close

Paşinyan Cənubi Qafqazda sabitliyin risk altında olduğunu deyir

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

Baş nazir atəşkəsin pozulması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

ABŞ-da Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşü əsnasında Qarabağda insan itkisi ilə nəticələnən atəşkəsin pozulması qonşu ölkədə reaksiya doğurub.

Tanınmamış Dağlıq Qarabağ “parlamenti” Vaşinqtonda Azərbaycanla danışıqlar aparan Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinə müraciət qəbul edib.

Müraciətdə deyilir ki, Azərbaycanla başlanmış danışıqlar təmas xəttində tam atəşkəs bərqərar olana qədər dayandırılmalıdır.

Təmas xəttində atəşkəsin pozulmasına Ermənistanın Baş naziri Nikol Paşinyan da reaksiya verib.

O, baş verənlərlə bağlı beynəlxalq birliyi Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunması üçün konkret addımlar atmağa çağırıb.

Baş nazir bu barədə “Twitter” səhifəsində yazıb.

Laçın dəhlizinin qanunsuz olaraq bağlandığı bir vaxtda bu gecə Azərbaycanın PUA hücumu nəticəsində dörd nəfər həlak olub. Cənubi Qafqazda vəziyyətin stabilsizləşməsi üçün böyük risk mövcuddur”, – Paşinyan qeyd edib.

Əks halda danışıqların davam etdirilməsi Azərbaycan tərəfinin aqressiv davranışının beynəlxalq səviyyədə təqdiri kimi qiymətləndiriləcək”, – bunu isə Ermənistan parlamentinin sədri Artur Tovmasyan deyib.

O, Qarabağdakı Rusiya sülhməramlılarını Azərbaycan tərəfinin aqressiv hərəkətlərinin qarşısını daha sərt şəkildə almağa çağırıb.

İyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-ın Arlinqton şəhərində görüşüblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb.

ABŞ Dövlət katibi Entoni Blinken isə hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.

Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır”, – Blinken “Twitter” səhifəsində qeyd edib.

Bunun ardınca elə həmin gün saat 20:05-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələrinin Ağdamın Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə iyunun 28-də 4 hərbçisinin ölümü barədə məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Ordusu erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.

Nəticədə Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan ölüb.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar iyunun 29-dək davam edəcək.

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəXəbərlərPaşinyan Cənubi Qafqazda sabitliyin risk altında olduğunu deyir