close

Rusiya Kramatorska iki “İsgəndər” atıb: “10 ölü, 61 yaralı var”

Gizli çəkilişi Rusiya kəşfiyyatına göndərən şəxsin saxlanıldığı bildirilir

Ukraynanın Kramatorsk şəhərindəki “Ria Pizza” restoranına raket zərbəsinin endirilməsində şübhəli bilinən şəxsin saxlanıldığı deyilir.

Bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk məlumat verib. Xidmət rəhbərinin sözlərinə görə, saxlanan şəxs iyunun 27-də restoranda avtomobil dayanacağında gizli çəkiliş apararaq, videonu Rusiya hərbi kəşfiyyatına göndərib.

İstintaq zamanı saxlanılan şəxsin Kramatorsk sakini, yerli qaz nəqli şirkətinin əməkdaşı olduğu müəyyən edilib.

İyunun 27-də axşam Ukraynanın Kramatorsk şəhərinə iki raket atıldığı bildirilir.

Ukrayna Baş prokurorunun sözlərinə görə, Rusiya hərbçiləri Kramatorsk şəhərinə 2 “İsgəndər” raketi atıblar.

Onlardan biri şəhərin mərkəzindəki “Ria Pizza” restoranına düşüb. Həmin vaxt restoranda onlarla insanın olduğu bildirilir.

Donetsk vilayəti administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, on səkkiz mərtəbəli bina, 65 fərdi yaşayış evi, 5 məktəb, iki uşaq bağçası, ticarət mərkəzi, otel və digər binalar da zərər görüb.

Raket hücumu nəticəsində azı on nəfərin həlak olduğu, 61 nəfərin xəsarət aldığı deyilir.

Qurbanlar arasında biri səkkiz aylıq körpə olmaqla yanaşı, üç uşağın həyatını itirdiyi bildirilir.

Raket hücumu nəticəsində restoranda olan üç nəfər Kolumbiya vətəndaşının da xəsarət aldığı bildirilir.

Bunlar siyasətçi Serxio Haramilyo, kolumbiyalı yazıçı, esseist, jurnalist və redaktor Hektor Abad və jurnalist Katalina Qomesdir.

İkinci raket Kramatorsk ətrafındakı Belenkoye kəndində fərdi evə düşüb, nəticədə beş yerli sakin yaralanıb.

Prezident Volodimir Zelenski: “Bu hücumlar Rusiyanın məğlubiyyətə və tribunala layiq olduğunu göstərir”, – deyib.

2022-ci ilin aprelində Kramatorskda dəmiryolu vağzalına Rusiyanın atdığı raket zərbəsindən 63 nəfər həlak olub.

2023-cü il fevralında Donetsk polisi Rusiya qoşunlarının Ukraynanın Kramatorsk şəhərini “İsgəndər-K” raketi ilə vurması barədə məlumat yayıb.

Məlumatlara görə, zərbə nəticəsində səkkiz yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.

Hücumda üç mülki şəxsin həlak olduğu, iyirmi nəfərin yaralandığı bildirilib.

Rəsmi Moskva Ukraynada mülki əhalini hədəfə almadığını deyib.

BMT 2022-ci ilin fevralından bu yana Ukraynadakı müharibədə 9 mindən çox dinc sakinin öldüyünü təsdiqləyib.

Ana səhifəDünyaRusiya Kramatorska iki “İsgəndər” atıb: “10 ölü, 61 yaralı var”