close

Miller: “ABŞ-ın Qarabağda beynəlxalq missiya yerləşdirməklə bağlı niyyəti ciddidir”

Qarabağdakı ermənilər. Foto: Meydan TV

Bölgəni 76 mindən çox erməni sakinin tərk etdiyi bildirilir

Qarabağdan Ermənistana gedənlərin sayının 76 407 nəfər olduğu deyilir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan yerli mediaya danışıb.

Onun sözlərinə görə, gələnlərdən 17 153 nəfəri Ermənistan hökuməti tərəfindən verilən mənzillərdən istifadə edir.

Azərbaycan rəsmi orqanları bölgəni tərk edən ermənilərin statistikasını hələ açıqlamayıb.

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağ bölgəsinə səfərinin təşkilinə rəsmi Bakının hazır olduğunu demişdi.

Sentyabrın 28-də Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Vaşinqtonunun Dağlıq Qarabağda beynəlxalq missiya yerləşdirməklə bağlı niyyətinin ciddi olduğunu bildirib:

Metyu Miller. Foto: “Turan”

Biz beynəlxalq missiyanın vacib olduğunu düşünürük, çünki o, humanitar yardım, regionda humanitar ehtiyaclarla bağlı bütün digər məsələləri əlaqələndirir”.

Bu barədə “Turan” məlumat yayıb.

Dövlət Departamentinin rəsmisi Qarabağ ermənilərinin yanvarın 1-dən respublika kimi mövcudluğunu dayandırmaq qərarını şərh etməyib.

Hesab edirik ki, Dağlıq Qarabağ sakinlərinin getmək istədikləri təqdirdə tərk etmək və geri qayıtmaq istədikləri təqdirdə geri qayıtmaq barədə qərar qəbul edə bilmələri vacibdir. Bu, onların hər birinin fərdi olaraq qəbul etməli olduğu bir qərar olmalıdır”, – deyə Miller əlavə edib.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən “CBC News”a müsahibəsində Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətində olduğunu bildirib.

Hikmət Hacıyev. Foto: Meydan TV

Hikmət Hacıyev deyib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmasını istəyir:

Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib”.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

“Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəSiyasətMiller: “ABŞ-ın Qarabağda beynəlxalq missiya yerləşdirməklə bağlı niyyəti ciddidir”