close

Zəngəzur yolu ilə iki xamnəli

Zəngəzur yolu. Foto: Azərtac

Zərdüşt Əlizadə

İranın əslən Azərbaycanın Xamnə qəsəbəsindən olan dini rəhbərinin fikri hamıya çatdımı?

İranın yeni seçilmiş Prezidentinin təntənəli andiçmə mərasiminə təşrif buyurmuş Ermənistanın Baş naziri Nikol Paşinyanı İranın fəqih valisi Ayətullah Seyid Əli Xamneyi qəbul etdi və mehriban söhbətləşdi. Söhbətin müəyyən hissəsini çəkdilər və dünyaya göstərdilər. Azərbaycan tamaşaçısı bu söhbətdən bir cümlə tutdu: Xamneyi Paşinyana dedi ki, “Zəngəzur yolu Ermənistana ziyandır”.

Azərbaycan mediası Azərbaycan diplomatiyasının fikrini təkrarlayaraq neçə ildir deyir və yazır ki, “Zəngəzur yolu həm Ermənistana, həm Azərbaycana xeyirdir”.
Səhih olanı hansıdır: Zəngəzur yolu Ermənistana xeyirdir, ya ziyandır?

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bizim tərəf deyir ki, yol açılsa, bir neçə məqsəd əldə ediləcək:

1.Ermənistan 9-10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək.

2.Barış prosesi bir addım irəli gedəcək və tərəflərin qarşılıqlı etimadı yüksələcək.

3.Dəmir yolu və şosse tikilən kimi Azərbaycanın qərb rayonlarından Naxçıvana gediş-gəliş başlayacaq. Həmin andaca Azərbaycanın Ermənistanla bütün nəqliyyat yolları açılacaq, Ermənistan şərqə və oradan da cənuba və şimala rahat dəmir və şosse yolları əldə edəcək.

4.İşləyən yollar iki sabiq münaqişə tərəfini qarşılıqlı asılılıq vəziyyətinə gətirəcək və hər hansı ədavətin bərpa ehtimalını azaldacaq.

5.İşləyən yol hər iki tərəfin maddi gəlirlərini artıracaq.

Bu, üzdə olan və hamının gördüyü xeyirdir. Görəsən möhtərəm fəqih vali Zəngəzur yolunda hansı ziyanı görüb?

Təbii ki, İran üçün üzdə olan ziyan ABŞ-nin Zəngəzur yoluna böyük marağıdır. Blinkenin müavini hər münasibətlə deyir ki, Zəngəzur yolu açılmalıdır və Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalamalıdır. Aya, ABŞ həqiqətənmi sülh göyərçininə çevrilib və iki qonşu xalqın rifahını düşünür? Doğrudanmı 30 il anlamadığı həqiqəti lapdan dərk edib və həqiqi sülhpərvərə çevrilib?

Təbii ki, yox, ABŞ, əlhəmdu-li-llah, həmin ABŞ-dir və hər məsələdə öz marağını güdür. Maraq isə ondan ibarətdir ki, Zəngəzur yolu tikilib açılandan sonra Ermənistan vasitəsilə ABŞ həmin bu Zəngəzur yolunu və beləliklə, bütün Orta yol dəhlizini, onun iş rejimini idarə edəcək. Loru dillə desək, istəsə, açacaq, istəsə, bağlayacaq. Zəngəzur yoluna nəzarətin tərcüməsi odur ki, ABŞ bu Zəngəzur vasitəsilə həmin bu yol boyu yerləşən və ondan istifadə edən bütün dövlətlərin, içi Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və üstəgəl bütün Aİ dövlətləri – çox vacib iqtisadi mexanizmi üzərində nəzarəti əlinə alacaq. Bu mətləbdə əlavə daha bir dilxoşluq var: ABŞ  rəqibi İran dövlətini növbəti dəfə mühüm beynəlxalq layihədən təcrid edə biləcək.

Seyid Əli Xamneyi Paşinyana “ziyandır” deyəndə bunu nəzərdə tuturdu. Lakin tək bunu yox. Prezident Ərdoğan və Prezident Əliyev 2023-cü ildə deyəndə ki, Ermənistan məsələnin həllini çox uzatsa, yol İrandan çəkilə bilər, İran dərhal buna hazır olduğunu bildirdi. Azərbaycan da dedi ki, “hazıram”. Hətta Araz çayı üzərindən körpü tikintisinin başlanma mərasimi göstərildi.
Arifə işarə də bəsdir. Amerika açıq tərzdə Azərbaycandan tələb etdi ki, “yolu nəbadə İrandan çəkməyin”. Azərbaycan da açıq tərzdə bildirdi ki, “bizimlə tələb dilində danışmağı məsləhət görmürük”. Bundan sonra ABŞ tərəfi Ermənistanda girişdi Zəngəzur yolunun təşviqinə.
Hansını ki, ali dini rəhbər yamanladı.

Təbii ki, İran üçün üzdə olan ziyan ABŞ-nin Zəngəzur yoluna böyük marağıdır. Blinkenin müavini hər münasibətlə deyir ki, Zəngəzur yolu açılmalıdır və Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalamalıdır. Aya, ABŞ həqiqətənmi sülh göyərçininə çevrilib və iki qonşu xalqın rifahını düşünür? Doğrudanmı 30 il anlamadığı həqiqəti lapdan dərk edib və həqiqi sülhpərvərə çevrilib?

İran dəmir yolunun Ermənistan ərazisindən çəkilməsinin qəti əleyhinədir, zira belə olan halda dəmir yoluna ABŞ nəzarət edə biləcək. İran dəmir yolunun öz ərazisindən çəkilməsinin tərəfdarıdır, zira bu zaman xeyri özü götürəcək, təcrid rejimindən çıxacaq, bədə-bəddə özü bu dəmir yolunun bir hissəsinə nəzarət edə biləcək. Ayətullah Seyid Əli Xamneyi məhz bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyana çatdırdı.

Anladı, anlamadı, bilmirəm, zaman göstərəcək.

İranın əslən Azərbaycanın Xamnə qəsəbəsindən olan dini rəhbərinin fikri hamıya çatdımı? Çatmadısa, sizə digər bir xamnəlinin söhbətini çatdırım.

Rəhmətlik atam 1911-ci ildə Xamnədə kəndli ailəsində dünyaya gəlib. Öz uşaqlıq xatirələrini övladına danışıb, mənim xatirimdə qalan ən məzəli əhvalat budur: “Bağımızda bir şaftalı ağacı var idi. Onun meyvəsi çox dadlı idi, lakin çox az bəhər gətirərdi, ildə cəmi beş-altı şaftalı. Mənim beş yaşım olardı, səbirsizliklə gözləyirdim ki, şaftalılar yetişsin, onlardan mənə də çatsın. Bəli, vaxt gəlib çatdı, ağacın bəhəri yetişdi, yığıldı bir boşqaba, qoyuldu süfrənin ortasına. Düz beş şaftalı idi. Bu vaxt bizə bibim qonaq gəldi. Hamı sevindi. Oturduq süfrə ətrafına, xalçanın üzərində. Bibim şaftalını gördü, əlini uzadıb birini götürdü. Yedi, çox xoşuna gəldi. Əlini uzadıb birini də götürdü, onu da yedi. Şaftalı çox dadlı olduğu üçün dayana bilmədi, birini də götürüb yedi. Dördüncü şaftalını götürüb onu da yedi. Bu zaman şaftalıya həsrətlə baxan mən anladım ki, bibim dayana bilməyib sonuncu şaftalını da yeyəcək, başladım ağlamağa. Bibim soruşdu ki, “”Sənə qurban, niyə ağlayırsan”? Ağlaya-ağlaya dedim ki, “Bibi, daha şaftalı yemə, qarnın ağrıyar”.

Müxtəsər, bu xamnəlilər ki var, indi də, yüz il bundan əvvəl də eyni cür zəkalı idilər.

Ana səhifəMənim FikrimcəZəngəzur yolu ilə iki xamnəli