close

“Minsk qrupu” yaylağı

ATƏT-nin Minsk Qrupu. Foto: “az.usembassy.gov”

Zərdüşt Əlizadə

Bu qrupun işi tanqo rəqsinə bənzəyir

Azərbaycanın Ermənistana barış təkliflərindən biri də budur ki, “gəlsənə bilikdə ATƏT-ə deyək ki, bu Minsk Qrupu qəmişini bizdən çəksin?” Təklifin məğzi budur ki, madam müşküllərimizi ikilikdə həll edirik, kənar dövlətlər bizim işimizə müdaxilə etməsinlər.

Ermənistan təklifi rədd edir. Erməni cəmiyyəti Azərbaycanın bu təklifini siyasi hiylə sayır. Erməni siyasətşünasları Azərbaycanın bu təklifinin astarını öz cəmiyyətlərinə belə açırlar ki, “Minsk Qrupu “Dağlıq Qarabağın razılaşdırılmış statusunu tapmaq” məqsədilə yaradılmışdı. Biz əgər Azərbaycanla birlikdə onun ləğvi təklifini  versək, deməli, etiraf edirik ki, ortalıqda belə bir məqsəd yoxdur. Yəni Dağlıq Qarabağın statusu məsələsi yox oldu. Biz bunu etiraf etsək, bundan sonra erməni xalqı bu Yer kürəsində niyə yaşayır?

Erməni cəmiyyətində bir neçə nəfər var ki, ehtiyatla soruşur: yaxşı, Minsk Qrupu qaldı, həmsədrlər bizim Azərbaycanla münasibətlərimizə müdaxilə etdi, sonra nə? Sonuncu dəfə həmsədrlər yığışıb Bakıya gələndə Prezident İlham Əliyev onlara demişdi ki, “biz sizi dəvət etməmişik. Lakin gəlmişsinizsə, biz qonağa hörmət edirik, xoş gəlmişsiniz. Amma bizim sizinlə danışacağımız mövzu qalmayıb. Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapıb”.
Onlar da suları süzülə-süzülə Bakını tərk etmişdilər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

O vaxtdan bəri vəziyyət daha da qəlizləşib. O vaxt Qarabağda hələ erməni var idi. Lakin 2023-cü ilin payızında onlar köçüb Ermənistana gəldilər. İndi biz nə üzlə Minsk Qrupuna deyək ki, “gəlin Dağlıq Qarabağın statusunu müəyyənləşdirməkdə bizə kömək edin”?

Erməni cəmiyyətinin islahedilməz nikbin hissəsi deyir ki, “gün hələ batmayıb. Biz erməniləri Qarabağa, Qarabağı Ermənistana qaytaracağıq!”.

Bu zaman erməni cəmiyyətinin özünə hörmət edən realist hissəsi dönüb ictimai meydanı tərk edir, çünki anlayır: belələri ilə danışmağın xeyri yoxdur. Əminəm ki, onlar ürəklərində belələri ilə danışmağı Azərbaycan ordusuna tapşırırlar.

İndi sizə kimdən deyim, kimdən deyim, sizə həmsədrlərdən deyim. Tək “Qarabağda erməni yoxdur” dərd yarıdır, “Minsk Qrupunda həmsədr yoxdur”!

Yadınıza gəlirsə, bu Qrupda bir-birilə ümumi dil tapmış üç mehriban həmsədr var idi: Rusiya, Fransa və ABŞ diplomatları. İndi iki qərbli həmsədr deyir ki, :”iti görüm, pişiyi görüm, Rusiyanı görməyim”. Üstəgəl buğda yeyib cənnətdən cıxmış cənab polyak diplomatı Kasprşik. Hansının ki, əlinin altında beş-altı cavan diplomat işləyib təcrübə toplayırdı. Bu cavan diplomatların işi iki-üç ayda bir dəfə gah erməni tərəfindən Azərbaycan tərəfə, gah da Azərbaycan tərəfdən erməni tərəfə durbinlə baxmaq idi. Bu baxmaqların nəticəsində cənab Kasprşik Minsk Qrupunun həmsədrlərinə yazılı hesabat hazırlayırdı. Hər bu hesabatda eyni sözlər yazılırdı:

“Ciddi axtarış və sorğuların nəticəsində atəşkəs rejiminin kim tərəfindən pozulması müəyyən edilə bilməmişdi”.

Cavan diplomatlar iki-üç il işləyib, daha maraqlı işə keçirdilər. Yalnız cənab Kasprşik sanki dalana dirənibmiş kimi eyni işdə və vəzifədə qalıb canını Cənubi Qafqazda sülhün qorunmasına həsr etmişdi.

Qaldı sıravi və dəyişən həmsədrlərə, onların arasında səmimi insanlar da olmuşdu. Hərçənd ki, belə bir deyim var: “Dil diplomata ürəyindəki fikri gizlətmək üçün verilib”.

ABŞ-dan olan bir həmsədr rahat və qayğısız bu həmsədr həyatından elə razı olmuşdu ki, sayıqlığını itirib bir dəfə açıq etiraf etmişdi:

“Ömrümdə bu qədər asudə gəzib beşulduz hotellərdə gecələmək, dünyanın ən ləziz xörəklərini yemək və bu qədər asan işlə məşğul olmaq qisməti mənə nəsib olmamışdı”.

Dərindən baxsaq, kələfin ipləri də olmasa, sapları bağlanır Ermənistan və Azərbaycan iqtidarına və müxalifətinə, hər bir erməninin və azərbaycanlının özəl xarabasına…

Allah onun canını sağ eləsin! Bu həmsədr işindən daha rahat və sərfəli işləri ona qismət eləsin!
Müxtəsər, indi bu Minsk Qrupunun işi düşüb düyünə. Onlar rəsmən hələ də vardırlar, yəni maaşlarını alırlar. Lakin onlar gerçəklikdə yoxdurlar, zira İlham Əliyev onları dəxi qəbul etmir, Ceyhun müəllim Bayramova da tapşırıb ki, “onlara üz vermə”. Ceyhun müəllim soruşub ki: “Heç?” İlham müəllim deyib ki: “Heç!”.

İş belə bitdi. Bizim tərəfdə. Erməni tərəfində Nikol Paşinyan onları qəbul etməyə hazırdır. Lakin bu Minsk Qrupunun işi tanqo rəqsinə bənzəyir. Yəni iki tərəf əl-ələ verib rəqs etməlidir.

Bakı rəqsdən imtina edir. Yerevan rəqs etməyə razıdır. Bu, nətəhər olur? Tək Yerevan tərəfi diplomatik rəqs meydançasında əlini guya Azərbaycanın belinə qoyub guya çalınan müsiqi sədaları altında guya rəqs edir? Ə bə bu rəftara dünya gülməzmi? Ermənistan Minsk Qrupu ilə tək rəqs etsə, olan-qalan hörmətini bilmərrə itirər.

Lakin Minsk Qrupunu təşkil etmiş ATƏT-i də anlamaq lazımdır. Onun aparatı, işçiləri, işçilərinin məvacibi var. ATƏT binasının işıq, su, qaz pulunu ödəmək lazımdır. ATƏT deputatları yığışıb heç kəsin etina etmədiyi qətnamələr qəbul edirlər. İndiyəcən ATƏT bir dənə münaqişəni dinc yolla həll etməyib. Daha doğrusu, heç bir münaqişəni həll edə bilməyib. Bircə dənə münaqişə həllini tapıb, o da Qarabağ münaqişəsidir ki, onun da həlli hərbi yolla həyata keçib.

Camaat deməzmi ki, belə ATƏT nəyə lazımdır? Soruşsalar, nə demək olar? Milyon qaçqını, hər iki tərəfdə saysız qəbristanlıqları göstərməklə iş bitərmi?

Bilmirəm. Mətləb tək Minsk Qrupunun və ATƏT-in mətləbi deyil. Mətləb əsl həngamədir, kələfdir, bir ucu gedib çıxır BMT-yə, o biri ucü çıxır Pekinə, Moskvaya, Parisə, Londona, Vaşinqtona.

Dərindən baxsaq, kələfin ipləri də olmasa, sapları bağlanır Ermənistan və Azərbaycan iqtidarına və müxalifətinə, hər bir erməninin və azərbaycanlının özəl xarabasına…

Ana səhifəMənim Fikrimcə“Minsk qrupu” yaylağı