close

“Meta” Azərbaycan, Ermənistan və Gürcüstanı hədəf alan hesabları silib

“Meta” şirkəti. Foto: Sergei Elagin/shutterstock

Bu şəbəkənin dezinformasiya vasitəsilə konkret ölkələrə təsir etmək üçün yaradıldığı bildirilir

“Meta“ şirkəti 76 saxta “Facebook” hesabını, 30 səhifəni və 11 “Instagram” hesabını silib. Səbəb platformaların siyasətini pozmasıdır.

Şirkətin açıqlamasına görə, bu hesablar Gürcüstan, Ermənistan və Azərbaycanı hədəf alıb. Gürcüstanda şəbəkə hakim partiya olan “Gürcü Arzusu”na dəstək nümayiş etdirərək, “xarici agent qanunu”na qarşı son etirazları tənqid edən məzmun yayıb. Azərbaycanda Qərbi tənqid edən yazılar verib. Ermənistanda isə rusiyayönlü hekayələri təbliğ edib, Ermənistanın Baş nazirini tənqid edib.

Məlumata görə, bu şəbəkə dezinformasiya vasitəsilə konkret ölkələrə təsir etmək üçün yaradılıb.

Təbliğatı Gürcüstanda “Georgia Today” (http://sakartvelo-today.org), Azərbaycanda “Yerli.Media” (http://yerlimedia.org), Ermənistanda “Lurer Media” (http://lurermedia.org) kimi saxta saytlar edib. Bütün bu saytlar Moskvada qeydiyyatdan keçmiş marketinq firması olan “IMA Digital” ilə əlaqələndirilir. “Meta” bildirir ki, bu xəbər saytları daha etibarlı görünmək üçün müxtəlif platformalarda, o cümlədən “YouTube”, “Telegram” və “TikTok”-da səhifələr açıb. Hesablarının “Facebook” və “İnstagram”dan silinməsinə baxmayaraq, saytlar gürcü, erməni, Azərbaycan və rus dillərində “qaynar xəbərlər” dərc edərək fəaliyyətini davam etdirir.

“Facebook” və “Instagram”da şəbəkənin operatorları saxta hesablardan, idarə olunan səhifələrdən istifadəçiləri öz veb-saytlarına yönləndirmək üçün məzmun yerləşdiriblər.

Məzmunu “Meta” platformalarında tanıtmaq üçün onlar reklama 77.000 dollar xərcləyiblər. Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED) sonradan “Meta”-nın avtomatlaşdırılmış sistemləri tərəfindən aşkarlanıb, istintaq müddətində bloklanıb. Hesabatda həmçinin qeyd olunur ki, “Meta” Ukrayna və Moldova vətəndaşlarını hədəf alan koordinasiyalı kampaniyalarda iştirak edən 43 hesabı və 85 səhifəni silib. Bu səhifələr Ukrayna hökumətini müharibəni idarə etməsinə, hərbi səfərbərliyin aşağı səviyyəsinə və prezident seçkilərində gecikmələrə görə tənqid edir, eyni zamanda, Moldovada rusiyayönlü siyasətçiləri təbliğ edirdi.

Bu, “Meta”-nın Gürcüstan hökuməti və ya onun hakim partiyası ilə əlaqəli saxta hesabları və səhifələri bloklaması ilə bağlı ilk hal deyil. 2023-cü ildə “Meta” “Facebook”-da 80 hesabı, 26 səhifəni və 9 qrupu, həmçinin Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti ilə əlaqəli 2 “Instagram” hesabını silib.

2020-ci ildə “Meta” Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyası ilə əlaqəli 511 səhifəni, 101 şəxsi hesabı, “Facebook”-da 122 qrupu və 56 “Instagram” hesabını silib.

Ana səhifəSiyasət“Meta” Azərbaycan, Ermənistan və Gürcüstanı hədəf alan hesabları silib