close

Natiq Cəfərli: “İstənilən halda insanları seçkilərə çağıracağıq”

Foto: Meydan TV

REAL hələ namizədini müəyyənləşdirməyib

REAL Partiyası gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədini hələ müəyyənləşdirməyib.

Partiyanın Siyasi Komitəsi dekabrın 16-da toplansa da, vahid mövqeyə gələ bilməyiblər.

Bu barədə Meydan TV-yə REAL Partiyasının funksioneri Natiq Cəfərli danışıb.

Onun sözlərinə görə, son iclasda seçkidə iştirakın formalarına münasibətdə səslər bölünüb:

“Amma belə qərara gəldik ki, parlament seçkilərinə hazırlıq kimi müşahidəçilik institutu genişləndirilsin. Ən gec 8-10 aydan sonra parlament seçkiləri keçiriləcək, ona görə də müşahidəçiliklə bağlı qərar qəbul olundu”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Natiq Cəfərli deyib ki, partiyanın öz namizədi, yaxud hansısa formada iştirakla bağlı yekun qərarı bu günlərdə veriləcək:

“İstənilən halda insanları seçkilərə çağıracağıq. İnsanlar məntəqələrə gəlib səslərinə sahib çıxsınlar”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev və Fuad Əliyev namizədliklərini irəli sürüblər.

AXCPMüsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətNatiq Cəfərli: “İstənilən halda insanları seçkilərə çağıracağıq”