close

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı, RHMN/shutterstock

İqtisadçı: “Burada əsasən, iki sual önə çıxır: kredit faizləri azalacaqmı, manatın məzənnəsinə təsiri olacaqmı?”

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 0.25 faiz azaldıb.

Qurumun İdarə Heyətinin mayın 1-də açıqladığı qərarla uçot dərəcəsi 7.5 faizdən 7.25 faizə endirilib.

Məlumatda bildirilir ki, qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.

İqtisadçı Natiq Cəfərli deyir ki, həmçinin Mərkəzi Bankın qərarı ilə faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib, faiz dəhlizinin aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanıb.

“Burada əsasən, iki sual önə çıxır: kredit faizləri azalacaqmı, manatın məzənnəsinə təsiri olacaqmı?”.

İqtisadçı bildirir ki, Mərkəzi Bank kimi çox ciddi dövlət institutunun qərarlarının iqtisadiyyata çox ciddi təsirləri olmalıdır:

“Təəssüf ki, məmləkətdə çox primitiv iqtisadi model var deyə, MB-ın qərarları “multiplikativ effekt” yaratmır – yəni, məsələn, FED, inkişaf etmiş ölkələrin mərkəzi bankları, hətta Türkiyə Mərkəzi Bankı və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzəra alır, inflyasiya basqılarını azaltmağa çalışır”.

Natiq Cəfərli
Foto: Meydan.TV

“Bizdə isə qiymətli kağızlar bazarı yoxdur, məzənnə inzibatidir, bazar iqtisadiyyatının institutları yoxdur və ya zəifdir. Ona görə də, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir – yəni, Mərkəzi Bank bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir. Deməli, iqtisadi sistem dəyişməlidir ki, Mərkəzi Bank da dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin”, – iqtisadçı deyib.

Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın bu qərarı kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək, məzənnə inzibati qaydada tənzimləndiyinə, siyasi qərarla dəyişdiriləcəyinə görə o məsələyə də təsiri olmayacaq:

“Mövzunun davamı olaraq onu da deyim ki, bu il devalvasiya olmayacaq, amma 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli hökumət bu addıma getməyə məcbur qalacaq”.

İqtisadçı, deputat Vüqar Bayramov isə deyir ki, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması, bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır. Onun sözlərinə görə, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəzi Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya gedib:

Vüqar Bayramov
Foto: Meydan TV

“2024-cü ildə də eyni yanaşma davam etdirilir. Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik, faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir”.

İqtisadçı bildirir ki, Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir:

“Faiz dəhlizinin aşağı həddini dəyişdirməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliliyini qoruyub saxlamağa çalışır. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu, ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir”.

Dövlət Statistika Komitəsinin bu ilin mart ayı üzrə yaydığı məlumata görə, Azərbaycanda illik inflyasiya 0.4 faiz olub.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

AMB-nin bundan əvvəlki bir neçə qərarında da uçot dərəcəsini endirməsinə səbəb kimi bu göstərilib.

İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, səlahiyyətli qurum uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək – azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir. Amma Azərbaycanda Mərkəzi Bank uçot dərəcəsini azaltsa da, kredit faizləri enmir.

Ana səhifəİqtisadiyyatMərkəzi Bank uçot dərəcəsini azaldıb