close

Milli azlıqlar üzrə tədqiqatçı saxlanılıb

Həbs. Foto: Meydan TV

İqbal Əbilova qarşı dövlətə xəyanət, milli zəmində ədavət salma kimi ittihamlar irəli sürülüb

Azərbaycandakı milli azlıqlarla, o cümlədən talışlarla bağlı araşdırma aparan tədqiqatçı İqbal Əbilov saxlanılıb. Özü də milliyyətcə talış olan İqbal Əbilov dövlətə xəyanət, milli zəmində ədavət salma kimi ittihamlarla şübhəli şəxs qismində tutulub.

Bu barədə məlumat verən yaxınları bildirib ki, Azərbaycan vətəndaşı olan İqbal Əbilov uzun illərdir Belarusda yaşayır. O, iyun ayında Azərbaycana qohumlarından birinin toyuna görə gəlib:

“İyunun 27-də qayıdanda hava limanından onu buraxmayıblar. Üstəlik, pasportunu və telefonunu da əlindən alıblar. İyulun 22-də onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Masallı şöbəsinə çağırıblar, deyiblər ki, pasportu və telefonu qaytaracaqlar”.

Gəlib dedilər ki, “gəl imza at, əmanətlərini götür”. Biz də getdik. Elə ev paltarında, ayağımızda şəpitlə. Məni içəri buraxmadılar. Bir saat sonra isə dedilər ki, oğlum dindirilmə üçün Bakıya göndərilib. Elə həmin formada da Bakıya gəldik. Amma İqbalın taleyi ilə bağlı bizə məlumat verən olmadı”, – atası Şahin Əbilov Meydan TV-yə deyib.

Yaxınları onun yerini, niyə saxlandığını öyrənmək üçün Ombudsman Aparatına müraciət ediblər. Bu yolla İqbal Əbilovun dövlətə xəyanət və milli ədavət salmağa yönəlik hərəkətlər ittihamı ilə saxlandığını öyrəniblər.

Tamamilə absurd ittihamlardır. Görünür, talışlar haqqında araşdırmalarına görə cəzalandırılır”, – yaxınları bildirib.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir. O, həmçinin bu qurumun media qanadı olan “Talış Milli Akademiyası Xəbərləri”nin baş redaktorudur.

Ana səhifəSiyasətMilli azlıqlar üzrə tədqiqatçı saxlanılıb