsak isə bu əbləh quruluşa dözən kölə ruhlu sovet adamları idi.
Filmə kim baxmayıb, və ya baxıb unudubsa, məsləhət görərdim mütləq baxasınız, zira bu aktuallığını əsla itirməmiş filmə tamaşa etdikcə gözəl anlayacaqsınız ki, SSRİ çöksə də, Plyuk planetinin ictimai-siyasi quruluşu əksər postsovet dövlətlərində cağbacağ durmaqda davam edir. Müstəqil dövlətlərin sıravi rəiyyəti həmin patsaklardır, yüksək vəzifəli məmurlar həmin çatlanindirlər, şanlı DTX və DİN işçiləri həmin etsiloplardır, burundan asılmış tsak isə hamının ağına-bozuna baxmadan aşkar itaət etməli olduqları gülünc sədaqət ayinləridir.

Bəs “ku” nədir? Məni qıdıqlayıb güldürməyin, “ku” – cəmiyyət nümayəndələrinin prezidenti və rəsmi dövlət siyasətinin müdafiəsinə sürüklənməsi nəticəsində həmin bu siyasətin aşkar dəstəklənməsinin ifadəsidir. Bəzən bu “ku”nu İmamverdi İsmayılov və Aqil Abbas kimi deputat mandatı ilə təltif edilmiş və bu mandatın sayəsində hədsiz varlanmış məxluqat müstəsna yaltaqlıq və mədhiyyə dombalaqları nümayiş etdirməklə könüllü bildirirlər. Bəzən isə bu “ku” başqa, daha kollektiv və təvazökar tövrdə zühur edir.

Bu yaxınlarda rəsmi dövlət qeydiyyatı süzgəcindən güc-bəla keçmiş partiya liderlərinə əmr etdilər ki, təzim edib üç dəfə “ku” qışqırsınlar. Burada “tsak” rolunu qeydiyyat oynayırdı.

Bütün partiya liderləri çox gözəl anlayırlar ki, onların partiyalarını rəsmi dövlət qeydiyyatına alanda onlara müstəsna lütf göstərib boyunlarına yekə bir minnət qoyublar, zira qeydiyyata almasaydılar, bu gerçək Azərbaycan mühitində onlar nə qələt edə biləcəkdilər? Məhkəməyə müraciət edəcəkdilər? Ya Leninin mavzoleyinə şikayət yazacaqdılar?

Prezident Aparatının bu alçaldıcı tələbini icra etməyə məcbur olmuş partiya liderləri yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan seçkilərdə müzəffər Ali Baş Komandanın uğurlu daxili və xarici siyasətini tənqid etmək hüququndan “könüllü” imtina etmişlər, zira seçki başlayanda onlar ağızlarını açan kimi imzaladıqları mədhiyyə məktubunu göstərib soruşacaqlar ki, “bu imza və mədhiyyə nədir, sizin indiki iftira dolu tənqidiniz nədir”?

Yəni sizin bu “ku” səmimi “ku” deyildi? Axı siz bir dəfə yox, üç dəfə “ku” qışqırmısınız!
Çərxi-fələk heç vaxt tərsinə dövran etmir, həmişə bir istiqamətdə dövr edib yenə həmin əvvəlki mənzilə yetişir.

“Çox sadədir, Vatson”.

Ana səhifəMənim FikrimcəKU !!!