close

Mingəçevirdə: Üfunət dolu zirzəmilər, təmirsiz binalar, istismar müddətini başa vuran kanalizasiya sistemi

Fotolar: Meydan TV

Sakinlər köhnə binaların təmirini, mütəxəssislər isə yeni binaların tikilişini vacib sayır

Bu evi ötən ilin aprel ayında almışam. Bir ildən artıqdır ki, problemlə üz-üzəyik. Birinci mərtəbəni satıb gəlib üçüncü mərtəbədən almışam, düşmüşəm tələyə. Sən demə, ev sahibi zirzəmiyə görə satırmış. Artıq anti-sanitariyadan xəstəlik tapmışıq. Biz gələndə iy varıydı, ancaq belə güclü deyildi deyə aldandıq. Əvvəlki binanı qoyub gəlməyimə peşmanam”.

“Hər yer pis qoxu, üfunət, anti-sanitariyadır”

Mingəçevir şəhər sakini Elmira Quliyeva yaşadığı “127-ci məhəllə” adlandırılan ərazidə, Xətai küçəsi 9 ünvanındakı binanın vəziyyətindən narazıdır. Yeni mənzilə köçməyinə peşman olub. Deyir ki, üzbəüz yerləşən Xətai 7 ünvanındakı binada da vəziyyət eynidir. Həm binaların təmirsizliyi, həm də zirzəmiyə toplanan çirkab sular sakinlərin yaşayışını çətinləşdirib. Onların sözlərinə görə, altı ildir ki, iki binanın daşıyıcı kanalizasiya xətləri istismar müddətini başa vurduğundan binanın çirkab, kanalizasiya suları axmır, nəticədə toplanıb zirzəmidə qalır. Üfunət iyindən sakinlərin nə gecələri var, nə də gündüzləri.

Evdə yemək bişirə, çay içə, paltar yuyub sərə, pəncərə, qapını aça bilmirəm. Ev doludur ağcaqanadla. Gedib-gəlməkdən, deməkdən yorulmuşuq. Bu binada insan yaşamaz. O borular dağılıb, sökülüb yenisi salınmalıdır. Bu binanın altında obyektlər çalışır, aptek, market… Deyirik, nə olar, köməkləşib təmir edək, yaxın durmurlar”,- Elmira Quliyeva gileylənir.

Binada 40 ailə evini satışa çıxarıb”

Digər sakin Lamiyə Quliyeva deyir ki, burada yaşayanların əksəriyyəti xəstəlik tapıb. Ayda 2-3 dəfə çəkilən çirkab sular da yenidən həyətə, zirzəmiyə dağıldığından vəziyyət daha da kritikləşir. Nə yumaq, nə xlorlamaq təsir etmir, əksinə bir metrəyə qədər yığılan çirkab su əlavə problemlər yaradır.

“Dörd lyukun ağzı hər gün qaynayır, yayılır məhləyə. Binanın hər yeri, arxası belə iyrənc durumda, su qaynayıb tökülür. Evin içində bir dəqiqə durmaq olmur, ağcaqanad sürü ilə içəri girir. Yaşyarımlıq uşaq o zirzəmiyə düşsə, ölər. Hörümçək toru, göbələk basıb hər yeri. Yumurta qutusu yandırırıq ki, iy, ağcaqanad getsin. Utandığımızdan qonaq qəbul edə bilmirik”, – Lamiyə Quliyeva danişır.

Sakin deyir ki, onda astma-bronxit xəstəliyi yaranıb:

“Boğula-boğula qalmışam, həkim də deyir, ünvanını dəyiş. İki dəfə hər iki binadan on nəfər yığışıb getmişik icra hakimiyyətinə. Söz verdilər ki, bu yayın sonuna düzəldəcəklər, ancaq yenə də heç nə yoxdur. Səsimizə səs verən, kömək edən tapılmır. Söz verirlər, əməl edilmir. İçi mənim ailəm qarışıq, binada 40 ailə evini satışa çıxarıb. Satıb qaçmaq istəyirik, o qədər dəhşətdir durum”.


46-47 ildir bina tikilib, bir dəfə də olsun təmir olunmayıb”

İki binada şəhid, qazi və hərbçi ailələri də daxil 110 ailə yaşayır. Bu, azmış kimi binanın təmirsizliyi, ötən əsrin 60-cı illərindən qalması, həyətdə istirahət üçün şəraitin olmaması da sakinləri narahat edir.

Bu binalarda bir neçə şəhid ailəsi var, biri bu sentyabrda oldu. Evimdə 96 yaşlı xəstə atam, uşaqlar var. Məsuliyyətsizlikdir. Elektrik xətlərinin üstü açıqdır. Neçə obyekt var binada, onların elektrik sayğacını gətirib doldurublar bizim bloka. Hərənin sayğacı öz obyektində olsun da. Vətəndaşı vecinə alan var? Pulunu verib işini görür”, – sakin Nəzakət Əliyeva danışır.

Qadın deyir ki, 50 ildən artıqdır bina tikilib, bir dəfə də olsun təmir olunmayıb:

Şüşələr qırıq-qırıq, pəncərələr nə gündə, həyətin istirahət etmək üçün şəraiti, oturacaq, uşaqlar üçün oyun meydançası yox. Zirzəmilərin işıqlandırması belə yoxdur. Dörd yerdə şəhid bulağı var, işləmir heç biri. Deyirik aidiyyəti qurumlara ki, düzəldin, dəyişin. Deyirlər “sizin binanın növbəsi çatmayıb hələ”. Çatmayıb deyə ölək anti-sanitariyadan, şəraitsizlikdən? İcra hakimiyyətinə dəfələrlə demişik, yazmışıq, xeyri yoxdur “.

Həm ötürücülük qabiliyyətini, həm istismar müddətini bitirib”

Mingəçevir Su-Kanal İdarəsinin rəisi Samir Əliyev Meydan TV-yə bildirdi ki, 2011-ci ildən etibarən dövlət proqramı əsasında Mingəçevirin su-kanalizasiya xətlərinin yenilənməsi prosesi mərhələli şəkildə aparılır. Hazırda su xətlərinin bərpası tam bitsə də, kanalizasiya xətlərinin 82 faizi icra olunub. İşlərin tamamlanması isə 2026-cı ilə qədər davam edəcək.

Qurum rəhbəri sözügedən binaların problemini köhnə və yararsız daşıyıcı kanalizasiya xətləri ilə əlaqələndirdi. Bu həftədən etibarən həmin binalarda işlərin görüləcəyinə söz verdi.

Ümumilikdə isə şəhər üzrə 466 binadan 166-nın yeni kanalizasiya şəbəkəsinə qoşulduğunu qeyd etdi:

Adıçəkilən Xətai 9 və 7 A  ünvanlarında kanalizasiya xətləri bir il olar ki, Mingəçevir Su-Kanal İdarəsi tərəfindən əsaslı dəyişdirilib. Sadəcə daşıyıcı xətlərdə problem olduğu üçün həmin ünvanlarda problem qalmaqdadır. İstismar müddətini bitirib, sıfırlaşıb, ötürücülük işi yoxdur o boruların. Odur ki, qarşı xətt suyu daşımır, problem yaradır. 200 metrəyə yaxın xətdir, o dəyişilməlidir. İki həftədən bir zirzəmidən nasosla su kənarlaşdırılır. Ətrafa dağılır da, nə edək? Bu həftədən ərazidə işə başlanılacaq və yeni şəbəkəyə qoşulacaq o binalar”.

“Dəfələrlə vətəndaşlarla görüşmüşük, problemləri ciddidir. Əsas problemli olan binalar da məhz bunlardır. Hazırda bəzi binalarda da növbəli şəkildə iş davam etdirilir. Mingəçevir şəhərinin kanalizasiya xətti 60-ci illərdə 70 min əhaliyə xidmət üçün çəkilib, indi şəhərin 130 min əhalisi var. Həm ötürücülük qabiliyyətini, həm istismar müddətini bitirib. 12 ildir iş gedir, uzun görünsə də, kanalizasiya ağır işdir, yeraltı komunikasiya xətləri və Mingəçevir şəhərinin torpağının qumsal olması işin aparılmasına mane olur”, – Samir Əliyev bildirib.

O, iş üçün ayrılan vəsait barədə məlumatsız olduğunu deyir:

Hər il üçün “Azərsu” və dövlət büdcəsindən görə biləcəyimiz işə uyğun vəsait ayrılır və ona uyğun da iş gedir. Layihə şəhər üzrə 2026-cı ildə bitəcək. Bütün binalar, fərdi evlər və hətta layihəyə düşməyən evləri belə əhatə olunacaq”.

“Əsaslı təmir işlərinə 450 min manat pul ayrılır”

127-ci məhəllədəki binaların əsaslı təmiri və həyətlərinin abadlaşdırılması ilə bağlı suallarımızı Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdürü Məhluqə Cavadova cavablandırdı. Onun sözlərinə görə, şəhərdə mövcud 466 bina ötən əsrin 60-70-ci illərində inşa olunduğundan əsaslı təmirə ehtiyac var. Bu il üçün 32 bina əsaslı təmir üçün plana salınsa da, adıçəkilən binalar o planda yer almayıb. Səbəbi isə ərazidə kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərin getməməsidir. Qurum rəsmisi onu da əlavə etdi ki, indiyə qədər 164 bina əsaslı təmir olunub ki, məhz dövlət büdcəsindən ancaq binaların əsaslı təmir işlərinə ötən ilədək 400 min, bu ildən isə 450 min manat vəsait ayrılıb.

Qurum rəsmisi adıçəkilən binalarda təmirin kanalizasiya xətlərinin yenilənməsindən sonra baş tutacağını bildirdi:

Son illər dövlət xətti ilə heç bir yaşayış binası inşa olunmur. Köhnə binalardır. Əvvələr binaların ancaq dam örtüyü dəyişdirilirdi. İndi isə genişləndirib fasadların əsaslı təmiri ilə də məşğuluq. Bu il üçün 32 bina belə əsaslı təmir üçün plana salınıb ki, onlar arasında həmin binalar yoxdur. Əsas gücü məhəllədaxili ərazilərə vermişik, çünki beş “Abad” məhəllə yaradılmalıdır. Orada məhəllədaxili yol asfaltlanması, səki çəkilişi, idman meydançası və uşaqlar üçün əyləncə mərkəzi, eləcə də yaşıllığın salınması kimi kompleks işlərin görülməsi nəzərdə tutulub”.

Məhluqə Cavadova. Foto: müsahibin arxivindən

Qeyd olunan 127-ci məhəllənin binaları o plana salınmayıb, orada 20-yə yaxın bina var. O ərazidə kanalizasiya xətlərinin çəkiliş işləri davam etdiyinə görə biz onu iş planına sala bilmədik. Təmir kanalizasiya xətləri çəkilən ərazilərdə gedir. Asfalt çəkilib, yenidən dağıdılası deyil, təcrübədə çox olub belə. Məcburuq ki, kanalizasiya ilə bağlı yenidənqurma işləri getsin və sonra biz öz təmir işimizi görək. Təmir həm Mənzil Fondunun əsaslı təmir xətti ilə, həm də balansımızda olan qurumların xətti ilə aparılır. Növbəti il bizə ayrılan vəsaitə uyğun olaraq işi davam etdirəcəyik”, – Məhluqə Cavadova deyib.

“İndiyə qədər sovet dövründən qalma binalar əsaslı təmir olunmalı idi”

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri, müstəqil ekspert Vüqar Oruc hesab edir ki, Mənzil İstismar Sahələrinin fəaliyyəti, köhnə binaların təmiri və sərf olunan vəsait ciddi şəkildə araşdırılmalıdır. Buna müvafiq dövlət qurumları xüsusi komissiya yaradaraq nəzarət etməlidir. Mütəxəssis hesab edir ki, təmir yalnız kosmetik səviyyədə aparılmamalıdır, binanın su-kanalizasiya xəttindən tutmuş liftinə qədər əhatə etməlidir. İstismar müddəti bitmiş binalar isə yenidən qurulmalıdır:

Təmir dedikdə binanın üz görüntüsünün kosmetik dəyişikliyi, yaxud ayrı-ayrı şəxslərin mənzilləri deyil, ümumi istifadə olunan dəhlizlərin, pilləkanların, liftlərin, zirzəmilərin, fasadların təmirindən söz gedir ki, bu, binanı yeniləməli, problemlərini həll etməlidir. Bu təmir ehtimal əsasında hesablana bilməz. Lift təmir olunubsa, ümumi normativ qaydalara görə bir, yaxud iki aydan bir baxışdan keçirilməlidir. Kosmetik təmirdən söhbət gedirsə, elə böyük məbləğə ehtiyac duyulmur. İndiyə qədər sovet dövründən qalma binalar əsaslı təmir olunmalı idi. Bina istismar müddətini başa vurubsa, onda təmir işləri aparılmamalı, yenidən sökülüb tikilməlidir, köklü şəkildə iş getməlidir”.

Foto: Vüqar Orucun “Facebook” səhifəsindən

Ekspert deyir ki, bu işlər konkret mütəxəssis rəyi əsasında olmalıdır:

“Bir əsr öncə tikilən yaşayış binası istismar müddətindən kənar dövr yaşayırsa, bu binaların saxlanmasına, yaxud istismar müddətinin bitməsinə az qalmış binalarda təmirin aparılmasına ehtiyac varmı, yoxmu, bu, ekspert rəyi əsasında müəyyənləşməlidir. Köhnə binalara diqqət yetirilməlidir, xüsusilə yaşayışın uyğun olub-olmaması həyati əhəmiyyətli məsələdir. Köhnə binaların durumu ümumi qiymətləndirilməlidir. Müvafiq komissiya yaradılmalıdır. O komissiya əsasında binaların təbii hadisələrə dözümlülüyü, yaşayışa uyğun mövcud vəziyyəti, istismar müddəti bilinməlidir”.

Büdcəyə də ciddi nəzarət edilməlidir”

Əmlak üzrə ekspert hər il dövlət büdcəsindən təmirə ayrılan vəsaitə nəzarətin olmasını da vacib sayır. Üstəlik bu vəsaitin ümumi deyil, fərdi binalara görə ayrılmasını və dəqiq layihə ilə həyata keçirilməsini uyğun hesab edir:

Məbləğin hamısının il ərzində həmin binalara sərf olunub-olunmaması ciddi araşdırmalıdır. Büdcə də ümumi deyil, məhz komissiyanın həmin binalara verdiyi rəy əsasında, ayrı-ayrı binaya uyğun təyin edilməlidir. Büdcəyə də ciddi nəzarət edilməlidir. Ötən on il ərzində bu yaşayış binalarına 400-450 min vəsait ayrılsaydı, çoxdan bu iş yekunlaşardı. Hər il 30-32 binaya 400-450 min manatın ayrılması o deməkdir ki, hər birinə təxminən 15-16 min manat düşür. Bu məbləğlə həmin binaların müəyyən problemini həll etmək olar, ancaq əsaslı təmir üçün yetərli deyil, zənnimcə. Ciddi şəkildə araşdırılıb büdcəyə uyğun keyfiyyətli iş görülməlidir”.

“Ölkə üzrə çoxmərtəbəli binaların 80 faizi sovetdənqalmadır”

İqtisadçı Natiq Cəfərli isə binalarda aparılan təmir işlərində Türkiyə modelinin tətbiq olunmasını uyğun hesab edir. Deyir ki, orada seçkili orqan olan Böyük Şəhər bələdiyyələri həm təmiri keyfiyyətli, həm də ayrılan vəsaiti hesabatlı şəkildə həyata keçirir. İcra hakimiyyəti qurumlarının isə formal xarakter daşıdığını bildirən ekspert ölkədə mövcud çoxmərtəbəli yaşayış binalarının 80 faizinin sovet dövründən qaldığını deyir. Əksəriyyətinin isə sökülüb yenidən inşası qaçılmazdır:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Başlıca problem Böyük Şəhər Bələdiyyələrinin Azərbaycanda olmamasıdır. Əslində bu ölkədə də onlar bu işlə məşğul olmalıdır. Köhnə binalara gəldikdə, normativ aktlara görə 50-60-cı illərdə tikilmiş binaların çoxu sökülməlidir. Onlar müvəqqəti xarakter daşıyırdı. Şəhərlərdə, xüsusilə Bakıda özəl sektorlar dövlət orqanları arasında razılaşma olub, belə işlər görülüb. Bunun bütün ölkəyə yayılması üçün iqtisadi səmərəlilik olmalıdır. Biznesə də sırf etməlidir ki, Mingəçevirdə köhnə binanı söküb yeni bina tiksin. Tələbat, alıcısı, sərfəli qiymətlər, güzəştləri olmalıdır. Bu baxımdan ölkədə Mənzil Fondu çox köhnədir”.

“Ölkə üzrə çoxmərtəbəli binaların 80 faizi sovetdənqalmadır. Bunun əksəriyyəti vaxtını bitirib, yenilənməsinə ehtiyac var. Tək paytaxtda son qərar vardı ki, 1500-ə yaxın bina yenilənməlidir.  Binaların təmiri üçün vəsaitin ayrılmasına gəldikdə isə hər binaya, yaxud ümumi ayrılması doğru deyil. Binalar var ki, bir, binalar var ki, on blokludur, sayı, ərazisi, həcmi, mərtəbəsi fərqlidir. Yəni fasadlarının təmiri fərqli olacaq. Hər kvadratmetrinə görə hesablanmalıdır. Belə bir hesablama qaydası olsa, doğru olar. Ölkə üzrə qəbul olunmuş bəlli standartlara ehtiyac var ki, ona əsasən vəsait ayırıb, şəffaflığa da riayət edilsin”, – Natiq Cəfərli vurğulayıb.

Ana səhifəBölgəMingəçevirdə: Üfunət dolu zirzəmilər, təmirsiz binalar, istismar müddətini başa vuran kanalizasiya sistemi