Konsul deyir ki, buna səbəb müğənninin müharibə ilə bağlı fikirlərinin böyük rezonans doğurmasıdır.
Ukraynanın Xalq artisti, müğənni Ani Lorakın (Karolina Kuek) Antalyadakı otellərdən birində keçirilməsi nəzərdə tutulan konserti ləğv olunub.
Ukraynanın Antalyadakı konsulu Oleksandr Voronin “Facebook” səhifəsində bu haqda yazıb.
Konsul bildirib ki, Ukraynanın Ankaradakı səfirliyi və Antalyadakı Konsulluğu, həmçinin Ukrayna cəmiyyətinin birgə cəhdləri nəticəsində konsertin keçirilməsinə mane olublar:
“Ani Lorakın Rusiyanın Ukraynaya qarşı müharibəsində mövqeyini və bu konsertin doğuracağı böyük rezonansı nəzərə alaraq, tədbir ləğv edilib. Bu qərarı “Kilit Hospitality Group” holdinqinin idarə heyəti qəbul edib. “Kosmos” konsert zalının yerləşdiyi “Nirvana” otellər şəbəkəsi bu holdinqə məxsusdur”.
Oleksandr Voronin qeyd edib ki, konsertin bilet satışı dayandırılıb. Biletləri əldə edənlərə isə pulları geri qaytarılacaq.
Konsul əlavə edib ki, “Kilit Hospatality Group” holdinqinin sahibləri Ukraynadakı vəziyyəti başa düşür və Rusiyanın hərbi müdaxiləsindən sonra bu ölkəyə dəstək verirlər:
“2022-ci ilin mart-aprel aylarında “Müharibəsiz uşaqlıq” layihəsi çərçivəsində Dnepropetrovsk vilayətində iki yüzdən çox kimsəsiz uşaqlar təxliyə olunaraq “Kilit Hospatality Group” holdinqə məxsus otellər şəbəkəsindən birində yerləşdirilib və üç aya yaxın orada pulsuz qidalandırılıblar”.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayandan sonra müharibəni pisləyənlərdən biri də Ani Lorak olub.
Müğənni digər sənətçilər kimi “İnstagram”ında müharibəni dayandırmağa çağırış edib.
Müharibənin irəliləyən aylarında susqunluğuna görə Ukrayna və Rusiya mətbuatında müğənni qınanmağa başlanıb.
Bundan sonra Lorak açıq məktubla müraciət edib.
Bildirib ki, onun adı müxtəlif siyasi və media manipulyasiyaları üçün kinli şəkildə istifadə olunur:
“Mənim vətəndaş mövqeyim dəyişməz olaraq qalacaq. Ukraynanı sevirəm və vətənə sevgini uşaqlıqdan mənimsəmişəm. Heç kimin mənə vətənimi necə sevdiyimi və dəstəklədiyimi diktə etməyə haqqı yoxdur. Mən hamıdan mənimlə razılaşmağı tələb etmirəm, amma sizdən mənim fikrimə hörmət etməyinizi xahiş edirəm. Çünki demokratiya başqalarının fikrinə hörmət etməkdir”.
“Nə “DNR”, nə “LNR”, (DNR, LNR, Zaporojye və Xerson vilayətləri) nə “Sağ Sektor” Milli Azadlıq Hərəkatının (Ukrayna), nə də “Azadlıq”ın (partiya, Ukrayna) mənim adıma toxunmağa mənəvi haqqı yoxdur. Onların mənimlə heç bir əlaqəsi yoxdur”, – müğənni məktubunda qeyd edib.
Baş verənlərlə əlaqədar bir müddət yaradıcılığına ara verən müğənni 2023-cü ildə fəaliyyətini təzədən bərpa etdiyini elan edib.
Rusiyada qastrollar planlaşdıran müğənninin Ukrayna Silahlı Qüvvələrini dəstəkləməsi iddiası ilə konsertləri ləğv olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il oktyabrın 20-də Ukraynada doğulan, lakin Rusiyada peşəkar fəaliyyət göstərən şəxslərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edib.
3600-dən çox fiziki və hüquqi şəxs adı daxil edilən siyahıda Ani Lorak da olub.
Nəticədə Lorak Kiyevdə 400 kvadratmetrlik 1,5 milyon dollar (2,5 milyon manatdan çox) dəyərində evini itirib.
Ani Lorak Ukraynanın qərbində doğulub.
Musiqi karyerasına da orada başlayıb.
“Eurovision 2008” Beynəlxalq Musiqi Müsabiqəsinin ikincisi olandan sonra ona Ukraynanın Xalq artisti adı verilib.
Müğənni karyerasını daha sonra Rusiyada davam etdirib.
Hazırda Ani Lorak həm Ukrayna, həm də Rusiyada arzuolunmaz şəxs elan edilib.