close

“Polislər qardaşımı pula görə öldürdülər, 4 körpəni atasız qoydular”

Rəşad Verdiyev. Fotolar: Meydan TV

Şakir Verdiyev: “Ürəyini tutub dedi ki, “sinəm yanır, kürəyim dağılır, hirsləndirdilər məni, bu vəziyyətə saldılar”

Goranboy rayonunun Dəliməmmədli şəhər sakini Şakir Verdiyev qardaşının polis özbaşınalığının qurbanı olduğunu deyir. Onun sözlərinə görə, 44 yaşlı Rəşad Verdiyev yol polislərinin qanunsuz hərəkətləri nəticəsində həyatını itirib.

Polislər qardaşımı pula görə öldürdülər. 4 körpə balası qaldı. Böyüyünün 9, kiçiyinin 1 yaşı var…”, – Şakir Verdiyev belə deyir.

“Qışqırıb ki, dayanmasanız, özümü atacam”

Rəşad Verdiyev dekabrın 18-də ürək tutmasından vəfat edib. Şakir Verdiyev Meydan TV-yə danışır ki, həmin gün yol polisləri qardaşını çox əsəbiləşdirib və mübahisədən dərhal sonra vəziyyəti pisləşib. Xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb:

“Həmin gün yeznəm qardaşımın maşınını qapıda saxlayıb ki, oturacaqların üzlüklərini dəyişsin. Yol polisləri gəlib, maşının sənədlərini istəyib. Yeznəm də deyib ki, “maşın qaynımındır, dayanın çağırım”. Deyiblər ki, “yox, maşını aparırıq”. Bizim hamımızın evləri yanbayandır. Yeznəm deyib ki, “gözləyin, bu dəqiqə gəlir”. İmkan vermirlər, yeznəmi də maşına qoyub aparırlar. Yolda yeznəm qardaşıma zəng eləyib olanları xəbər verir. Qardaşım deyir ki, hardadılarsa, saxlasınlar, çatdırır özünü. Danışıq vaxtı mikrofonda olur, polislər də eşidir ki, qardaşım necə əsəbiləşir. Yenə də sürürlər, deyirlər ki, rayona gəlsin. Körpünün üstünə çatanda yeznəm qışqırır ki, saxlamasanız, özümü atacam. Bundan sonra dayanırlar…”.

“Az sonra mənə bircə onu dedi ki, “uşaqlarımı sənə tapşırıram”

 Şakir Verdiyevin sözlərinə görə, qardaşı gəlib çatandan sonra onunla yol polisləri arasında mübahisə yaşanıb. Rəşad Verdiyev deyib ki, hətta hansısa pozuntu qeydə alınıbsa belə, avtomobili aparmağa ehtiyac yoxdur, pozuntuya uyğun cərimə yaza bilərdilər:

“Onlar üç nəfər olublar. Mübahisədə onlardan biri qardaşımı sinəsindən itələyib. Bu da qardaşıma çox ağır gəlib. Amma razılaşıblar ki, qardaşım 100 manat gətirsin, əl çəkəcəklər. Əvvəl 150 istəyiblər, sonra 100-ə düşüblər. Deyiblər ki, filan yerdə gözləyirik, get, 100 manatı gətir. Biz mağazada işləyirik. Qardaşım gəldi ki, pul götürüb aparsın. Gördüm ki, vəziyyəti yaxşı deyil. O vəziyyətdə də aparıb pulu verib onlara. Gələndə ürəyini tutub dedi ki, “sinəm yanır, kürəyim dağılır, hirsləndirdilər məni, bu vəziyyətə saldılar”. Az sonra mənə bircə onu dedi ki, “uşaqlarımı sənə tapşırıram”. Vəssalam…”.

“Əgər günahları yoxdursa, niyə barışığa adamlar göndərirlər?”

Gəncə Beynəlxalq Xəstəxanasının epikrizində də yazılıb ki, Rəşad Verdiyevin yaxınları onu gətirəndə polislərlə mübahisədən sonra vəziyyətinin pisləşdiyini bildiriblər.

Şakir Verdiyev deyir ki, söylədiklərini – qardaşıyla polislər arasında mübahisəni, sonradan aparıb onlara pul verdiyini və s. təsdiqləyən xeyli sübutlar, o cümlədən videogörüntülər var. Həmin görüntüləri həm Daxili İşlər Nazirliyinə, həm də prokurorluğa təqdim edib. Rəşad Verdiyevin ölümüylə bağlı hazırda Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Qardaşı onu da əlavə edib ki, heç kim Rəşad Verdiyevin səhhətində öncədən problemlər olduğunu iddia edə bilməz. Çünki o, sağlamlığının qayğısına qalırdı, vaxtaşırı tibbi müayinələrdən keçirdi:

Üç ay əvvəl gedib hərtərəfli yoxlanmışdı. Sağlamlığında heç bir problemi yox idi. Qardaşımın ölümünün səbəbkarı Samir, Ramil və Mehman adlı polis əməkdaşlarıdır. 100 manata görə 4 körpəni atasız qoydular, ailəmizi darmadağın elədilər. Əgər onların günahı yoxdursa, niyə polis rəisi də daxil olmaqla, müxtəlif adamları bizimlə barışığa göndərirlər? Özlərini sudan quru çıxarmaq üçün hadisədən 3 gün sonra cərimə yazıblar. O protokolda hardadı qardaşımın imzası? Saxta sənəddir, sonradan düzüb-qoşublar ki, əllərində nəsə olsun. Bəs mənim təqdim elədiyim videoda olanlar nədir? Öldü var, döndü yoxdur, qardaşımın ölümünün səbəbkarları cəzalanana qədər gedəcəm”.

Goranboy Rayon Prokurorluğunda araşdırma gedir

Prokurorluqdan bildirilib ki, 1979-cu il təvəllüdlü Rəşad Verdiyevin ölümüylə bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır: “Bu iş üzrə sənədlər-sübutlar prokurorluqdakı araşdırma materialına əlavə olunur və bütün xüsusatlar araşdırılır”.

Meydan TV Daxili İşlər Nazirliyinə də Verdiyevlər ailəsinin şikayətilə əlaqədar sorğu göndərib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Ana səhifəBölgə“Polislər qardaşımı pula görə öldürdülər, 4 körpəni atasız qoydular”