close

Meyxanaçı “Mahir ay brat” məhkəmə zalından azadlığa buraxıldı

Mahir Qonşuyev. Foto: sosial şəbəkə

Ona azadlığın məhdudlaşdırılması cəzası verilib

Narkotik ittihamıyla həbsdə olan meyxanaçı Mahir Qonşuyev yanvarın 30-da məhkəmə zalından azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, meyxanaçıya 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaqla gəzmək, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşadığı evi tərk etməmək öhdəliyi qoyulub.

Hökmdən əvvəl prokuror isə Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokurordan sonra məhkəmədə son sözünü deyən meyxanaçı bildirib ki, saxlanılanda onun üstündə narkotik olmayıb. O, məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Hakimlər bir neçə dəqiqəlik müşavirədən sonra onu Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli sayıb. Lakin ona azadlıqdan məhrumetmə yox, azadlığın məhdudlaşdırılması cəzası verməyi qərara alıb.

1984-cü il təvəllüdlü Mahir Qonşuyev iyunun 6-dan həbsdə idi. Ona qarşı ittihamda göstərilib ki, küçədə – Binəqədi rayonu, Azadlıq prospekti 145 ünvanının qarşısında saxlanılıb. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində üstünə baxış keçiriləndə cibindən 3,818 qram metamfetamin (“patı”, “şüşə”) çıxıb.

Mahir Qonşuyev ifadəsində deyib ki, əvvəllər narkotikə görə məhkum edilib. Lakin bu dəfə özünü təqsirli bilmir, çünki saxlanılanda üstündə narkotik olmayıb. O, etiraf edib ki, əvvəllər narkotik istifadəçisi olub. Amma əvvəlki həbsindən sonra narkotikdən istifadə etməyib.

Onun sözlərinə görə, budəfəki həbsindən əvvəl bir neçə dəfə polis idarəsinə çağırılıb, onunla meyxanalarıyla əlaqədar profilaktik söhbətlər aparmışdılar. Kriminal elementlər olan meyxanalar oxumamağı tələb etmişdilər:

“Mən neyləyim, çörəyim meyxanadan çıxır. Ona görə oxuyurdum”.

Mahir Qonşuyev necə həbs olunması haqda da danışıb. O bildirib ki, ittiham aktında göstərilən yerdə saxlanmayıb. Dəvət aldığı “Hollivud” restoranına prodüsseri ilə birlikdə gedəndə liftdən çıxarkən hər ikisini tutublar. Onları “bandotdel”ə aparıblar. Sonradan prodüsseri buraxsalar da, ona qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb.

Təqsirləndirilən meyxanaçı polislərin onu döydüyünü, təhqir etdiyini, bu üzdən özünə aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsinə imza atdığını bildirib:

Başıma yumruq, kürəyimə təpiklə vururdular. Elə söyüşlər söyürdülər ki. Məcbur olub qol çəkdim”.

Mahir Qonşuyev əsasən “Ay brat” meyxanasından sonra məşhurlaşmışdı.

Meyxanaçı həmçinin “Youtube”da “Mahir Ay Brat” adlı səhifədə cinayətkarlığı, narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşmaqda ittiham olunurdu.

Ana səhifəSosialMeyxanaçı “Mahir ay brat” məhkəmə zalından azadlığa buraxıldı