close

Natiq Qasımova Milli Qəhrəman adı verildi

Natiq Qasımov. Foto: Enriko Sarsininin arxivindən

Bununla bağlı İlham Əliyev sərəncam imzalayıb

I Qarabağ müharibəsində itkin düşən Natiq Qasımova  “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bu barədə iyunun 25-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunda anadan olub.

Ailəsi 1975-ci ildə Mingəçevirə köçdüyündən o səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb.

Natiq Qasımov Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edib.

Hərbi xidməti bitirdikdən sonra 1991-ci ildə Azərbaycan ordusunda könüllü olaraq cəbhəyə gedib.

 O, Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində Ermənistan ordusuna qarşı döyüşmüşdü.

Natiq Qasımovun 1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alındığı deyilir.

Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən çəkilmiş “Oğul” sənədli filmində italyan müharibə fotoqrafı Enriko Sarsini erməni zabitləri tərəfindən dindirilən zaman Natiq Qasımovun şəklini çəkir.

Ekran işində separatçı Vitali Balasanyanın onu dindirdiyi qeyd olunur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var:

“Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, Ermənistan hökuməti indiyədək Natiq Qasımovun sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir”.

Ana səhifəXəbərlərNatiq Qasımova Milli Qəhrəman adı verildi