close

MSK-nın büdcəsi artırıldı: “Bələdiyyə seçkisi və referendum gözlənilir”

Azərbaycanda seçkilər, Foto: By AlexLMX/Shutterstock

Ekspert büdcənin artırılmasını seçkilərlə əlaqələndirir

2024-cü ilin dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına seçki üçün ötənilkindən 2 dəfə artıq pul ayrılıb.

Bu barədə 2024-cü ilin “Dövlət büdcəsi haqqında” Qanun layihəsində qeyd olunub.

Göstərilir ki, gələn il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub.

Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çoxdur.

Həmçinin 2024-cü ildə seçkilərə sonuncu parlament seçkilərinin keçirildiyi 2020-ci illə müqayisədə (57.7 milyon manat) 1.9 dəfə, sonuncu bələdiyyə seçkilərinin keçirildiyi 2019-cu illə müqayisədə (51.3 milyon manat) 2.2 dəfə, sonuncu prezident seçkisinin keçirildiyi 2018-ci illə müqayisədə isə (67.6 milyon manat) 1.6 dəfə çox vəsait ayrılıb.

ЦИК Азербайджана
Foto: Meydan TV

Nəzərə alanda ki gələn il bələdiyyə seçkiləri keçirilməlidir, o zaman ikinci hansı seçki ola bilər?

Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı Meydan TV-yə deyib ki, bu il Azərbaycanda referendum da gözlənilir:

Daha doğrusu, II Qarabağ savaşı bitəndən sonra hökumət dairələrindən dövriyyəyə belə bir informasiya buraxıldı ki, artıq ərazi bütövlüyü bərpa olunduğundan referendum keçirilməlidir. Konkret olaraq, yerli idarəetmənin səlahiyyətlərinin artırılması və digər məsələlər qabardılırdı”.

Onun sözlərinə görə, mövcud reallıq Naxçıvanın statusunu da gündəmə gətirib:

“Naxçıvanda rəhbərlik dəyişildi və prezidentin xüsusi nümayəndəsi təyin olunması bu şərtləri daha da qüvvətləndirdi. Referendum söhbəti bu mənada qüvvədə qaldı. Həm də bu il 2020-ci illə müqayisədə seçkilərə daha çox vəsait ayrılmışdı: 46 milyon. Yəni referendum  gözlənilirdi. Çox güman ki, son hərbi əməliyyatlar bunu ləngitdi. Amma ilin sonuna 2 ay qaldığından qəti fikir söyləmək də olmur”.

“Əgər bu il referendum keçirilməsə, çox güman ki, gələn il keçirilə bilər. Bilirsiniz, referendum məsələsi təsadüfən dövriyyəyə buraxılmayıb, deməli, hökumətin də marağı var. Azərbaycanda 125 seçki dairəsi var, 1995-ci ildə Konstitusiya qəbul olunanda 7 milyon əhali vardı, indi 10 milyonu keçib. Qarabağ üzərində suverenlik bərpa ediləndən sonra seçici sayının və bələdiyyələrin artırılması labüddür. Bütün bunlar dairələrin sayının artırılmasını reallaşdırır”, – deyə o qeyd edib.

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

B.Süleymanlı büdcənin artırılmasını referendum və bələdiyyə seçkiləri ilə əlaqələndirib.

O, uzun illər Azərbaycanda bələdiyyə seçkilərinin 118 dairəni əhatə etdiyini vurğulayaraq əlavə edib ki, ərazilər işğalda olduğundan 7 dairədə seçkilər keçirilmirdi:

Ona görə də həmin 7 dairədə əhalinin məskunlaşmasına start verildiyindən orada da seçkilərin keçirilməsi plana salınıb və bu da xərclərin artırılmasına gətirib çıxarıb. Nəzərə alın ki, azad olunan bölgələrdə infrastruktur yenidən qurulacaq”.

2024-cü ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri həmişəkilərdən fərqli olacaq. Çünki bu dəfə azad olunan Qarabağda da seçkilərin baş tutması gözlənilir.

Həmçinin Prezident Administrasiyasının açıqladığı reinteqrasiya planına görə, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək.

Mövcud qanunvericiliyə hər hansı dəyişiklik edilməsinə gəlincə, Bəşir Slüeymanlı deyir ki, vətəndaşlığı olmayan şəxslər bütün seçkilərdə səsverməyə qatıla bilərlər:

“Ancaq əcnəbilər yalnız bələdiyyə seçkilərində səsvermədə iştirak edə bilərlər, bir şərtlə ki ərazidə 5 il yaşasın. Sadaladıqlarım qanunvericilikdə təsbit olunub. Nəzərə alın ki, Qarabağdakı ermənlərin statusu ilə bağlı hələ ki hökumətin açıqlaması yoxdur. Yəni onları əcnəbi, yoxsa vətəndaşlığı olmayan şəxs kimi qəbul edib seçkidə iştiraka təşviq edəcək, bu aydın deyil. Əgər referendumda yerli özünüidarəetmənin gücləndirilməsi məsələləri öz əksini tapsa, bu barədə müzakirə açıla bilər”.

2023-cü ilin iyulunda REAL Partiyasının Siyasi Komitəsinin üzvü, Erkin Qədirli yaxın bir ilyarım müddətdə (2023-2025) Azərbaycanda dörd seçki dönəminin olacağını bildirmişdi.

Deputat 2023-cü ilin payızında referendum, gələn ilin noyabrında Milli Məclisə seçkilər, dekabrda bələdiyyə, 2025-ci ilin aprelində isə prezident seçkilərinin keçiriləcəyini qeyd etmişdi.

Azərbaycanda sonuncu dəfə referendum 2016-cı ilin 26 sentyabrında Konstitusiyaya dəyişiklik etmək məqsədi ilə referendum keçirilib.

Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb.

Eyni zamanda, prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal (35 yaş) yaş həddi aradan qaldırılıb.

Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

Ana səhifəSiyasətMSK-nın büdcəsi artırıldı: “Bələdiyyə seçkisi və referendum gözlənilir”