close

Küçə ticarəti ilə məşğul olan şəxs: “20 manat rüşvət vermədim deyə həbs olundum”

“Memar Əcəmi” metrosunun ətrafı. Fotolar: Meydan TV

İsmayıl Tağıyev şikayət etdiyi üçün təhdid olunduğunu deyir

“Polis əməkdaşlarına gündəlik iyirmi manat rüşvət vermədiyim üçün məni on sutkalığına həbs etdilər”.

Bunu Meydan TV-yə İsmayıl İkram oğlu Tağıyev deyir.

Onun sözlərinə görə, iki ildir ki, Bakının “Memar Əcəmi” metrostansiyasının üstündə küçə ticarəti ilə məşğul olur:

“Polis əməkdaşlarına gündəlik iyirmi manat pul verirdim. Təxminən altı-yeddi ay onlara pul vermədim. Mənə dedilər ki, küçə ticarəti qadağandır, mallarını yığışdır. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları məni tabesizlik adı ilə on sutkalıq həbs etdilər”.

Vətəndaş deyir ki, onu İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə məhkəmə qarşısına çıxarıblar:

“Maddi vəziyyətim pis olduğu üçün apelyasiya şikayəti verə bilmədim. Mayın 27-dən iyunun 6-dək həbsdə oldum. Üstəlik, 81 manat da cərimə etdilər. Hazırda həmin ərazidə küçə ticarəti ilə məşğul olan yüzlərlə vətəndaş var. Əgər küçə ticarəti qadağandırsa, niyə hamıya tətbiq edilmir? Niyə ayrı-seçkilik edirlər? Çünki onlara gündəlik pul verməkdən imtina etdim. Onlar da məni belə cəzalandırmaq qərarına gəldilər”.

Mənə qarşı haqsızlıq etdikləri üçün Daxili İşlər Nazirliyinə, Bakı Baş Polis İdarəsinə gedib, ərizə yazdım. Əlimə cənab prezidentin şəklini götürmüşdüm. Məni təhdid etdilər ki, sən bu şikayəti davam etdirsən, səni “sroka gönədərəcəyik”. Ona görə də qorxub, şikayətimi geri götürdüm”, – deyə o bildirib.

Daxili İşlər Nazirliyinə vətəndaşın şikayəti əsasında göndərdiyimiz sorğu cavablandırılmayıb.

Həmçinin metro üstündəki ticarət obyektləri ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə etdiyimiz zənglər cavabsız buraxılıb.

“Küçə ticarəti qadağan deyil…”

İctimai fəal, işçi hüquqları müdafiəçisi Afiəddin Məmmədov Meydan TV-yə deyir ki, küçə ticarəti qadağan deyil:

Küçə ticarəti ilə bağlı 1999-2000-ci illərdə həmin dövrün Prezidenti Heydər Əliyevin imzaladığı sərəncam var. Sərəncama əsasən, istənilən vətəndaş müəyyən istisna olan yerlər çıxılmaq şərtilə digər bütün ərazilərdə küçə ticarəti ilə məşğul ola bilər. Bunun üçün icazə sənədi alınmalıdır. ASAN Xidmətdə VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açırsan. Bundan sonra fəaliyyət göstərmək istədiyin yeri seçib, ərazi üzrə Səyyar Xidmət Departamentinə yazılı müraciət edirsən. Departament nümayəndələri də sənin müraciətinin “Küçə ticarəti haqqında” Qanuna uyğun olub-olmadığına qərar verir. Cavabları müsbət olarsa, sən vergi ödəyicisi kimi rəsmən küçə ticarətilə məşğul ola bilərsən”.

Ekspert deyir ki, küçə ticarəti ilə məşğul olmaq üçün qadağan olunan ərazilər var:

Bunlar metroların üstü, xüsusi dövlət əhəməiyyətli obyektlərin yanı, uşaq bağçaları, məktəblərin ətrafıdır. Bu ərazilərin xaricində hansısa yerlərdə küçə ticarətinə icazə var. Bəzi məhsullar var ki, onların küçədə satmaq qanunla qadağandır. Bunlar da əsasən yeyinti məhsullarıdır ki, onların saxlanma şəraitini düzgün tənzimləmək olmur”.

Afiəddin Məmmədov deyir ki, Azərbaycanda küçə ticarəti ilə məşğul olan işçilər bilərəkdən maarifləndirilmirlər:

İsmayıl Tağıyev

Metroların üstündə ticarətin hələ də davam etməsinin səbəbi polisin rüşvət alması ilə əlaqədardır. İnsanlar qanunu bilmədikləri üçün əraziyə görə 15-20 manat arasında polislərə rüşvət verirlər. Bunun qarşısını almaq üçün ölkədə birinci növbədə rüşvət yığışdırılmalıdır. Dövlət tərəfindən də bu istiqamətdə qəsdən maarifləndirmə aparılmır. Ümumiyyətlə, işçi məsələləri Azərbaycanda susqunluqla qarşılanır. Vətəndaş da heç bir məlumat ala bilmədiyi üçün məcburən qeyri-qanuni yollara əl atır”.

Küçə ticarəti yox, qanunsuz küçə ticarəti qadağan edilib”

Hüquqşünas Namizəd Səfərov da Meydan TV-yə bildirib ki, qanunvericilikdə küçə ticarəti yox, qanunsuz küçə ticarəti qadağan edilib:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi inzibati xəta tərkibi yaradır və inzibati məsuliyyətə səbəb olur. Bu əmələ yol verən şəxslər 81 manat məbləğində cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi qanuni hesab edilir və təbii ki heç bir məsuliyyətə də səbəb olmur”.

Namizəd Səfərov
Foto: Namizəd Səfərovun şəxsi arxivindən

Hüquqşünas deyir ki, küçə ticarəti ilə məşğul olan şəxslər ölkədə qorunmurlar, müdafiə olunmurlar. Hər bir halda polis və vergi orqanları məsələdə haqlı çıxır:

Verginin arxasında dövlət orqanları, polislərin arxasında da prokurorluq, məhkəmə durur. Ona görə də vətəndaş üzərində qalıb gəlirlər. İstəyirlər, vətəndaşa on beş sutkalıq verirlər, yaxud da cərimələyirlər. Hətta istəyəndə malını da təpikləyib dağıda bilirlər. Cinayətkar bir sistemdir, dəyişilməlidir. Ən azından ticarət sistemində kökündən islahatlar aparılmalıdır. Nəyə görə Azərbaycanda insanlar alverlə məşğul olmalıdır? Onlar üçün iş yerləri açılmalıdır. Vətəndaş orda-burdan göyərti alıb, küçədə satmalı deyil”.

Ana səhifəSosialKüçə ticarəti ilə məşğul olan şəxs: “20 manat rüşvət vermədim deyə həbs olundum”