close

Müsavat bəyanat yayıb: “Seçki komissiyaları iqtidarın nəzarəti altındadır”

Foto: arxiv

Partiya hakimiyyəti sərbəst toplaşma və ifadə azadlığını təmin etməyə çağırıb

Dekabrın 13-də Müsavat Partiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə əlaqədar bəyanat yayıb.

Müsavat Partiyası 1993-cü ildən Azərbaycanda keçirilən ümummilli seçkilərin və referendumların heç birində demokratik seçkilərin əsas şərtlərinə əməl edilmədiyini bildirib.

Bəyanatda qeyd olunub ki, bir qayda olaraq seçkilərin azad və ədalətliliyini təmin edən seçkiqabağı demokratik şərait mövcud olmayıb və seçki qanunvericiliyi demokratik standartlara cavab verməyib, seçki komissiyaları iqtidarın nəzarəti altında olub:

“Seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, səsvermə və səslərin sayılması prosesi kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayiət olunub. Bütün bunlar azmış kimi, son illərdə siyasi hakimiyyət öz “qələbəsini” asanlaşdırmaq  məqsədilə növbədənkənar seçkilər praktikasından istifadə edir”.

“Ölkə başçısı İlham Əliyev, bunun səbəbləri barədə cəmiyyətə hər hansı izahat vermədən, 2024-cü il fevralın ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”, – deyə bəyanatda vurğulanıb.

Bəyanatda xatırlanır ki, seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir.

Partiya hakimiyyətdən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunmasını tələb edib:

Azərbaycan hakimiyyətindən bu şərtlərə əməl etməyi, seçkilərin bərabərhüquqlu siyasi rəqabət şəraitində keçməsini əngəlləyən bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirik”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar baş tutub.

Dekabrın 13-də hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə bildirib ki, partiyanın namizədi İlham Əliyev olacaq.

İlham Əliyev 20 ildir ki, prezidentdir.

Ana səhifəSiyasətMüsavat bəyanat yayıb: “Seçki komissiyaları iqtidarın nəzarəti altındadır”