close

Qələbə və xoşbəxtlik

Şuşada aparılan quruculuq işləri. Foto: Eva Mont/shutterstock

Zərdüşt Əlizadə

Dərindən baxanda, “münaqişə qurtarıb” hökmü də hələlik qəti deyil….

30 il çəkmiş məğlubiyyət bədbəxtliyindən sonra tale xalqımıza qələbə xoşbəxtliyini yaşamağı rəva gördü. Digər insanları bilmirəm, amma mən özüm daxilimdə bir rahatlıq, asudəlik və dinclik hiss etdim, zira həyatımın son 35 ili Qarabağ müşkülünə həsr edilmişdi. Çox çalışırdım, çox əlləşirdim, fəqət bir nəticə alınmırdı, nə müraciət etdiyim öz xalqım (məni əhatə edən məsləkdaşlarımdan savayı), nə də danışdığım erməni xalqının nümayəndələri mənim barış təkliflərimi eşitmək istəyirdi. Erməni cəmiyyətində tək bircə Georgiy Vanyandan başqa heç kəs güzəşt və barış sözünü eşitmək istəmirdi, onu da vətənində salmışdılar gözümçıxdıya, təqib və təhqir edirdilər. Ta ki, öldürüb rahatlandılar.

“Olmadılar razı onu bölməyə, iş çatdı ölüb-öldürməyə”. Yəni Qarabağ şikarını cəng yolu ilə bölmək lazım gəldi.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

3 min şəhid bizdən, 4 min onlardan, üstəgəl son döyüşdə 200 şəhid bizdən, 400 onlardan. Erməni fəallarından soruşmaq istərdim: “Bunu istəyirdiniz?” Ancaq bilirəm ki, məni hətta indi anlamayacaqlar. Onların öz, fərqli erməni dünyası, bu dünyanın öz erməni məntiqi var. Bu məntiqin dünyada misli-bərabəri yoxdur.

İctimai həyatda indi belə bir sual yaranıb dolaşır: “Qarabağ qayıdandan sonra nə?”
Yəni Qarabağ üzərində dövlət suverenliyi bərpa olandan sonra bu ərazidə yaşayan əhalinin qarşısında hansı növbəti məqsədlər durmalıdır?

Bəzi məqsədlər göz önündədir və onları hamı görür: viranə qalmış ərazinin minalardan təmizlənməsi, bərpası və didərgin düşmüş insanların doğma yurduna qayıdışı. Gözəl və nəcib məqsəddir, böyük vəsait və zəhmət tələb edir. Vaxt da lazımdır. Bərpa işləri on illərlə davam edəcək.

Bu zaman haqlı bir sual yaranır: Böyük Qayıdış və doğma yurdun bərpası işlərinin qarabağlılara dəxli var, ya yox?

Məsələn, oxudum və bildim ki, Şuşanın ərazisi 300 hektardır və hökumət onu nümunəvi kurort şəhərinə, dünya əhəmiyyətli mədəniyyət mərkəzinə çevirmək istəyir. Məndə sual yaranır: Şuşa camaatı ilə məsləhətləşmələr aparılıbmı? Atalar demişkən, “məsləhətli don gen olar”.

Yoxsa belə olacaq: köklü şuşalı 30 il ayrılıqdan sonra sevinə-sevinə doğma şəhərinə qayıdır, ürəyi əsə-əsə doğma evinə və həyətinə yaxınlaşır və görür ki, ev hələ durur, lakin həyətin bir hissəsi sökülüb və orada yeni bina tikilir. Axtarıb iş icraçısını tapır və utana-utana deyir ki, :”bura mənim həyətim, evim və mülkümdür, sahiblik sənədlərim də durur”. İş icraçısı hirslə ona baxıb deyir: “Get buradan, prezident əmr verib ki, burada idarə binası tikilsin”.

Şuşalı da gedib, zira müzəffər Ali Baş Komandan hara, sıravi şuşalı hara? Təzəcə tankı-topu olan erməni oldusunu basmış müzəffər üçün sadə şüşalını ayaqlamaq su içmək kimi asandır. Bunu gözəl anlayan sadə şüşalı ürəyində deyib ki, “eybi yox, tikinti və qayıdış qurtarandan sonra sahiblik sənədimi götürüb yollanaram məhkəməyə,  hakim nə qədər kəssə, o qədər də təzminat alaram. Ziyanın yarısından qayıdaram”.

Təbliğat zurna-balabanı öz yerində. Toy gecəsindən sonra gündəlik həyat başlayır, və bu həyat heç cür köçkünlərin artıq Bakıda öyrəşdikləri əyri-üyrü həyatımızdan fərqlənmir və fərqlənə də bilməz.

Şuşa icra hakimiyyətinin işçiləri yuxarıların göstərişi əsasında şuşalıları təkrar siyahıya alıb hamıdan soruşublar: “Kim Şuşaya qayıtmaq istəyir?” Qayıtmaq istəyənlər deyib ki: “Mən, mən qayıtmaq istəyirəm”.

Üstündən bir il keçəndən sonra dübarə zəng vurub soruşublar ki: “Kim Şuşaya qayıtmaq istəyir?” Yenə qayıtmaq istəyənlər deyiblər ki, bəli, biz qayıtmaq istəyirik.
Adlı-şanlı şüşalıları hərdən Şuşada keçirilən hökumət tədbirlərinə dəvət edirlər, onlar da fərəhlə bu tədbirlərdə iştirak edib teleçəkilişlərə düşürlər və sonra ekranda yüz nəfərin içində özlərini görəndə sevinirlər.
Bir də Şuşada aparılan bərpa işlərində ilk əvvəl şuşalı qaz, işıq, su və tikinti ustalarını işə götürürlər.

Şuşalıların doğma şəhərlərinin bərpası məsələsində iştirakı, mən bilən, elə bununla bitir. Ola bilsin, yanılıram, hansısa xəlvəti məsləhətləşmələr aparılır, fəqət bundan sıravi şuşalıların xəbəri yoxdur. Odur ki, sadə vətəndaşla məsləhətləşmək, onun rəyini nəzərə almaq məsələsində sovet Azərbaycanı ilə müstəqil Azərbaycan arasında heç tük qədər təfavüt yoxdur. Ənənə dəmir-beton kimi möhkəmdir, dəyişməyib. Səbəb də məlumdur.

2020-ci ildə, müharibədən dərhal sonra, yazdım ki, dünyada yüzlərlə mina təmizləmək sahəsində ixtisaslaşan şirkət var, ANAMA-nın gücü ilə o boyda böyük sahəni təmizləmək iynə ilə gor qazmağa bənzəyir, beynəlxalq tender elan edin, bütün Qarabağı bir ilə təmizləsinlər. Qoy bir milyard dollar xərciniz çıxsın, vətənə qayıdan əhali işləyib o pulu bir ilə çıxarar, büdcəyə qaytarar.

2021-ci ildə yazdım ki, bərpa məsələsini əhalinin iştirakı ilə həll edin. Memarların layihələrini qoy hökumət komissiyaları təsdiqləsin, sonra həmin layihələr əsasında tikiləcək kəndlərin sakinlərinə şəxsən pul ayrılsın ki, evlərini özləri tiksinlər. Sakinin bankdakı hesabına evin dəyəri qədər pul qoyulsun, tikilib qurtarmış bünövrəni bankın göndərdiyi tikinti mühəndisinə göstərən sakin divarları ucaltmaq üçün pul ala biləcək, ucaldılmış divarları göstərəndən sonra damın pulunu ala biəcək və sairə.

Belə olan halda yurduna qayıdan sakin doğma evini özü tikmiş olacaq və azı bir il elə öz kəndində və həyətində lap elə çadırda yaşayıb ora dübarə isnişəcək. Tikilib qurtarmış evə özü də, ailəsi də böyük xoşbəxtlik hissi ilə köçəcəklər.

Bir təcrübəli müsahibim etiraz edib dedi ki, sən bizim adamları tanımırsan, elə öz evinin pulunu oğurlayacaq. Soruşdum ki, bu evləri tikən şirkətlər oğurlamır? Daşdan səs gəldi, müsahibimdən gəlmədi. Müxtəsər, bu təklif də havadan asılı qaldı.

İndi Qarabağın dağılmış şəhər və kəndlərini məxsusi şirkətlər tikir. Bina və mənzillər tikilib qurtarandan sonra qarabağlı köçkünləri yığıb ora gəlin kimi köçürürlər. Təbliğat zurna-balabanı öz yerində. Toy gecəsindən sonra gündəlik həyat başlayır, və bu həyat heç cür köçkünlərin artıq Bakıda öyrəşdikləri əyri-üyrü həyatımızdan fərqlənmir və fərqlənə də bilməz. Yəni iş yoxdur, insanlar “dolanışıq” xatirinə yenə hakimiyyətin əlinə baxır. Böyük səs-küylə təbliğ edilmiş Ağalı “ağıllı” kəndində nə camış ferması, nə də onun istehsal etdiyi “motsarella” pendiri görünmür. Bəlkə də var, varsa, hakimiyyətin tam nəzarətində olan KİV bu cahanşümul qələbəni nədənsə təbliğ etmir.

Dərindən baxanda, “münaqişə qurtarıb” hökmü də hələlik qəti deyil, dünyanın işləri qəlizdir, bir də gördün çərxi-fələk tərsinə dövran etdi və…

Azərbaycanı Konstitusiyası işləyən, məhkəməsi, parlamenti və mediası müstəqil olan, əhalisi polisdən qorxmayan, öz hüquq və azadlıqlarını bilən və onu qorumaq üçün mübarizəyə əzmi və cəsarəti çatan vətəndaşı olan bir dövlətə çevirmək kimi uzunmüddətli strateji məqsədlərdən dəxi yazmıram, bu məqsədlər hamıya bəllidir, gün çıxanda hava işıq olur, gün batanda, qaranlıq çökür qədər bəsitdir.

Xoşbəxtlik üçün ümid vacibdir. Möhtərəm xanımlar və bəylər, əziz yoldaşlar, ledi və centlmenlər, hamınızı nikbin və ümidli olmağa çağırıram. Həyat mənə öyrədib ki, hər şey ötüb keçir, tək bizlər yox, yaşayıb gördüyümüz həlləm-qəlləm işlərin də axırı var, ötüb keçəcəklər.
Bu həlləm-qəlləm işləri digər, yeni və daha mükəmməl həlləm-qəlləm işlər əvəz edəcək, zira həyat davam etdikcə, insanlar özləri bu həlləm-qəlləm işləri yaradırlar.

Ana səhifəMənim FikrimcəQələbə və xoşbəxtlik