close

Təcridxanada Anar Məmmədlinin səhhəti pisləşib, nəfəs çatışmazlığı yaşayır

Anar Məmmədli. Foto: Bəşir Süleymanlı

Bakı İstintaq Təcridxanasının rəhbərliyi hüquq müdafiəçisinin ortopedik döşəkdə yatmasına icazə verməyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri, iki aydır həbsdə olan Anar Məmmədlinin sağlıq durumunun pisləşdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən yaxınları deyir ki, hüquq müdafiəçisi nəfəs çatışmazlığı və kəskin ağrılardan əziyyət çəkir.

Yaxınlarının sözlərinə görə, Anar Məmmədlinin səhhətində həbsindən əvvəl də problemlər vardı. O, bronxit xəstəliyindən əziyyət çəkirdi, bu üzdən mütəmadi inhalyasiya olunurdu. Həbsdə isə bu proseduru keçməməsi, üstəlik, havasız kamera şəraitində saxlanması onda nəfəs çatışmazlığı, boğulma yaradır.

Bundan başqa, Anar Məmmədlidə fəqərələrarası yırtıq aşkarlandığına görə həkim ona ortopedik döşəkdə yatmağı tövsiyə edib. Yaxınları deyir ki, Anar Məmmədli üçün onun saxlandığı Bakı İstintaq Təcridxanasına ortopedik döşək aparsalar da, təcridxana rəhbərliyi icazə verməyib.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb. Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Son 7 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Ana səhifəSiyasətTəcridxanada Anar Məmmədlinin səhhəti pisləşib, nəfəs çatışmazlığı yaşayır