close

Mikro-sahibkarlar üçün 75 faizlik güzəşt ləğv oluna bilər

Foto: Meydan TV

İqtisadçı: “Kiçik və orta sahibkarlığın təşviqindən danışanlar illərdir vergi yükünü artıra-artıra gedir”

İllərdir Azərbaycanda mikro-sahibkarlıq subyektlərinə vergi güzəşti tətbiq edilir. Onlar il ərzində əldə etdikləri gəlirlərindən xərcləri çıxmaqla, öhdəliklərini 25 faiz vergi ödəməklə yerinə yetiriblər. Yəni onlara 75 faizlik güzəşt edilib.

Lakin artıq mikro-sahibkarların gəlir vergisinə tətbiq olunan 75 faizlik güzəştin ləğv olunacağı gözlənilir. 2024-cü ilin büdcə zərfinə əsasən iqtisadçıların yazdıqlarından belə görünür.

Kimdir mikro-sahibkarlar?

Azərbaycan qanunlarına görə, biznes ölçüsü baxımından sahibkarlar dörd qrupa bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq.

Mikro-sahibkarlara ortalama işçi sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir. Kiçik sahibkar dedikdə isə işçi sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar nəzərdə tutulur. Orta sahibkar kateqoriyasına aid edilmək üçün sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır. İri sahibkarlıq subyekti sayılmaqdan ötrü işçi sayı 251 nəfəri, illik gəlirsə 30 milyon manatı aşmalıdır.

Mikro-sahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, gəlirləri 20 faizlə vergiyə cəlb olunacaq”

İqtisadçı Rövşən Ağayev deyir ki, məsələnin mahiyyəti budur: 2 ya 3 il əvvəl Vergi Məcəlləsinə dəyişiklik (218.5.10-cu maddə) edildi ki, əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) xidmət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikro-sahibkar olsa belə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Bu halda həmin subyekt avtomatik 20 faizlik gəlir vergisinin ödəyicisi sayılır:

Rövşən Ağayev
Mənbə: Meydan TV

“Elə o vaxt Məcəlləyə belə bir müddəa (102.1.30-cu maddə) əlavə edildi ki, qanunvericiliyə uyğun gəlirlərin və xərclərin uçotunu aparan, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirin 75 faizinə vergi güzəşti tətbiq olunsun. Yəni 20 faizlik vergi şkalası mikro-sahibkarlar üçün 5 faizə endirildi. İndi həmin maddəyə dəyişiklik təklif edilir. Bildirilir ki, əgər mikro-sahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avtomatik gəlirləri 20 faizlə vergiyə cəlb olunacaq”.

Absurd məqamlar var”

Rövşən Ağayevə görə, bu yanaşmada absurd olan məqamlar var: Birinci, Nazirlər Kabinetinin 556 saylı (21.12.2018-cil) qərarı ilə təsdqilənən meyarlara görə, 1 nəfərdən ibarət sahibkarlıq subyekti də mikro-sahibkar sayıldığı halda (illik gəlirin 200 min manatdan aşağı olması şərtilə), vergi orqanı 3 nəfər muzdlu işçi saxlayan sahibkara güzəşt verir, amma 1 və 2 nəfərdən ibarət olanı bu hüquqdan məhrum edir. Məntiqlə və adından göründüyü kimi mikro-sahibkar kifayət qədər xırda (həm dövriyyə, həm də işçi qüvvəsi etibarı ilə) subyekt olmalıdır:

İndi deyilən şərtlər bəlkə kiçik subyektlər üçün keçərli ola bilər. İkincisi, dünyanın heç bir normal ölkəsində aşağıgəlirli, çevik iş yeri yaradan, özünün və ailəsinin məşğulluğunu təmin edən mikro-sahibkarları bu qədər ağır vergi yükü altında əzmirlər. Sosial ödənişləri də nəzərə alsaq, söhbət az qala, 30 faizlik vergi yükündən gedəcək. Təbii bu dəyişiklik olacaqsa”.

“Kiçik və orta sahibkarlığın təşviqindən danışanlar illərdir vergi yükünü artıra-artıra gedir”

İqtisadçı deyir ki, həmçinin illərdir kiçik və orta sahibkarlığın təşviqindən, dövlət himayəsindən danışanlar vergi yükünü artıra-artıra bu təbəqəni maksimum sıradan çıxarmaqla məşğuldurlar:

Vergi sistemi mühasib hesablamaları ilə yox, makroiqtisadi siyasətin hesabları ilə qurulmalıdır, maraq qrupları ilə ciddi məsləhətləşmələr əsasında formalaşdırılmalıdır”.

Hökumət bu güzəşti niyə ləğv edir?

İqtisadçı güman edir ki, arqumentlərdən biri bu olacaq: İri dövriyyəsi olan sahibkarların öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-ə rəsmiləşdirərək, 15 faizlik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana biləcək.

Yaxşı, bu, realdırmı?

Rövşən Ağayevə görə, realdır, amma ağrıyan başı kəsməzlər, ağılla müalicə edərlər. Odur ki, çətin görünür, çünki bunu əvvəl edən və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikro-sahibkar subyekti yaratmaq yenə də problem olmayacaq:

Yəni onlar 5 faizlik vergi güzəştindən yenə də bəhrələnəcəklər. Ortada beli qırılan elə mikro-sahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssisləri, tərcüməçilər, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtəlif sahə ekspertləri… Yekə-yekə dövriyyəsi olan subyektlər yenə də yol tapıb, döviyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə 5 faizlik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20 faizlik vergi yükü altına əziləcəklər”.

Çıxış yolu varmı?

Rövşən Ağayev deyir ki, əlbəttə çıxış yolu var. Qeyd olunan spesifik xidmətlər üzrə aylıq və illik dövriyyə müəyyən edilə və onlar işçi sayı əsas götürülmədən 5 faizlik güzəştdən bəhrələnə bilərlər:

Məsələn, aylıq, 3000 manat, rüblük 10 000 manat və ya illik 40 000 manat hədd müəyyən edilməsi mümkün çıxış yollarından biri ola bilər”.

İqtisadçı Natiq Cəfərli də deyir ki, bütün dünyada hökumətlər mikro-kiçik sahibkarlara dəstək olmağa çalışırlar. Çünki əsl sabit ölkələrin sabitlik formulu odur ki, büdcə gəlirlərinin 60-70%-ni kiçik-orta sahibkarlar təmin edir, məhz bu zaman sabit inkişaf yolu yaranır:

2024-cü ildə Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən, gələn ildən mikro-sahibkarların gəlir vergisinə 75 faiz güzəşt qismən ləğv edilir, bu güzəşt yalnız o sahibkarlara aid olacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta haqqı sahəsində borcu olmasın”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Əlavə 3 iş yeri açmağa “təşviq” edirlər”

İqtisadçı sual edir:

“Yaxşı, hökumət niyə bu mənasız addımı atır, vergi daxilolmalarını artırmaq üçünmü? Axı bu güzəştin ləğvi büdcə gəlirlərinin ciddi artımına səbəb olmayacaq, maksimum 40-50 mln. manat əlavə vəsait daxil ola bilər”.

Bəs niyə bu yola gedirlər? Hökumət rəqəmlərlə “rəqs etməyi”, oynamağı çox sevir, bu addımla mikro-sahibkarları, guya, əlavə 3 iş yeri açmağa “təşviq” edirlər, sonra prezidentə məruzə etsinlər ki, aparılan siyasət nəticəsində yeni iş yerləri açılıb. Mikro-sahibkar da baxacaq, onsuz da bunun dövriyyəsi 200 mini keçən kimi ƏDV ödəyicisinə çevrilir. 200 mindən aşağı olanda əgər, məsələn, ilə 20-30 min gəliri olacaqsa, bunun 4-6 min manatını vergi verməlidir. Oturub hesablayacaq, əgər 3 nəfər qohumunu formal, minimum əmək haqqı ilə rəsmiləşdirsə, onların Sosial Müdafiə Fonduna ödənişləri ilboyu 2-3 min arası olacaqsa, edəcək, yox əgər bu, baş ağrısıdırsa, etməyəcək, qeyri-rəsmi fəaliyyətə üstünlük verəcək”.

Qeyri-leqal, kölgə, “boz” iqtisadiyyatı stimullaşdırırlar”

Natiq Cəfərli bildirir ki, hökumət “5-10” formal iş yeri, DSMF-yə “5-10” manat əlavə ödəniş üçün səhv yol seçir, mənasız işlərlə məşğul olur:

“İqtisadiyyatı leqallaşdırmaqdansa, qeyri-leqal, kölgə, “boz” iqtisadiyyatı stimullaşdırır”.

Bu qərar nə qədər insana təsir edəcək?

Dövlət Statistika Komitəsinin ən son, oktyabrın 1-də açıqladığı məlumata görə, ölkədə 162 min 953 mikro-sahibkarlıq subyekti (fərdi sahibkarlar) var.

Bu rəqəm 2020-ci ildə 240 min 108 olub. Bu, üç il ərzində 77 min 155 mikro-sahibkarlıq subyektinin fəaliyyətini dayandırması deməkdir.

Ana səhifəXəbərlərMikro-sahibkarlar üçün 75 faizlik güzəşt ləğv oluna bilər