close

Nərgiz Absalamovaya yeni ittiham verildi

Nərgiz Absalamova. Foto: Meydan TV

Cinayət Məcəlləsində bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub

“Abzas Media” nəşrilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərin istintaqı yaxın vaxtlarda yekunlaşacaq. Həbs olunan jurnalistlərə istintaqın əvvəlində Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülsə də, sona doğru bir neçə əlavə maddə verilərək, ittiham ağırlaşdırılıb.

“Abzas Media” işi üzrə həbsdə olunan jurnalistlərdən Nərgiz Absalamovanın vəkili Şəhla Hümbətova bildirib ki, müvəkkilinə qanunsuz sahibkarlıqdan tutmuş, vergidən yayınmaya qədər bir çox maddələrlə əlavə ittihamlar verilib. İttihamları avqustun 16-da Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi istintaq təcridxanasında elan edib.

Nərgiz Absalamovaya Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olundu”, – vəkil bildirib.

Cinayət Məcəlləsində bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Korrupsiya araşdırmalarıyla tanınan “Abzas Media” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “Abzas Media”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“Abzas Media”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “Meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.
Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəSiyasətNərgiz Absalamovaya yeni ittiham verildi