close

Misirin fələstinlilər üçün sığınacaq yaratdığı bildirilir

İsrail-Misir sərhədi. Foto: Barbarajo/shutterstock

BMT rəsmisi: “Qəzzadakı insanların təhlükəsiz yerə evakuasiya oluna biləcəyini düşünmək “illüziya”dır”

Misir Qəzza sərhədində fələstinlilərə sığınacaq üçün istifadə edə biləcəkləri ərazilər qurur.

Bu barədə ayrı-ayrı 4 mənbə “Reuters”ə məlumat verib.

Bildiriblər ki, Misir Qəzza sərhədində İsrailin Rəfaha hücuma keçəcəyi təqdirdə fələstinliləri yerləşdirə biləcək ərazilər hazırlayır.

Belə bir hazırlıq gördüyünü inkar edən Misir daha öncə dəfələrlə İsrailin Qəzzaya dağıdıcı hücumu olarsa, fələstinliləri Sinaya köçürə biləcəyi ehtimalı ilə bağlı həyəcan təbili çalıb.

Qahirə belə bir hücumu tamamilə qəbuledilməz sayır.

ABŞ da dəfələrlə fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxacağını bildirib.

Mənbələrdən biri Misirin atəşkəsə nail olmaq üçün nikbin danışıq apardığını, bu ssenarinin qarşısını ala biləcəyini, lakin müvəqqəti və ehtiyat tədbiri kimi sərhəddə ərazinin yaradıldığını söyləyib.

Üç təhlükəsizlik mənbəsi Misirin fələstinlilərə sığınacaq vermək üçün istifadə oluna biləcək bəzi əsas imkanları olan bir səhra sahəsi hazırlamağa başladığını bildirib və bunun fövqəladə bir addım olduğunu vurğulayıb.

BMT-nin yardım üzrə rəhbəri Martin Griffiths bildirib ki, Qəzzadakı insanların təhlükəsiz yerə evakuasiya oluna biləcəyini düşünmək “illüziya”dır. O, İsrailin Rəfahda hərbi əməliyyata başlayacağı təqdirdə fələstinlilərin Misirə keçmə ehtimalı barədə xəbərdarlıq edib.

O, bu ssenarini “bir növ Misir kabusu” adlandırıb.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, hazırda Rəfahda təxminən 1,5 milyon fələstinli var.

Ana səhifəDünyaMisirin fələstinlilər üçün sığınacaq yaratdığı bildirilir