close

Netanyahu məhkəmə sistemi ilə bağlı layihəni təxirə salıb

Binyamin Netanyahu. Foto: Roman Yanushevsky/shutterstock

O, layihə ilə bağlı etirazçılarla dialoqa gedəcəyini deyib

İsrailin Baş naziri Binyamin Netanyahu martın 27-si gecə saatlarında açıqlama verərək ədliyyə sisteminin dəyişdirilməsinə dair planını təxirə saldığını açıqlayıb.

O, bu addımını “xalqın parçalanmasına yol verməmək” üçün atdığını söyləyib.

Baş nazir İsrailin tarixində ən böyük xalq etirazlarına səbəb olan ədliyyə sistemi ilə bağlı planın müzakirə edilməsi üçün dialoqa gedəcəyini bildirib.

Netanyahunun qərarı ziddiyyətli qanunun qəbul edilməsinin bir neçə həftəlik yubadılması deməkdir.

“Yəhudi gücü” Partiyası bildirib ki, Baş nazir “mülki milli qvardiyanın” yaradılmasını təklif edib.

Belə bir addımın ifrat sağçı siyasətçi İtamar Ben Qvirin komandanlığı altında silahlı dəstənin yaradılması planı kimi narahatlıq doğurduğu qeyd edilir.

İsraildə yarım milyondan çox insanın qatıldığı etiraz aksiyaları keçirilir.

Foto: Reuters

Bunun ölkə tarixinin ən böyük etiraz aksiyası olduğu bildirilir.

Səbəb Baş nazir Benyamin Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatları layihəsidir.

Layihədə qeyd edilir ki, Parlament Ali Məhkəmənin hakimlərinin seçimini müəyyən edə biləcək.

Eyni zamanda, məhkəmə hökumətin qərarlarını ləğv etmək imkanını itirəcək.

Etiraz edənlər düşünür ki, belə islahatın həyata keçirilməsi məhkəmə müstəqilliyinin itirilməsi deməkdir və onlar bunu istəmirlər.

Baş nazir isə hesab edir ki, etirazçıların yeganə məqsədi onu hakimiyyətdən kənarlaşdırmaqdır.

Ana səhifəDünyaNetanyahu məhkəmə sistemi ilə bağlı layihəni təxirə salıb