close

Çevriliş və… Pul

Foto: Meydan TV

Rusiyada baş tutmayan çevriliş cəhdi barədə

Zərdüşt Əlizadə

Dünya mediasının diqqət mərkəzində Rusiyada uğursuzluqla nəticələnmiş çevriliş cəhdi durur. Minlərlə insan bu cəhdi bildiyi kimi yozur. Sizim həqir bəndəniz də, ola bilsin məzə xatirinə, bu yozumlara öz abbasısını əlavə etmək istəyir.

Zira mən ömrümdə çox çevriliş, çevriliş cəhdi və çevriliş tamaşası görmüşəm. Hətta, İsa Qəmbərə inansaq (babalı onun boynuna), hətta çevriliş də etmişəm. Şəxsən! Gülmək istəyən gülə bilər.

Mən Misirdə,Yəməndə, SSRİ-də və Azərbaycanda müxtəlif çeşiddə çevriliş və çevriliş tamaşaları görmüşəm. Müxtəsər, özümü “çevrilişşünas” sayıram. Ola bilsin, yanılıram.

İndi əsla dəbdə olmayan marksist nəzəriyyəsinin tərəfdarı kimi deyə bilərəm ki, çevrilişlərə baxışım məni heç vaxt aldatmayıb. İndi heç kəsin bilmədiyi və oxumadığı Leninin sərrast bir ifadəsi var (necə xatirimdə qalıbsa, o cür də yazıram): “Cəmiyyətdəki müxtəlif ictimai, siyasi, dini və mədəni təzahürlərin arxasında yalnız axmaqlar iqtisadi maraqları görmürlər”. İqtisadi maraqlar istilahını hamının gözəl anladığı “pul” sözü ilə əvəz etsək, oxucuya da, Allaha da xoş gedər.

Rusiyadakı son çevriliş mətləbi müzakirəyə çıxarılanda Putin hamının gözü önündə televiziyada yana-yana dedi:

“Priqojinə mən hər il 80 milyard rubl qazanmağa imkan yaratmışdım, üstəlik “Vaqner” qoşununu saxlamaq üçün ona 80 milyard rubl əlavə verirdim. Xainin gözündən gəlsin!”

Qəziyyədən hali adamlar Putinin sözlərinə qüvvət verib mətləbi xırdaladılar: Priqojinin restoranlar və media şəbəkəsindən əlavə rus ordusunu və Moskva məktəblərini ərzaqla təmin etmək müqavilələri var idi. Təsəvvürünüzə gətirirsiniz? Bir milyon beş yüz min insanı gündə üç dəfə yedizdirmək üçün büdcədən nə qədər pul ayrılır! Moskvanın azı bir milyon məktəblisinə gündə bir dəfə yemək vermək üçün nə qədər pul ayrılır!

Bütün bu pullar Putinin əmri ilə onun yaxın dostu Jenyaya, Yevgeniy Priqojinə verilirdi.

Priqojin də Putinə sadiq idi, onun bütün tapşırıqlarını canla-başla yerinə yetirirdi. Mərkəzi Afrika dövlətlərində Fransanı sıxışdırıb qızıl, almaz və uran yataqlarını ələ keçirmək? Baş üstə! Bu ölkələrin vətənpərvər qəbilə başçılarına lazımi hörmət göstərilirdi və bu qəbilələr Priqojinin onlara verdiyi Kalaşnikov avtomatlarından istifadə edərək “Vətən! Millət!” bağırtıları ilə növbəti rüşvətxor prezidenti devirirdi, hakimiyyəti ələ alan kimi Putinə yaxın RF şirkətləri ilə yataqların istismarı barədə “əsrin kontraktı”nı imzalayırdı.

Suriyada Bəşar əl-Əsədin hakimiyyətini möhkəmləndirmək? Baş üstə! Demokratiyanı dollar şəklində sevən yerli üsyançılarla rabitə yaradılır, oraya bir neçə min peşəkar rus müzdlusu göndərilir və…əl-Əsəd hakimiyyəti süqutdan qurtulurdu.

Liviyada Rusiyaya mail siyasi qüvvəni xilas etmək lazımdır? Baş, baş, baş… Alınmadı. Ərdoğan Liviyada başqa siyasi qüvvəni müdafiə edirmiş, odur ki, türklər“Vaqner”in bir hissəsini məhv edir, 300 nəfərini mühasirəyə alır və Ərdoğan dostu Putinə zəng edib deyir ki, “gədələrini yığışdırmasan, məhv edəcəyəm”.

Putin də gədələrini dinməz-söyləməz yığışdırır.

İtaət etməyən və şücaətlə döyüşən, rus ordusunu basan Ukraynaya təzyiqi gücləndirmək lazımdır? Baş üstə! Putin əmr verir, Rusiya qazamatlarının qapıları açılır Priqojinin üzünə, Jenya bu qazamatlarda ən qatı caniləri səfərbər edir, silahlandırır və bu cani ordusunu yönəldir Ukrayna xalqına qarşı.

Həngamə bundan sonra başlayır. Priqojin sursat tələb edir, Şoyqu və Gerasimov sursatı simicliklə verir. Əndazədən çıxmış Priqojin dişinin dibindən çıxanı RF-nin müdafiə nazirinə və Baş Qərargah rəisinə yağdırır. Putin hələlik susur və dostu Priqojinin çılğınlığına dözür. Dözür, dözür, sonra isə digər dostu Şoyqunun hazırladığı fərmana imza atır.

Bu fərmana görə bütün qanunsuz hərbi qurumlar RF-nin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb rus ordusunun tərkibinə qatılmalıdır. Yəni Şoyqunun əlinin altına keçməlidir.

Priqojin tabe olmaq istəmir. Həmin andaca ordunun və Moskva məktəblərinin ərzaq təminatı müqavilələri ləğv edilir. Milyardlar əldən çıxır!

Priqojin buna dözəmmir və qiyam qaldırır.

“Canımsan, ey pul”! Bunu kim yazmışdı? Sabir? Əhsən sənə, Mirzə Ələkbər, sən Priqojini haradan tanıyırdın?

Misirdə iqtisadiyyatı inhisara götürmüş ərəb generalları görəndə ki, xalqın iradəsi ilə prezident seçilmiş Mühamməd Mursi xalqın malını xalqa qaytarmaq istəyir, çevriliş edib demokratik prezidenti həbs etdilər, sonra isə çərlədib öldürdülər.

SSRİ-də hakim nomenklatura maralları ümumxalq mülkiyyətini qamarlamaq məqsədilə o boyda dövləti min bir fəndlə dağıtdılar.

Azərbaycanda hakim mafiyaya qənim kəsilmiş Vəzirovun başını Qarabağ qılıncı ilə kəsdilər.

Milli barış və koalision hökumət təklif edən bədbəxt Mütəllibovu Xocalı faciəsindən sui-istifadə edib devirdilər. Dövlət katibi Pənah Hüseyn universitetdə bu çevrilişin səbəbini müəllimlərə açıq izah etdi:

“Gördük ki, özəlləşmə gəlir, gördük ki, partiya nomenklaturası hər şeyi ələ keçirəcək, düşündük ki, bəs biz əbəs yerə gecələri asfalt üstündə keçirmişik? Getdik Mütəllibovun üstünə, qorxaq hər şeyi bizə verib qaçdı”.

AXC komandası neft müqaviləsini imzalamağa hazırlaşırdı. Hakim komandanın üzvləri artıq gələcək gəlirlərin özəlləşdirilməsi üsulları üzərində düşünməyə başlamışdılar. Buna dözmək mümkün deyildi. Ulu öndər Naxçıvandan Nemət Pənahova zəng edib tapşırıq verirdi: “Nə oturmusan? Get Gəncəyə, tələsdir Surəti”.

Müstəqil Azərbaycanda sovetdən xeyli sərvət qalmışdı. Əlvan metalları çox adam xaricə satmaq istəyirdi. Rövşən Cavadov da, Rəsul Quliyev də. “Olmadılar razı onu bölməyə, İş çatdı ölüb-öldürməyə”. Daha bir çevriliş cəhdinin arxasında əlvan metalların satışı və “Vosmoy bazarı”na nəzarət dururdu. Çevriliş cəhdi yatırılandan sonra “Vosmoy bazarı” keçdi MTN-in nəzarətinə.

Surətin heç bir hərbi hissəsi qalmamışdı. Hərbi hissəni erməni qoşunu qırmışdı. Onun tabeliyində Gəncə hərbi polisi qalmışdı, 8 nəfər, üçünün avtomatını almışdılar ki, təzəsini verəcəyik. Surət guya ki, baş nazir idi, onu üzük qaşı kimi əhatəyə almışdılar. Dünyadan bixəbər baş naziri şərləyib çıxdaş etdilər. Niyə? Azərbaycanda bütün çevrilişlərin beşiyinin başında Baş nazirlər durub. Vəzirovun devrilməsində Mütəllibov, Mütəllibovun devrilməsində Həsənov, Elçibəyin devrilməsində Hüseynov, ta Surətə qədər.

Ondan sonra təcrübəli Heydər Əliyev bu məqama elə adamları təyin edirdi ki, onların ağıllarına hakimiyyət deyil, yalnız canlarını qorumaq gəlirdi.

İndi də Rusiyadakı bu çevriliş şəbədəsində ortada olan əsas səbəb puldur. Camaatı dolayırlar, müxtəlif nağıllar danışıb başlarını qatırlar.

Üskük oynadanlara uymayın. Dünya tarixində ən mahir çevriliş ustası Vladimir İliç Leninin dediyinə inanın, hər bir çevrilişin və ya çevriliş cəhdinin arxasında gizlənən pul mətləbini arayın.

Ana səhifəSiyasətÇevriliş və… Pul