close

Qarabağ Universiteti nəzdində peşə məktəbi açılacaq

Source: arxiv

Nazir deyib ki, azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi nəzərdə tutulur

Xankəndidə yaradılan Qarabağ Universitetinin nəzdində peşə təhsili müəssisəsi açılacaq.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı məlumat verib.

“Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır”, – nazir deyib.

Bildirib ki, azad olunan ərazilərdə səkkiz peşə təhsil müəssisəsinin yenidən qurulması nəzərdə tutulur.

“Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib”, – nazir söyləyib.

Elm və təhsil nazirinin müavini İdris İsayev isə jurnalistlərə açıqlamasında deyib ki, yenidən Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə iki ali təhsil müəssisəsinin faəliyyəti nəzərdə tutulub.

“İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq iki ali təhsil müəssisəsindən biri yerli, digəri xarici nüfuzlu ali təhsil müəssisəsinin filialı olacaq”, – nazir müavini deyib.

O bildirib ki, hələ bu ali təhsil müəssisələri yaradılmayıb, lakin dövlət proqramında müddət nəzərdə tutulub.

2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev Qarabağda universitet yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Xankəndidə Elm və Təhsil Nazirliyinin nəzdində Qarabağ Universiteti yaradılacaq.

Prezident Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq etməyi tapşırıb.

Həmçinin ali təhsil müəssisəsinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görülməsinə – universitetin Xankəndidə torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edilməsinə göstəriş verib.

Ana səhifəBölgəQarabağ Universiteti nəzdində peşə məktəbi açılacaq