close

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Foto: Ağadadaş Ağayevin “Youtube” səhifəsi

Müğənni canlı yayımda danışacağını deyib

Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib ki, Ağadadaş Ağayev xəstəxanaya iki dəfə gəlib və hər ikisində də aqressiv olub.

“Görüntülər tam deyil, qısadır. Mən də dünən təsadüfən baxdım. Ağadadaş Ağayev xəstəxanaya girib, söyüş söyməyə başlayıb, qeyri-adekvat hərəkətlər edib, çox aqressiv olub. Onu heç cür sakitləşdirmək mümkün olmayıb. Hətta bizim klinikanın bir əməkdaşı var, cavan oğlan, onu da itələyib. Ağadadaş Ağayev niyə həmin vəziyyətdə gəlib, aqressiya göstərib, səbəbini bilmirik, anlamırıq, nə də başa düşmürük. Xəstəxanaya ikinci dəfə isə əlində balta ilə qayıdıb”, – xəstəxananın vəkili efirdə deyib.

Bildirilib ki, hadisə iyulun 22-də səhər saat 7 radələrində baş verib. Binəqədi Rayon Polis İdarəsində Ağadadaş Ağayevlə bağlı araşdırma başlayıb. Ondan xəstəxananın gözətçisi N.Cəlilov şikayət edib N.Cəlilov iddia edib ki, Ağadadaş Ağayev onu söyüb, balta ilə hədələyib. Şikayətçinin sözlərinə görə, 68 yaşlı müğənni ona balta atıb. Amma balta ona yox, yanındakı qadının ayağına dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti polis idarəsində belə bir şikayətlə bağlı araşdırma aparıldığını təsdiqləyib

Sosial şəbəkələrdə yayılan digər məlumatlarda iddia olunur ki, həmin xəstəxananın yaxınlığında yaşayan Ağadadaş Ağayev bir neçə gün öncə qulağından əməliyyat olunubmuş.  Hadisə baş verən gün o, həyətinin qapısını açıb, xəstəxananın gözətçisindən tibb bacısı çağırmasını istəyib ki, qulağına baxsın. Gözətçinin isə cavabında “mən niyə çağırıram, get, özün çağır”, – dediyi bildirilir. Nəticədə mübahisə davaya çevrilib. İddia olunur ki, gözətçi Ağadadaş Ağayevi döyüb. Sonra Ağadadaş Ağayev evdən balta götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib. Daha sonra sosial şəbəkələrdə hadisənin video-görüntüləri yayılıb

Xəstəxananın vəkili Xeyransa Abdullayeva isə görüntülərin xəstəxananın kameralarına aid olduğunu, lakin sosial şəbəkələrdə necə yayılmasından xəbərsiz olduqlarını bildirib. Məsələ ilə əlaqədar APA-ya danışan Ağadadaş Ağayev “Böyüdüləcək bir hadisə deyil. Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm”, – deyib.

Ana səhifəSosial“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”