close

Ötən il Azərbaycana gələn turistlərin sayı artıb

Azərbaycanda turistlər. Foto: DH Saragih/shutterstock

Qonaqların çoxu Bakıda gecələyib

Ötən il Azərbaycanda otellərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 faiz artıb – 3422,3 min olub.

Qonaqların 57,6 faizi Bakıda, qalanı bölgələrdə gecələyib.

Ən çox seçilən bölgə 5,5 faizlə Qubadır, ondan sonra 4,7 faizlə Xaçmaz gəlir.

Ümumi gecələmələrin 4,2 faizi Naftalanda, 4 faizi Qəbələdə, 3,9 faizi Qusarda, 3,7 faizi Şabranda, 3,2 faizi Lənkəranda, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, 1 faizi Gəncədə, 0,9 faizi Masallıda, eyni qədəri İsmayıllı və Şamaxıda, 0,8 faizi Şəkidə, 0,6 faizi Şuşada, 0,5 faizi Mingəçevirdə qeydə alınıb.

Yerdə qalan 4,9 faiz pay isə digər şəhər və rayonlardakı otellərin payına düşüb.

Otellərin 54,5 faizini əcnəbi və vətəndaşlığı olmayan şəxslər tutub. Bu da əvvəlki ilə baxanda 33,7 faiz çox deməkdir.

Azərbaycana gələn əcnəbilərin 82,5 faizi Bakıda, 4 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,5 faizi Qusarda, 0,5 faizi Şabranda, 2,3 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qalıb.

Bütün bu seçimlərdən ötən il 488,8 milyon manat qazanılıb.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı ən son məlumata görə, 2023-cü ildə Azərbaycana 187 fərqli ölkədən 2 milyon 86 min nəfər turist gəlib.

Dövlət Statistika Komitəsi
Mənbə: stat.gov.az

Bu say 2022-ci ildə 1 milyon 602 min nəfər olub. Bu, o deməkdir ki, ötən il ölkəyə gələnlərin sayı əvvəlki ilə baxanda 484 min nəfər (30 faiz) artıb.

Son bir ildə artım olmasına baxmayaraq, Azərbaycana gələn turistlər pandemiyadan öncə, sərhədlərin açıq olduğu zamanlara çata bilməyib. 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı 3 milyondan çox olub. Yəni ötənilki artım belə pandemiyadan öncəki vəziyyətdən 34 faiz azdır.

Pandemiya başlayandan bu yana, 2020-ci ilin martından Azərbaycan qonşuları ilə olan quru sərhədlərini bağlayıb. Ölkədə xüsusi karantin rejimi ilə bağlı ən son uzatmada səbəb kimi pandemiya göstərilsə də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada pandemiyanı bitmiş elan edib.

Müstəqil ekspertlər sərhədlərin bağlı qalmasını təhlükəsizlik, siyasi proseslərlə, həmçinin ölkədən maliyyə axınının qarşısını almaqla əsaslandırıb. Rəsmi qurumlar isə bugünədək sərhədlərin bağlı qalması ilə bağlı məntiqli açıqlama verməyib.

Nəticədə sərhədlərin qapalı olması ölkəyə gələn turistlərin sayına təsir edib. Hazırda ölkəyə yalnız hava yolu ilə giriş mümkündür, bu da gələnlərin xərcini artırıb.

Ana səhifəSosialÖtən il Azərbaycana gələn turistlərin sayı artıb