close

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Qubad İbadoğluna azadlıq tələb edir

Foto: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması

“Ona qarşı irəli sürülən ittihamlar əsassız və qərəzlidir”

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı bəyanat yayıb.

Sənəddə vurğulanır ki, koalisiyanın üzvü olan Qubad İbadoğlu saxlanılarkən xüsusi zorakılığa məruz qalıb, əmlakına zərər vurmaqla saxlanılıb və həmin gecə ofisində axtarış aparılıb.

“Qubad İbadoğlu və polis tərəfindən saxlanılarkən onunla birlikdə olan, 7 saat müddətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan həyat yoldaşı polis tərəfindən xüsusi amansız zorakılığa və qeyri-insani rəftara məruz qalmış, müxtəlif dərəcəli bədən xəsarəti və psixoloji travma almışdır. Hakimiyyət bununla Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin tələblərini (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) kobud şəkildə pozmuşdur”, – bəyanatda vurğulanır.

  Sənəddə ona qarşı açılmış ciayət işinə, evində aparılan axtarışa və məhkəmənin həbs qərarına toxunulur.

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası  hesab edir ki, Qubad İbadoğluna qarşı irəli sürülən bu ittihamlar əsassız və qərəzlidir, onun  həbsi uzun illər ərzində hakimiyyətin dərin korrupsiyaya uğramış idarəetməsini, sosial-iqtisadi siyasətini tənqid edən mövqeyi, ictimai-siyasi fəaliyyəti ilə birbaşa bağlıdır.

Qubad İbadoğlu ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biri olaraq, dünyada ölkəmizi layiqincə təmsil edən iqtisadiyyat üzrə alimdir. O, London İqtisadiyyat Məktəbi (LSE), ABŞ-ın Duke və Ratqers (Rutgers) kimi dünyanın nüfuzlu universtetlərinin professoru olmaqla yanaşı, şəffaflıq üzrə ekspert alim qismində MHŞT kimi dünyanın nüfuzlu təşkilatının Beynəlxalq İdarə Heyətinin üzvü olaraq uzun illər ölkəmizi ləyaqətlə təmsil edib. Bütün bunları nəzərə alaraq, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq  Qubad İbadoğlunun həbsini pisləyir və dərhal azad olunmasını tələb edirik”, – bəyanat müəllifləri deyir.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.

Ana səhifəSiyasətMədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Qubad İbadoğluna azadlıq tələb edir