close

Neftin qiyməti bahalaşdı: ABŞ OPEC-in qərarını “sürpriz” adlandırdı

ABŞ və OPEC. Foto: Vitalii Vodolazskyi/shutterstock

Bahalaşmaya səbəb hasilatın azaldılması ilə bağlı qərardır

Dünya bazarlarında uzun zamandan sonra neft qiymətləri qalxmağa başlayıb.

ICE London Birjasında “Brent” markalı neftin iyun fyuçersləri martın 7-dən bəri ilk dəfə bir barel üçün 85 dolları ötüb.

Brent markalı neft 6,43 faiz bahalaşaraq 85,03 ABŞ dollarına satılıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı neftin mayl fyuçerslərinin qiyməti 7,15 faiz artaraq bir barel üçün 81,08 ABŞ dolları təşkil edib.

Səbəb Səudiyyə Ərəbistanı və digər OPEC+ neft istehsalçılarının aprelin 2-də verdiyi qərardır.

Qərar neft hasilatının azaldılması ilə bağlıdır.

Beynəlxalq analitiklər hesab edir ki, bu, neft qiymətlərinin dərhal artmasına səbəb olacaq.

OPEC ölkələrinin bu hərəkəti ABŞ tərəfindən məqsədəuyğun sayılmayıb və “sürpriz” adlandırılıb.

Həmin qərarla neft hasilatı təxminən 1,16 milyon barel azaldılıb.

“Reuters” yazır ki, bu qərar OPEC+-nın ümumi ixtisar həcmini 3,66 milyon barelə çatdırır. Bu, qlobal tələbatın 3,7 faizinə bərabərdir.

Neft qiymətləri martda son 15 ayın ən aşağı göstəricisi olan 70 dollara enmişdi.

Vüqar Bayramov
Mənbə: Meydan TV

Azərbaycanlı deputat, iqtisadçı Vüqar Bayramov da deyir ki, neftin qiymətinin qalxması OPEC ölkələrinin hasilatın azaldılması qərarı ilə bağlıdır.

Onun sözlərinə görə, gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min barel, Rusiyada 500 min barel İraqda 211 min barel, Küveytdə 128 min barel, Qazaxıstanda 78 min barel, Omanda 40 min barel, Əlcəzairdə 48 min barel azaldılması planlaşdırılır:

Bununla OPEC və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Bu da artıq bazarda öz təsirlərini göstərir”.

Azərbaycana gəlincə, iqtisadçı bildirir ki, neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir.
Çünki valyuta daxilolmalarının 80.0 faizi neft və neft məhsullarının payına düşür:

Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur”.

Vüqar Bayramov əlavə edir ki, son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşir.

Ana səhifəDünyaNeftin qiyməti bahalaşdı: ABŞ OPEC-in qərarını “sürpriz” adlandırdı