close

Suqovuşanda traktor minaya düşüb, sürücü qolunu itirib

Mənbə: Youtube screen

Agentlik vətəndaşları məsuliyyətli davranmağa çağırır

Oktyabrın 26-da Tərtər rayonunun Suqovuşan kəndində əkin işləri zamanı traktor minaya düşüb. Partlayışda traktorçu Elçin Nurəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumatı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yayıb.

Məlumatda bildirilir ki, traktorçu sağ qolunu itirib. Agentlik vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa və tələb olunan təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 65 vətəndaşı minaya düşərək həlak olub. Rəsmi qurumların açıqlamalarına görə, 260-dən çox şəxs isə müxtəlif xəsarət alıb.

Müharibənin bitməsi ilə bağlı 10 noyabr sazişindən sonra Azərbaycan tərəfi dəfələrlə açıqlama verərək bildirib ki, Ermənistan işğaldan azad olunan ərazilərdə basdırdığı minaların xəritəsini vermir. Daha sonra müharibə vaxtı Azərbaycanın saxladığı Ermənistan hərbçilərindən bəzilərinin geri verilməsi əvəzi bir sıra rayonların minalanmış ərazilərinin xəritələrinin alındığı bildirildi. Sonradan isə Azərbaycan tərəfi xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini açıqladı. Ermənistanın Baş naziri Nikol Paşinyan isə cavabında əllərində olan bütün xəritələri Azərbaycana verdiklərini bildirdi.

Ana səhifəBölgəSuqovuşanda traktor minaya düşüb, sürücü qolunu itirib